• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Razi Nurullayev yeni hərəkat yaratdı

  • Nida.az
  • 14 Aprel 2015 12:12
  • 341 Baxış
Razi Nurullayev yeni hərəkat yaratdı

AXCP sədrinin sabiq müavini, partiyadan istefa verən Razi Nurullayev yeni hərəkat yaratdığını elan edib.

Publika.az xəbər verir ki, R. Nurullayev yaratdığı təşkilatı “Yeni Demokratiya” Hərəkatı adlandırıb.


Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində, eləcə də bütün dünyada klassik siyasət get-gedə nüfuzunu itirməkdədir: “Hazırda klassik siyasət demokratiyanın imitasiyasına çevrilib və özünü doğrultmur. Klassik siyasətə baxışda dünyada baş verən tənəzzül Azərbaycanda daha dərin izlər buraxıb. Xalqla siyasətçilər arasında dərin uçurum yaranıb. İnsanların böyük bir qisminin siyasətə marağı ölüb. Bir çoxları isə onu haqlı olaraq fərdi siyasətçilərin maraqlarına xidmət edən bir institut kimi görməyə başlayıb. Siyasi qüvvələr günbəgün sosial bazasını itirir, xalqın dəstəyindən məhrum olur. Bu səbəbdən siyasətə yeni yanaşmanın ortaya qoyulmasına və xalqın inamının bərpa edilməsinə ehtiyac var. Xalq və seçici özünü kənardan seyrçi yox, taleyini müəyyən edən proseslərin iştirakçısı kimi görməlidir. Cəmiyyətin yeni demokratiyaya ehtiyacı var. İmitasiya olunmayan, demokratik ənənələrin formalaşdığı siyasi qüvvə xalq tərəfindən dəstəklənəcək və cəmiyyətdə öz yerini tutacaq. Azərbaycanda müasir və sivil, azad cəmiyyətin formalaşması üçün “Yeni Demokratiya” Hərəkatını yaratdığımızı bəyan edirik. “Yeni Demokratiya” Hərəkatı üçün Azərbaycanın müstəqilliyi və ərazi bütünlüyü toxunulmaz, azad və demokratik cəmiyyətin qurulması missiyadır. Azərbaycanın gələcəyini Avropa ailəsinə tam inteqrasiyada görürük”.

R. Nurulayev hərəkatın müxalif mövqedə olacaqlarını bildirib.

““Yeni Demokratiya” Hərəkatı gənclərin və klassik siyasətin əsas düsturuna çevrilən “lider hər zaman haqlıdır” tezisini büt kimi qəbul etməyən, həmfikirlərin birgə qurduğu və azad, demokratik cəmiyyət uğrunda dönmədən mübarizə aparanların təşkilatı olacaq. Bəyan edirik ki, siyasi strategiyanı təkcə siyasətçilər formalaşdırmamalıdır. Siyasi strategiyanı siyasi qüvvənin arxasında duran xalq, onun üzvləri, tərəfdarları, sosial bazası müəyyən etməlidir. Siyasi təşkilatın və siyasətçinin üzərinə düşən vəzifə bu strategiyanın taktikaya çevrilməsi, xalqın iradəsinin hakimiyyətə daşınmasıdır. Yeni demokratiya - imitasiya olunmayan demokratiyadır. “Yeni Demokratiya” Hərəkatı açıq müzakirələr vasitəsilə xalqın iradəsinə söykənən qərarların verilməsi ilə müxalifətin yeni imicini formalaşdırmaq üçün də çalışacaq. Yeni demokratiya mövcud və klassik siyasətin inikası deyil, aynası olacaq”, - Nurullayev əlavə edib.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR