Azərbaycan Ordusunda gecə təlimləri zamanı tətbiq edilən yeniliklər
Bizi izləyin

Nida.az

Azərbaycan Ordusunda gecə təlimləri zamanı tətbiq edilən yeniliklər

Azərbaycan Silahlı Qüvvələrinin aprelin 5-dən 10-dək davam etmiş son irimiqyaslı gecə təlimlərində bir sıra yeniliklər tətbiq olunub. Əslində Silahlı Qüvvələrimizin keçirdiyi bu ilk gecə təlimində hərbi hissələr gecə şəraitində müdafiə, hücum və təxliyə əməliyyatlarını imitasiya etdilər. Təlim özünün bir sıra yenilikləri ilə də diqqəti çəkdi.

Publika.az Azeridefence.com-a istinadən Silahlı Qüvvələrimizin gecə təlimində tətbiq edilən yenilikləri təqdim edir.

İctimaiyyət nümayəndələri təlimdə

Azərbaycan Silahlı Qüvvələrinin indiyədək keçirilmiş çoxsaylı təlimlərini ən yaxşı halda müvafiq güc strukturlarının nümayəndələri və bir neçə halda deputatlar izləyib. İctimaiyyət nümayəndələrinin hərbi hissələrə planlanmış səfərləri isə əslində “hərbi hissəyə turist səfərindən” o tərəfə keçməyib.

Budəfəki təlimi poliqonda Müdafiə Nazirliyinin rəhbərliyi ilə yanaşı, ətraf rayonların ictimaiyyətini təmsil edən vətəndaşlar, veteranlar və yerli icra hakimiyyətlərinin nümayəndələri də yaxından izləyib. Poliqonda ordumuzun arsenalı ilə tanış olan ictimaiyyət nümayəndələri şəxsi heyətlə və müdafiə naziri ilə görüşüb, orduda aparılan yenidənqurma və gedən inkişaf prosesi barədə məlumat alıblar.

Bununla yanaşı, son bir ildə Silahlı Qüvvələrdə müqavilə əsasında işə qəbul olunmuş vətəndaşlar da hərbçilərlə bir yerdə təlimdə yaxından iştirak ediblər. Bu təcrübənin müsbət effektini nəzərə alaraq, Müdafiə Nazirliyi digər bölgələrdə keçiriləcək təlimlərə də gələcəkdə həmin əraziyə yaxın rayonların ictimaiyyətini cəlb etməyi düşünür.

Psixoloji Bərpa Məntəqəsi

Təlimdəki başlıca yeniliklərdən biri və birincisi, Müdafiə Nazirliyinin tətbiqinə başladığı səyyar Psixoloji Yardım və Bərpa Məntəqəsidir. İlk dəfə bir neçə ay əvvəl keçirilmiş təlimdə tətbiq edilən bu yenilik gecə təlimində də daha fərqli formatda yer alıb. Hətta Psixoloji Bərpa Məntəqəsinin insan psixikasına sakitləşdirici təsir göstərən akvariumla, habelə zooguşə ilə təmin olunduğunu görmək mümkündür. Hazırda təlimlərdə tətbiq edilən bu məntəqələrin gələcəkdə döyüş əməliyyatları zamanı təşkili nəzərdə tutulur.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlının sözlərinə görə, səyyar Psixoloji Yardım və Bərpa Məntəqəsində çalışan hərbi psixoloqlar və psixoterapevtlər xüsusi proqram üzərə hazırlıq keçiblər. Döyüş təlimləri zamanı psixoloji travma almış şəxsi heyət məntəqələrə qəbul edilir, onlara yardım göstərildikdən sonra yenidən döyüşə qaytarılır. V.Dərgahlının sözlərinə görə, Psixoloji Yardım və Bərpa Məntəqəsi döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı yüksək əsəb gərginliyinə məruz qalan hərbi qulluqçulara psixoloji yardımın göstərilməsi, onların əsəb gərginliyi vəziyyətindən çıxarılması və döyüş qabiliyyətinin bərpası məqsədilə yaradılır. Məntəqənin vəzifələrinə psixoloji yardıma ehtiyacı olan şəxslərin və yardımın həcminin müəyyənləşdirilməsi, ağır döyüş psixi pozuntu əlamətləri olan, özünə və ətrafdakılara qarşı təhlükə yaradan hərbi qulluqçuların aşkarlanması və dərhal təcrid edilməsi, hərbi qulluqçuların psixoloji müşayiəti, döyüş əməliyyatı iştirakçılarına, döyüş növbəsi çəkən, həyat üçün təhlükəli vəzifələri yerinə yetirən hərbi qulluqçulara psixoloji yardımın göstərilməsi və reablitasiya tədbirlərinin həyata keçirilməsi daxildir. Mərkəz, həmçinin hərbi qulluqçular arasında intihar hallarının psixoproflaktikası üzrə tədbirlər həyata keçirir.

İdeoloji Məntəqə və təşviqat mərmiləri

Hərbi əməliyyatlara cəlb olunan şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, düşmənin durumunun analiz edilib müvafiq psixoloji hücumların tətbiq edilməsi müasir müharibələrin əsas elementlərindən sayılır. Artıq son bir neçə ildə Azərbaycan Silahlı Qüvvələrində də bu istiqamətdə müəyyən işlərin aparılması müşahidə olunur. Sırf bu işlərlə məşğul olan mərkəzlər yaradılıb.

Gecə təlimində diqqət çəkən maraqlı yeniliklərdən biri də təlim mərkəzində yaradılmış İdeoloji Məntəqə və Səyyar Mətbəə olub. Bu təlimdə əməliyyat bölgəsində qısa müddətdə təbliğat-təşviqat materialları hazırlayan səyyar mətbəənin işi nümayiş olunub. Həmçinin ilk dəfə olaraqdüşmən ərazilərinə təbliğat-təşviqat materiallarının atılması üçün nəzərdə tutulan 122 mm çaplı xüsusi top mərmiləri təqdim olunub. Qeyd edək ki, bu mərmilər ona yüklənmiş xüsusi təşviqat vərəqlərini – məsələn, erməni dilində ermənilərə ünvanlanmış vərəqələri düşmənin nəzarətindəki yaşayış məntəqələrinə, düşmən ordusunun mövqelərinə atılması üçündür. Atılan mərmi hədəf ərazi üzərində partlayır və təşviqat vərəqləri əraziyə səpələnir.

Səyyar İdeoloji Məntəqə barədə məlumat verən polkovnik V.Dərgahlının sözlərinə görə, məntəqə döyüşə hazırlıq və döyüş əməliyyatları zamanı şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini yüksəltmək üçün tədbirlərin görülməsi, düşmən və öz bölmələrimizin mənəvi-psixoloji vəziyyətini təhlil etmək, şəxsi heyətə dünyada və regionda baş verən hadisələri çatdırmaq, onların asudə vaxtını təmin etmək üçün nəzərdə tutulur. Bu məntəqələr təşviqat guşələri, video və audio vasitələr, kütləvi informasiya vasitələri ilə təchiz olunur. Təlim və döyüş əməliyyatları zamanı şəxsi heyətin asudə vaxtının təşkili də bu Səyyar İdeoloji məntəqələrə həvalə olunur.

Gecə uçuşları və gecə kəşfiyyatı

Dünyanın aparıcı müdafiə firmalarının istehsalı olan infraqıırmızı və termal görmə sistemlərinin geniş istifadə edildiyi təlimin ən maraqlı və diqqət çəkən məqamı isə döyüş aviasiyası, pilotsuz uçuş aparatları və tibbi aviasiyanın gecə əməliyyatlarında tətbiqi olub.

Məlumat üçün bildirək ki, keçmiş sovet istehsalı olan aviasiya vasitələrinin əksəriyyətinin gecə uçuşlarını yerinə yetirmək imkanı məhduddur. Lakin Azərbaycan Silahlı Qüvvələrinin istifadəsində yer alan aviasiya vasitələri aparılan modernləşmə nəticəsində gecə əməliyyatlarına tam uyğunlaşdırılıb. Təlimə Azərbaycanın bir neçə il əvvəl Rusiyadan aldığı Mi-35M zərbə helikopterləri və modernləşdirildikdən sonra Mi-24G (“Gecə”) indeksi almış zərbə helikopterləri də cəlb olunub. Gecə əməliyyatları üçün Rusiya aviasiya sənayesi tərəfindən hazırlanmış ilk helikopter olan Mi-35M hazırda Azərbaycan daxil olmaqla, 7 ölkənin silahlanmasında yer alır. Helikopter gecə şərtlərində uçuş, enmə, döyüş və kəşfiyyat aparmaq üçün zəruri olan bütün elektro-optik sistemlərlə təchiz olunub. Öz manevr qabiliyyətinə və silah yükünə görə, sələfi Mi-24 helikopterlərindən üstün olan Mi-35M düşmənin zirehli texnikasının əsl ovçusudur. Bu helikopter üzərində daşıdığı idarə olunan tank əleyhinə raketlərlə 6-8 km məsafədən düşmənin tanklarını, zirehli texnikasını, istehkamlarını məhv edə bilir. Təlimə cəlb olunmuş aviasiya ilə bağlı maraqlı yeniliklərdən biri də Azərbaycanda istehsal edilən “Orbiter-2M” mini pilotsuz uçuş aparatından gecə vaxtı kəşfiyyat və döyüş meydanının izlənilməsi olub.

Qeyd edək ki, sözügedən təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin 15 min nəfərədək şəxsi heyəti, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm