Sabir Rüstəmxanlı: “Çörəyimiz dizimizin üstündədir”
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: “Çörəyimiz dizimizin üstündədir”

“Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Publika.az-ın məlumatına görə, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı qanun layihəsi barədə məlumat verib.

Vitse-spiker deyib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında "Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalanıb.

V.Ələsgərov vurğulayıb ki, qanun layihəsinə əsasən, bu saziş qəbul və təsdiq edilir, onun həyata keçirilməsinə icazə verilir: “Nazirlər Kabinetinin 2015-ci il 16 fevral tarixli 39 nömrəli qərarı ilə Sazişdə iştirak edən Podratçılara verilən Azərbaycan Hökumətinin təminatı və öhdəlikləri qəbul edilir və onların həyata keçirilməsinə icazə verilir. Sazişin əsas mətninə edilmiş əlavə və bir qoşma qəbul edilir və onların da həyata keçirilməsinə icazə verilir. Bu qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur”.

V.Ələsgərov bildirib ki, bu saziş Azərbaycanın yeni neft strategiyasının uğurlu davam etdirilməsinin göstəricisidir: “Azərbaycan istənilən beynəlxalq konvensiyaya qoşulduqda, istənilən mühüm sazişə imza atdıqda hər zaman öz milli maraqlarını qoruyur. Sözügedən sazişdə ətraf mühitin mühafizəsi də xüsusi diqqətdə saxlanılıb”.

Deputat Sabir Rüstəmxanlı isə bildirib ki, dənizdən neft çıxarmaq çətindir: “Məhz buna görə, xarici mütəxəssislərin köməyindən istifadə olunur. Ancaq biz sahilə yaxın hissələrdən özümüz neft çıxara bilərik. Sahilə yaxın yerlərdən axı niyə şərikinə neft çıxarırıq? Buna nə ehtiyac var? Bu müddətdə neft istehsalı ilə bağlı təcrübələrimiz artıra bilərdik. Əgər bu addım siyasi proseslərlə əlaqəlidirsə, o zaman bunu təhlil etmək lazımdır. Bilirsiniz, bizim çörəyimiz dizimizin üstündədir. Bizim xeyir verdiklərimiz sonradan gedib Ermənistanın yanında durur. Azərbaycan mədənlərinin ağzını açıb və sərvətlərini Avropa ölkələri ilə bölüşürük”.

Deputat bildirib ki, ölkənin təbii ehtiyyatları tükənməz deyil və bu hal diqqətdə saxlanılmalıdır: “Axı bu xalq 20 il yaşamayacaq. Xahiş edirəm, mənim bu narahatlığımı nəzərə alasınız”.

Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm