• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qırmızı donlu Kim...

  • Nida.az
  • 13 Aprel 2015 21:10
  • 3 531 Baxış
Qırmızı donlu Kim...

Ermənilərin məşum və məşhur “soyqırım” uydurması bu il 24 aprel ərəfəsi “ilk” mükafatını aldı. Dəstək çox mötəbər yerdən gəldi. Xristian dünyasının dini lideri – Roma Papası “erməni soyqırım”ını “20-ci əsrin ilk soyqırımı” adlandırdı.

Siyasətin nə qədər çirkablı bir iş, iyrənc oyun olması barədə çox deyilib, çox yazılıb. Amma bunu bir dini liderin, bir ruhaninin ifasında və simasında görəndə... insanlar, cəmiyyətlər çox sarsılır. Necə deyərlər, sözün bitdiyi yer...

Din siyasətə qarışanda həmişə belə olur...

Bunu hansısa dayaz qafalı bir erməni keşişi əlbəttə, deyə bilər. Necə ki, illərdir bar-bar bağırırlar, erməni lobbisinin dəstəyilə dünyanı inandırmağa çalışırlar ki, “əzabkeş erməni xalqı” soyqırıma məruz qalıb. Bəs xristian dünyasının lideri bunu necə dilə gətirdi? 20-ci əsrin ilk soyqırımı “erməni soyqırımı”dırsa, o birilər hansıdır? Bəs ermənilərin özlərinin törətdiyi qətliamları, soyqırımları kimin ayağına yazaq? Bəs Xocalı faciəsi, ermənilərin Xocalıda törətdiyi dəhşət və vəhşət hansı əsrin neçənci soyqırımıdır???

Əslində deyilənlərə əhəmiyyət verməmək də olar. Erməni lobbisinin hər il “soyqırım məsrəflərinə” milyardlar xərclədiyini hamımız yaxşı bilirik. Kim Kardaşyan – erməni əsilli porno-ulduz, şou xəbər həvəskarlarına yaxşı məlumdur ki, dəvət olunduğu tədbirlərə 500.000 dollar qonorar tələb edir. Məsələn, Vyanada balda iştirak etmək üçün bu qədər pul istəmişdi.

Heç şübhə etməyin ki, o, İrəvana da təxminən o qədər qonorar müqabilində gəlib. Onun qırmızı geyimdə “soyqırım qurbanları abidəsi”ni ziyarət etməsi, bir porno-ulduzun “soyqırım” təbliğatına qoşulması çox gülməlidir, qeyri-ciddidir, şoudur. Həm də acıdır...

Pul – bütün dünyada ədalətsizliklərə, haqsızlıqlara nədən olur, onları tirajlayır. Daşlaşmış mədəniyyətləri sarsıdır, insanların tapındığı dəyərləri dağıdır, həqiqətlərin üzərinə kölgə salır. Qəlbləri qırır...

Və nə qədər ki, erməni lobbisi güclüdür, vahiddir, əllərində sərmayə var, “erməni soyqırımı” məsələsi böyük dövlətlər üçün türk dünyasına qarşı təzyiq vasitəsi olacaq, bir çubuq, qırmanc rolunu oynayacaq...

Türkiyə ermənilərə qarşı heç bir soyqırım həyata keçirməyib. Suçu olsaydı, əminliklə “gəlin, sizli-bizli tarixçilərimizi toplayaq, arxivləri açaq, tarixçilər özləri aydınlaşdırsın ki, bu ölkədə soyqırım baş verib, yoxsa yox” deməzdi.

Əlbəttə, tarixi tarixçilər araşdırmalıdır. Burada siyasətçilərin görə biləcəyi bir iş yoxdur.

Ümumiyyətlə, öncə “soyqırım” ifadəsinin anlamına diqqət edək. Soyqırım nə deməkdir? Soyqırımla qətliamın fərqi nədir? Soyqırım – bir millətin yer üzündən silinməsinə yönələn anti-humanizm aktıdır. Qətliam – kütləvi qətldir, çoxsaylı insanların qətlə yetirilməsidir.

Erməni siyasətçiləri özləri üçün müəyyənləşdiriblərmi ki, Osmanlılar 1915-ci ildə bunlardan hansını törədib “zavallı” erməni xalqına qarşı? Osmanlı dövlətində ermənilərə qarşı soyqırım həyata keçirilibmi?..

Rusiya Birinci Dünya Savaşında Osmanlıya hücum edəndə bu ölkənin erməni vətəndaşları rus ordusuna qoşularaq Osmanlıya qarşı müharibədə iştirak edib. Rusiya məğlub olandan sonra Osmanlı İmperiyası ermənilərin Şərqi Anadoludan ölkənin cənubuna köçürmək qərarı verib. Vəssalam. “Soyqırım” deyə anladılan olayların motivi budur. Ermənilərin üzərinə nə ordu yeridilib, nə silah işlədilib. Ölkəyə xəyanət edən insanlar toplusu bir ərazidən digərinə köçürülüb.

Tarixi faktlar, sənədlər bunu təsdiq edir. “Erməniləri müdafiə edənlər bunu bilmirlərmi”, deyə sual verə bilərik. Amma... Soruşmağa gərək varmı?

Avropada hər zaman “soyqırım” və “qətliam” sözlərinin məna tutumuna ciddi diqqət yetirilir: “massacre”, yoxsa “genocide” kəlmələrinin harada işlədilməsinə xüsusi həssaslıq göstərilir. Amma mövzu “erməni soyqırımı” olanda, nə sirdirsə, məna fərqi aradan götürülür.

Bizim bildiyimiz qədər, beynəlxalq hüquq indiyədək 2 soyqırım olayını tanıyıb: Holokost və Ruanda soyqırımlarını. Alman faşistlərinin yəhudi xalqına qarşı həyata keçirdiyi misli görünməmiş vəhşət... və hutu ekstremistləri tərəfindən 1994-cü ildə Ruandada törədilən soyqırım hadisəsi.

Soyqırım nəticəsində hutular təxminən 100 gün ərzində 800 min nəfərə yaxın tutsini məhv ediblər. Ermənilərin soyqırım adına “qibtə” edə biləcəyi dəhşətli faciələrdir...

Və bir də özlərinin müəllifi olduqları Xocalı soyqırımı. Ermənistan silahlı qüvvələri tərəfindən Qarabağda bir şəhərin dinc əhalisinin şəhər qarışıq yer üzündən silinməsi. Etnik təmizlənmə. Misilsiz vəhşilik. ABŞ-ın 16 ştatının, ümumilikdə 8 dövlətin rəsmən tanıdığı soyqırım...

Nəinki ən yeni, hətta köhnə tarixi faktlar da ermənilərin əleyhinədir. Ötən əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qubada, Naxçıvanda, Zəngəzurda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə əməliyyatları. Təkcə Quba məzarlığını ziyarət etmək kifayətdir ki, ermənilərin günahsız insanları necə kütləvi şəkildə məhv etdiklərinin şahidi olasan...

Amma nə yazıq ki, tarixi və hüquqi gerçəkliklər məhz erməni məsələsində unudulur. Ona görə israrla deyirəm ki, boş vermək lazımdı. Hər il aprel ayında belə məzhəkələr qurulacaq...

Ədalətsizliklərin baş alıb getdiyi dünyada Azərbaycanın – elə Türkiyənin də – yeganə çıxış yolu budur: yalnız və yalnız GÜCLÜ olmaq!

Xatırlayırsınız yəqin, Azərbaycan Prezidenti İlham Əliyev də Novruz bayramındakı çıxışında problemlərin həllini, Qarabağın azadlığını məhz belə ifadə etmişdi: Azərbaycan GÜCLÜ olmalıdır!!! Ki ona diqtə olunmasın, o, diqtə etsin...

Biz sadəcə, bu hədəfə doğru irəliləməliyik!!!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR