Müsavatda yeni qalmaqal: Vurğun Əyyubun namizədliyi ləğv olundu
Bizi izləyin

Nida.az

Müsavatda yeni qalmaqal: Vurğun Əyyubun namizədliyi ləğv olundu

Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) keçmiş Məclis üzvü, ADR sədrinin müavini Vurğun Əyyubun deputatlığa namizədliyini ləğv edib.

Publika.az xəbər verir ki, MNTK Suraxanı rayon təşkilatının Şura üzvü Fəzli Mehdiyev və digər iki şəxsin şikayəti əsasında belə qərar çıxarıb.


Qeyd edək ki, V. Əyyubun namizədliyi Suraxanı rayon təşkilatının martın 27-də keçirilən Şura iclasında irəli sürülmüşdü.

Rayon təşkilatının sədri Rövşən Dəmirli Publika.az-a açıqlamasında MNTK-nın qəbul etdiyi qərarın partiya rəhbərliyinin sifarişindən qaynaqlandığını bildirib: “Özləri sərbəst qərar vermək iqtidarında deyillər. Gətirdikləri arqument çox gülüncdür, guya 3 nəfər şikayət edib ki, onları keçirilən Şuraya dəvət etməmişik. Əslində bu, ağ yalandır. Onlara zəng olunub, lakin telefonu götürməyiblər. Eyni zamanda, “Facebook”-da elan verilib. Onlar Şuranın verəcəyi qərarı əvvəlcədən bildikləri üçün bu oyuna əl atıblar. Guya 3 nəfərin hüququnu qorumaq üçün bu qərarı verdiyini bildirən MNTK nə üçün iclasda iştirak edən 12 nəfərin hüququnu pozur?”

“Məclisin qərarlarının ləğvini tələb edirəm”


R. Dəmirli Məclisin çıxardığı qərarların ləğv olunmasını tələb edib:


“Bu qərardan sonra partiyada pis bir tendensiya yaranacaq. Kim cığallıq etmək istəsə, hansı tədbirə onu çağırmasalar, qərarı ləğv etməklə bağlı tələb irəli sürəcək. Məsələn, mən Məclis üzvü olsam da, aprelin 4-də keçirilən iclasa dəvət olunmamışam. Mən də həmin iclasın nəticələrinin ləğv olunmasını tələb edirəm”, - Dəmirli əlavə edib.



“Qərara əməl etməlidir, vəssalam”


MNTK sədri Sevinc Hüseynova isə Publika.az-a açıqlamasında Suraxanı rayon təşkilatının sədri və üzvlərinin iddialarına cavab vermək istəmədiyini bildirib.


“MNTK qərar verib, rayon təşkilatı da yenidən Şura çağırmalıdır. Rövşən Dəmirli də MNTK-nın qərarına əməl etməlidir, vəssalam”, - qurumun sədri vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm