Nida.az
Mehriban Əliyeva: “Biz sürprizlər hazırlayırıq” - VİDEO/MÜSAHİBƏ
Moskvada səfərdə olan Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva aprelin 11-də “Rossiya-24” telekanalına müsahibə
verib.
Publika.az AZƏRTAC-a istinadən müsahibəni təqdim edir:
Aparıcı: Azərbaycan birinci Avropa Oyunlarını qəbul etməyə
hazırlaşır. Bu idman bayramının Moskvada təqdimat mərasimi
keçirilib. Oyunların Təşkilat Komitəsinin sədri, Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva həmkarım Evelina Zakamskayaya
müsahibəsində bu əlamətdar hadisə ərəfəsində öz ölkəsinin
həyəcanları və gözləntiləri barədə danışıb.
- Salam, Mehriban xanım!
- Salam.
- Sizi Moskvada salamlamağa şadam. Bu günlərdə birinci
Avropa Oyunlarının Moskvada təqdimatının keçirilməsi xüsusilə
xoşdur. Rusiyalılar, təkcə onlar yox, hamı, bu böyük idman
bayramını sevinc dolu intizarla gözləyir. Avropa Oyunlarına son
hazırlıq işlərinin necə getməsi və bakılıların qonaqları
qarşılamağa necə hazırlaşması barədə danışmağınızı xahiş
edirəm.
- Sağ olun. Mən ilk növbədə demək istəyirəm ki, Moskvada olmağıma
çox şadam. Mən bu şəhərdə oxumuşam, tələbəlik illərim burada keçib.
Bu şəhəri çox sevirəm, onunla bağlı çox xoş xatirələrim var. Dünən
biz birinci Avropa Oyunlarının Moskvada təqdimatını keçirdik.
Təşkilat Komitəsi Avropanın Roma, Paris, London, Berlin və başqa
iri paytaxt şəhərlərində bu cür təqdimatlar keçirib, nəhayət, indi
biz Moskvadayıq. Mən çox sevinirəm, çünki Moskva bizə dost ölkənin
paytaxtıdır. Bizim çox möhkəm, mehriban qonşuluq münasibətlərimiz
var. Rusiya ilə Azərbaycan arasında münasibətlər çox möhkəm tarixi
təməl üzərində qurulub. Xalqlarımız onilliklər boyu mədəni və
bəşərimünasibətlərlə bir-birinə bağlıdır. Təbii ki, bu əlaqələr
genişlənərək ikitərəfli siyasi və iqtisadi əməkdaşlığa
çevrilib.
Əlbəttə, birinci Avropa Oyunları Avropa idmanı tarixində yeni
səhifə açacaq və bu cür Oyunları təşkil etmək, keçirmək, qəbul
etmək Azərbaycan üçün böyük şərəf və böyük məsuliyyət deməkdir.
Eyni zamanda, bu, Avropa idman ictimaiyyətinin bizim ölkəmizə
etimadının göstəricisidir. İş elə gətirdi ki, hazırlıq üçün
vaxtımız xeyli az oldu – cəmi iki il yarım. Adətən, bu səviyyəli,
bu miqyaslı idman tədbirinə hazırlaşmaq üçün, əlbəttə, xeyli çox
vaxt tələb olunur. Lakin biz, demək olar ki, bu işləri vaxtında
görə bildik və qarşımızda duran bütün vəzifələri yerinə yetirdik.
İndi Oyunların başlanmasına cəmi iki ay qalır, son hazırlıq işləri
görülür, bütün komanda öz diqqətini detallar üzərində cəmləşdirib.
Lakin artıq bu gün demək olar ki, Bakı Avropanı qəbul etməyə
hazırdır. Ümidvaram ki, birinci Avropa Oyunları dostluq, həmrəylik,
birlik, sağlam rəqabət şəraitində keçəcək və bu, ümumi bayram
olacaq.
- Soçi Olimpiadasına hazırlıq işləri son günə qədər davam
etmişdi. Buna görə də əgər Siz bir neçə ay əvvəldən artıq hər şeyin
hazır olduğunu deyirsinizsə, bu, əlbəttə, sizin mütəşəkkilliyinizə
və intizamınıza başucalığı gətirir.
- Düşünürəm ki, bu cür böyük tədbirlər həmişə son dəqiqəyə qədər
diqqət və hər bir detalın yoxlanmasını tələb edir. Buna görə də
fikirləşirəm ki, bizi də eyni vəziyyət gözləyir.
- Azərbaycana bir milyondan çox tamaşaçı gəlməlidir.
Bilirsiniz ki, mən Bakıda böyümüşəm və sadəcə təsəvvür edə
bilmirəm: orada iynə atsan yerə düşməyəcək. Bu qədər insan çoxdur,
lap çox. Bu, “Eurovision”mahnı müsabiqəsinə oxşayacaqmı? Musiqi
bayramının keçirilməsi təcrübəsi Sizin işinizə
yarayıbmı?
- Şübhəsiz, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə hazırlıq
və onun keçirilməsi təcrübəsi bizim üçün çox faydalı oldu. Ona görə
ki, bu da böyük bayram idi, musiqi bayramı, çoxsaylı strukturlar –
həm dövlət qurumları, həm də ictimai qurumlar cəlb edilmişdi.
Zənnimcə, həmin müsabiqə uğurlu oldu. Azərbaycanda müsabiqə
yetərincə yüksək səviyyədə keçdi. Paytaxtımızın bütün qonaqları
qeyd edirdilər ki, şəhərin ab-havası və bu bayram ruhu onları
heyran edib.
Avropa Oyunlarının keçirilməsi, əlbəttə, daha genişmiqyaslı və daha
çoxplanlı tədbirdir, lakin “Eurovision” müsabiqəsinə hazırlıq
dövründə qazandığımız təcrübə, əlbəttə, bizim işimizə
yarayacaq.
Biz çox güclü Təşkilat Komitəsi yaratmışıq, beynəlxalq idman
təşkilatları, o cümlədən Avropa Olimpiya Komitəsi ilə, beynəlxalq
federasiyalarla əməkdaşlıq edirik. Könüllülər tərəfindən çox böyük
dəstəyimiz var. Komanda uğurludur və işlərin bugünkü gedişinə
əsasən deyə bilərik ki, biz qarşımızda qoyulan vəzifələrin
öhdəsindən gəlirik. Əlbəttə, siz doğru dediniz ki, bu cür
genişmiqyaslı tədbirlər həmişə müəyyən dərəcədə gözlənilməz olur və
hər şeyə hazır olmaq lazımdır. Buna görə biz hər şeyi nəzərə almağa
çalışırıq.
Hesab edirəm ki, Oyunlar, ilk növbədə, idmançılar üçün bayram
olmalıdır. Ona görə ki, bu, hər şeydən əvvəl idmançıların
bayramıdır. Məsələn, bu Oyunların iştirakçıları üçün maksimum
rahatlığı təmin etmək məqsədilə yaradılmış Atletlər kəndi çox
yüksək beynəlxalq standartlara müvafiqdir. Ümid edirəm ki, həm
rusiyalı idmançılar, həm də digər Avropa ölkələrindən olan
idmançılar bunu hiss edəcəklər. Orada biz həm məşqlər, həm
hazırlıq, həm də istirahət üçün şərait yaratmışıq, əlbəttə,
qonaqları da unutmamışıq. Siz doğru dediniz, biz çoxlu sayda qonaq
gözləyirik. Biz geniş mədəni proqram hazırlayırıq. Çünki Oyunları
keçirən və qəbul edən ölkə olaraq Azərbaycanı göstərmək istəyirik.
Azərbaycan zəngin tarixə və mədəniyyətə malik olan qədim ölkədir.
Hərçənd, müstəqil dövlət kimi biz çox gəncik. Şübhəsiz, bizim
qonaqlarımıza nümayiş etdirmək istədiyimiz dəyərlər – irs, ənənələr
çoxdur vəOyunların yüzdən çox ölkədə nümayiş etdiriləcəyini nəzərə
alsaq, biz bu dəyərləri müəyyən dərəcədə Avropaya və dünyaya
göstərmək istəyirik. Biz geniş və rəngarəng mədəni proqram
hazırlayırıq. Ümidvaram ki, qonaqlarımız razı qalacaqlar.
- Azərbaycan qonaq qəbul etməyi bacarır. Bu, şəksiz
məsələdir.
- Sağ olun. Bu sözləri eşitmək mənə çox xoşdur.
- İdman yarışları ideyası siyasi baxışları müxtəlif olan,
müxtəlif millətlərə və dini konfessiyalara mənsub olan insanları
birləşdirməlidir. Birinci Avropa Oyunlarının konsepsiyasında
tolerantlıq, tolerantlıq ideyası necə nəzərə alınıb? Axı, gələcəkdə
Avropa Oyunlarına ev sahibliyi edənlər üçün bu ideyanı məhz Siz
həyata keçirməli və onlar üçün müəyyən səviyyə təyin etməli
olacaqsınz.
- Bütövlükdə Olimpiya hərəkatının ideyası birlik, bərabərlik,
ədalət deməkdir. Təəssüf ki, müasir dünyada məhz bu anlayışların
qıtlığı çox münaqişələrin, çox gərginlik ocaqlarının əsasını təşkil
edir. Ona görə də bu cür tədbir - istər idman tədbiri, istər mədəni
tədbir həmişə müxtəlif ölkələrdən olan, müxtəlif konfessiyalara
mənsub insanların və xalqların birləşməsi baxımından daha böyük
əhəmiyyət kəsb edir. Bu baxımdan düşünürəm ki, Bakının birinci
Avropa Oyunlarının vətəni olması təsadüfi olmayacaq.
Ona görə ki, Azərbaycan geosiyasi baxımdan minilliklər boyu Böyük
İpək Yolu üzərində Şərq ilə Qərbin qovuşuğunda yerləşir. Ölkəmizin
ərazisində müxtəlif mədəniyyətlər, müxtəlif sivilizasiyalar
qaynayıb-qarışıb, müxtəlif dinlərin nümayəndələri yaşayıb. Bütün
bunların təsirini, müxtəlif mədəniyyətlərin təsirini hətta bizim
şəhərlərin memarlığında da görə bilərsiniz. Lakin ən başlıcası odur
ki, Azərbaycan xalqının qəlbində bu həqiqi tolerantlıq, dözümlülük,
dostsevərlik, başqa mədəniyyətin qəbul edilməsi ruhu uzun illər
boyu, demək olar ki, əsrlər boyu formalaşıb. Biz öz köklərimizə, öz
mədəniyyətimizə, ənənələrimizə çox həssaslıqla, hörmətlə,
qayğıkeşliklə yanaşırıq. Lakin biz dünyanın mədəni müxtəlifliyini
də eynilə bu cür qəbul edirik və bu, uğurun rəhnidir. Ona görə ki,
özünə məxsus olanları hətta qiymətləndirmək, onu qiymətləndirməyi
və sevməyi bacarmaq üçün özgəninkini qəbul etmək lazımdır. İndiki
halda heç də təsadüfi deyildir ki, bu gün Bakı özünəməxsus bir
multikulturalizm mərkəzidir. Keçən il Prezidentin Fərmanı ilə
ölkəmizin paytaxtında Multikulturalizm Mərkəzi yaradılıb. Hər il
keçirilən BeynəlxalqHumanitar forumlar, mədəniyyətlərarası,
sivilizasiyalararası dialoqa dair görüşlər buna sübutdur. Bir misal
göstərim: bu il Azərbaycan birinci Avropa Oyunlarını qəbul edir,
2017-ci ildə isə biz İslam Həmrəyliyi Oyunlarını qəbul
edəcəyik.
- Rusiyalıların yaddaşında, bəlkə də bütün sovet
adamlarının yaddaşında Bakı sovet məkanının ən beynəlmiləl şəhəri
kimi qalacaq. Mənə belə gəlir ki, başqa mədəniyyətlərə
dözümlülüyün, onlar üçün açıqlığın, başqa mədəniyyətləri qəbul
etməyin əsası, hər halda, təhsildir. Azərbaycanda bu məsələyə böyük
diqqət yetirilib və indi də yetirilir. İnsanın təhsil, mədəni
səviyyəsi nə qədər yüksək olsa, o, bir o qədər açıq, dözümlü və
tolerant olur. Şəxsən Sizin böyük diqqət yetirdiyiniz
Rusiya-Azərbaycan əməkdaşlığının bu cəhəti barədə nə
deyəbilərsiniz?
- Sizinlə tamamilə razıyam və aşkardır ki, güclü təhsil bazası,
elmi və texniki tərəqqi olan ölkələr öz gələcəyini təmin edir.
Yəni, təhsilə qoyulan sərmayələr ən uzunmüddətli və ən düzgün
sərmayələrdir. Azərbaycana gəldikdə,müstəqillik illərində təhsil
sahəsində çoxlu islahatlar aparılıb. Bir misal gətirmək istəyirəm.
Ölkəmizdə beş minə yaxın məktəb var. Onlardan 3500-ü yenidən
qurulub və ya praktiki olaraq yenidən tikilib. Təbii ki, təhsilin
keyfiyyəti sahəsində böyük islahatlar aparılır. Xüsusi dövlət
proqramlarına əsasən bizim gənclər Avropanın, Rusiyanın, Asiyanın
ən görkəmli ali məktəblərində təhsil almaq imkanına malikdirlər. Bu
da gənclərimizə böyük imkanlar verir.
Rusiya ilə Azərbaycanın mədəni, humanitar əlaqələrinə gəldikdə,
zənnimcə, bu, xüsusi, çox uğurlu sahədir. Azərbaycan dövlət
müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində ölkədə
rusdilli təhsil tam həcmdə qorunub saxlanılıb. Bu gün bizim
ölkəmizdə üç yüzdən çox məktəbdə təhsil rus dilində aparılır.
Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir, bu
universitetdə fakültələrin sayı artır və bu, çox müsbət amildir.
Bakı Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi
fəaliyyət göstərir. Bütün bu amillər Azərbaycanın mədəni irsi üçün
də çox vacibdir. Ona görə ki, ölkəmizdə rus dilinə çox böyük hörmət
və ehtiram bəslənilir. Biz böyük rus ədəbiyyatını orijinaldan
oxuyuruq. Gələcək nəslin də bütün bu imkanları qoruyub saxlaması
vacibdir.
Heydər Əliyev Fondunun xətti ilə Rusiyada müəyyən müştərək
humanitar layihələr çərçivəsində çox işlər görülür. Bizim Fond
2004-cü ildə təşkil edilib və Fondun xaricdəki ilk nümayəndəliyi
2007-ci ildə məhz Rusiyada açılıb. Çoxlu layihələr, sosial, mədəni
və xeyriyyə aksiyaları həyata keçirilib. Çoxlu məktəblər bərpa
olunur. Bir faktı xüsusi qeyd etmək istəyirəm. Mənim fikrimcə, çox
əlamətdardır ki, bizim əməkdaşlığımız təkcə Rusiya Federasiyasının
paytaxtı ilə məhdudlaşmır. Biz regionlarda, başqa şəhərlərdə, o
cümlədən Həştərxan, Volqoqrad, Yekaterinburq, Ulyanovsk
şəhərlərində işləyirik. Çox yaxşı əlaqələrimiz var. Bu əlaqələr
artıq genişlənərək möhkəm dostluq əlaqələrinə çevrilib.
Bilirsinizmi, bu, çox vacibdir. Çünki prinsip etibarilə hər hansı
uğurların və birgə qarşıya qoyulmuş hədəflərin əsasını adi insani
əlaqələr, dostluq əlaqələri təşkil edir. Bu baxımdan hesab edirəm
ki, bu gün ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı hörmətə
və qarşılıqlı marağa əsaslanan dostluq, qardaşlıq, mehriban
qonşuluq münasibətlərinə yaxşı misal ola bilər.
- Yəqin ki, Heydər Əliyev Fondunun daha bir vəzifəsi
Azərbaycan mədəniyyətini və Azərbaycan dəyərlərini Rusiyada
populyarlaşdırmaqdır. Ona görə ki, Rusiya özü də dünyanın ən
tolerant ölkələrindən biri kimi, öz qonşuları haqqında mümkün qədər
çox öyrənməyə hazırdır və bunda maraqlıdır.
- Əlbəttə, biz çoxsaylı mədəni layihələr həyata keçiririk.
Konsertlər, sərgilər, müxtəlif forumlar, seminarlar təşkil edirik.
Rusiyanın kitabxanaları ilə əməkdaşlıq, yəni, təcrübə mübadiləsi
haqqında sazişimiz var. Bu baxımdan fəaliyyət sahəsi çox genişdir
və ən başlıcası, siz tamamilə haqlı olaraq dediniz ki, biz maraq
hiss edirik. Biz Azərbaycan mədəniyyətinə hörmət, maraq, onu
qavramaq həvəsi hiss edirik, təbii ki, yenə bizim ortaq tarixi
keçmişimizə qayıtmaqla. Bu hörmət və qayğıkeş münasibət hiss
olunur.
- Onda bizim tarixi gələcəyimiz də ümumi
olacaq.
- Mən əminəm ki, belə də olacaq.
- Hər halda gəlin, birinci Avropa Oyunları mövzusuna
qayıdaq. Bu Oyunlar artıq bizim gələcəyimizin bir hissəsidir. Xahiş
edirəm deyin, hələlik geniş ictimaiyyətə bəlkə də məlum olmayan bir
sirri, bir incə məqamı açıqlaya bilərsinizmi? Bizi nə ilə
heyrətləndirəcəksiniz? Bəlkə açılış mərasimi ilə bağlı, bəlkə
özünüz nə isədemək istəyirsiniz?
- Artıq dediyim kimi, açılış mərasiminə iki ay qalır. Bu müddət
məhz məşqlərlə, hazırlıq prosesləri ilə zəngin olacaq. Əlbəttə, biz
sürprizlər hazırlayırıq, heyrətləndirmək istəyirik. Yəqin ki, bu,
əsasən açılış mərasiminə aiddir. Bu da öz ənənələrimizi,
tariximizi, mədəniyyətimizi göstərmək üçün bir şansdır. Hansısa
sirləri açıqlamağı, əlbəttə,istəməzdim, ona görə ki, açılış
mərasimi adətən gözlənilən olur. Hamı bu mərasimi gözləyir və mən
çox ümid edirəm ki, bizim hazırladığımız proqram da yetərincə
maraqlı, heyrətləndirici olacaq, yaxşı emosiyalar doğuracaq.
Oyunların xüsusiyyətlərinə gəldikdə isə yəqin ki, Oyunlar dövründə
müəyyən gözlənilməzliklər, müəyyən maraqlı məqamlar olacaq. Bu cür
tədbirlərdə həmişə belə olur. Mən istərdim ki, Azərbaycanda
keçiriləcək bu Oyunların xüsusiyyətləri, daha doğrusu, xüsusiyyəti
ondan ibarət olsun ki, bizim bütün qonaqlarımız – idmançılar da,
rəsmi nümayəndə heyətlərinin üzvləri də, adi turistlər də
şəhərimizin ab-havasını duysunlar. Mən istəyirəm ki, hər bir qonaq
Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Ona görə ki, bu
xüsusiyyət Azərbaycan xalqının gözəlcəhətlərindən biridir. Bizim
üçün qonaq elə qonaqdır. İstər bir nəfər olsun, istər min nəfər.
Bu, çox vacib məsələdir. Bilirəm ki, artıq bu gün Azərbaycan xalqı
qonaqları, idmançıları və bu bayramı gözləyir. Mən istərdim ki,
ölkəmizin paytaxtına gələn hər kəs bunu hiss etsin və bu ruh, Bakı
şəhərinin məxsusi ruhu onun qəlbində qalsın. Bakıya ilk dəfə gələn
qonaqların sonradan yenidən buraya qayıtmaq istəməsi, hər yerdə bu
barədə danışması mənə çox xoşdur. Onlar bu barədə söhbət düşəndə
deyirlər: Biz heç yerdə görmədiyimiz qonaqpərvərlik gördük. Bu,
xüsusi ab-havadır. Əgər bu məqam birinci Avropa Oyunlarının
xüsusiyyəti olsa, mən çox şad olaram.
- Arzu edirəm ki, Sizin bütün ümidləriniz doğrulsun. Sizə
idmanda qələbələr arzulayıram. Məlum olduğu kimi, doğma evin
divarları da adama kömək edir. Biz bunu öz təcrübəmizə, Soçi
Olimpiadasının təcrübəsinə əsasən bilirik. Bizim doğma divarlar
bizə kömək etdi. Kaş sizə də kömək etsin.
- Sağ olun. Çox sağ olun. Fürsətdən istifadə edib sizi 2014-cü ildə
Soçi Qış Olimpiya Oyunlarının yüksəksəviyyədə təşkil edilməsi və
keçirilməsi münasibətilə bir daha təbrik etmək istəyirəm. Təbii ki,
həm də rusiyalı idmançıların görkəmli nailiyyətləri münasibətilə.
Komanda hesabında siz birinci yeri tutmağa nail oldunuz. Bu,
möhtəşəm bayram idi. Biz orada idik, bunları görürdük. Bir daha
mənim təbriklərimi qəbul edin.
- Verdiyiniz yüksək qiymətə görə sağ olun. İndi növbə
sizindir.
- Sağ olun. Bu görüş üçün sağ olun. Sizinlə tanış olmaq mənə çox
xoş oldu.
- Sağ olun.
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO