Oqtay Əsədov: “Ermənilər idman oyunlarında iştirak edəcəklər”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Ermənilər idman oyunlarında iştirak edəcəklər”

Milli Məclisin bu gün keçirilən iclasında I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı ölkə daxilindən və xaricdən birgə kütləvi qarayaxma kampaniyasının aparılması müzakirə olunub.

Publika.az-ın məlumatına görə, iclasda çıxış edən Yeni Azərbaycan Partiyasının(YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, son vaxtlar Azərbaycanda Avropa Oyunları ərəfəsində müəyyən daxili və xarici təşkilatlar ölkəyə qarşı qarayaxma, şər və böhtan kampaniyalarını sürətləndiriblər: “Belə təşkilatlardan biri bu günlərdə korrupsiya ilə mübarizə adı altında Azərbaycanla bağlı şər-böhtan hesabat hazırlayıb və yayıb. Bu cür təşkilatlar Azərbaycana qarşı hər zaman qara kampaniyalar aparıblar və bu gün də davam etdirirlər. Bu cür təşkilatlar eyni dairələrdən maliyyələşir və ermənilərin mövqelərini ifadə edir”.

S.Novruzov deyib ki, ölkə daxilində də bəzi qüvvələr hətta partiya rəhbəri olaraq ölkədə keçiriləcək Avropa Oyunlarını boykot edən çağırışlar edir və həmin xarici qüvvələrə dəstək verirlər: “Bunlar hamısı bir yerdən, erməni lobbi mərkəzlərindən maliyyələşirlər. Təklif edirəm ki, Milli Məclis bu məsələ ilə bağlı xüsusi müvafiq müzakirələr aparsın”.

Spiker Oqtay Əsədov isə YAP-çı deputata belə cavab verib: “Bunlara artıq qiymət verilib. Ermənilər bu idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə Oyunlara qarşı çıxır. Pis çıxmasın, bunlar ermənilərdən də Azərbaycana qarşı pisdilər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Bu, millət üçün artıq bəllidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm