Azərbaycanlılar bu coğrafiyadan silinir – ŞOK ƏMƏLİYYAT
Bizi izləyin

Nida.az

Azərbaycanlılar bu coğrafiyadan silinir – ŞOK ƏMƏLİYYAT

Atalar qızlarını İŞİD-ə əsir düşməməsi üçün öz əlləri ilə öldürür”.


Bir neçə ay öncə bu sözləri Publika.az-a İraq türkmən Cəbhəsinin lideri Erşat Salihi demişdi və bu, Azərbaycan əsilli türkmanların hansı durumda olduğunu açıq şəkildə göstərirdi.


Türkmanlar – İraq azərbaycanlıları bu ölkənin şimalında kompakt şəkildə yaşayan etnosdur. Türk dilli xalqlar arasında dili, adət-ənənələri ilə daha çox azərbaycanlılara yaxındır. Əslində, türkmanlar Azərbaycan türklərinin içindən çıxmış qruplardır.

Səlcuqlar dövründə bu ərazilərdə məskunlaşan, Səfəvilər dönəmində daha da möhkəmlənən türkmanlar İraqın 8 əyalətində yaşayır. Kərkük, Mosul, Ninəvə, Telafer, Səncar, Səlahəddin, Tuzxurmatu, Diyalə bölgələri İraq azərbaycanlıların məskunlaşdığı ərazilərdir. Türkmanlar İraqda ikinci böyük toplum hesab olunur. Lakin hazırda onlar əsrlərdir yaşadığı bu coğrafiyadan köçməyə məcbur qalıb.

Hər şey ötən ilin əvvəlində İŞİD-in İraqa girməsindən sonra dəyişdi. Yezidilər və kürdlərlə yanaşı, türkmanlar da hədəfə çevrildi. Hücumlarda öldürüldülər, sağ qalanlar dağlara çəkildi, Türkiyəyə və İraqın digər yerlərinə köçənlər oldu. Müəyyən qismi isə İŞİD-ə qarşı özünümüdafiə qüvvələri yaradaraq döyüşə başladılar.


Lakin BMT səviyyəsindən yezidi kürdlərin problemi dilə gətirildiyi halda, türkmanlar haqda bir kəlmə də danışılmadı. Qərb kürdlərə silah verdiyi halda, türkmanlar əliyalın şəkildə İŞİD-ə qarşı çıxdı.


Erşad Salihi qeyd edir ki, onlar mərkəzi hökumətə və beynəlxalq güclərə müraciət etsələr də, silah verilməyib. Onun sözlərinə görə, İŞİD zülmündən sonra insanlar bölgəni tərk etmək məcburiyyətində qalıb.


Əslində nə baş verir?


Türkiyənin “Aksiyon” jurnalı yazır ki, İŞİD hücumu və baş verənlər illər öncə hazırlanan planın tərkib hissəsidir və yaşanan köç də demoqrafik dəyişikliyin hazırlanması məqsədi daşıyır.


“İŞİD faktoru bölgənin etnik mənzərəsini dəyişmək üçün əvvəldən hazırlanan plandır. İŞİD adı ilə terror aktları törədən təşkilat böyük bir dövlətin, demək olar ki, hər yerində xaosa səbəb olub. İraq hər keçən gün daha da sarsılır və görünməyən bir köç yaşanmaqdadır. 10 milyondan çox insan ölkə daxilində bir yerdən başqa yerə köçür. Türkiyə, İran, Suriya və digər ölkələrə gedənlər isə bu rəqəmlərə daxil deyil. Beləliklə, demoqrafik problemlə üz-üzə qalan bölgədə etnik quruluş dəyişir. Şiələr, sünnilər, kürdlər, ərəblər və yezidilərin hər biri bir əraziyə toplanır və bununla da homogen bölgələr yaradılır. Köç müddətində xristianlar da paylarına düşəni alır. Bu sanki həyatda qalmaq mübarizəsidir. Lakin həqiqət fərqlidir. İŞİD-in hücumu ilə insanlar öncədən planlaşdırılan yerlərə köçməyə məcbur edilir. Dünya isə təkcə yezidilərin faciəsindən danışır. Halbuki ərəblər, türkmanlar, xristianlar və kakailər kimi qruplar da bənzər problemlərlə qarşı-qarşıya qalıblar”, - deyə jurnal qeyd edir.


Türkman əsilli jurnalist, siyasi şərhçi Özdəmir Hürmüzlü Publika.az-a açıqlamasında bildirir ki, bölgədə türkmanların yox olması siyasəti aparılır: “Bu coğrafiyada türkmanlar böyük bir toplumdur. Lakin bizə qarşı münasibət istər mərkəzi İraq hökuməti, istər beynəlxalq ictimaiyyət tərəfindən doğru deyil. Bölgəni kürdləşdirmək planları var. Bu günlərdə Mosulun azad olunması ilə bağlı mərasimində iştirak üçün Ərbili ziyarət edən İraq baş naziri Haydar əl-Abadi Şimali İraq yerli kürd idarəçiliyi ilə görüşündə işlətdiyi ifadə də bu baxımdan diqqət çəkir. “Biz Mosuldakı bütün etnik qruplara bərabər səviyyədə davranırıq. Ərəb, kürd, yezidi, şəbək, xristian – fərqi yoxdur, hər birinə eyni gözlə baxırıq” deyə baş nazir ifadə etdi. Halbuki, Mosulda ərəblərdən sonra çoxluq təşkil edən türkmanlardır və ölkənin ən böyük əyaləti olan Telaferi təmsil edirlər. Məqsəd bəllidir. Bu coğrafiyanı türkmanlardan təmizləmə əməliyyatı başlayıb. İraq hökuməti türkmanları həmişə ayrı-seçkilik edib”.


O. Hürmüzlü qeyd edir ki, Kərkükü kürdlərə vermək planı var.


“Kərkük üzərində oynanılan oyunun ilkin səbəbi bölgənin zəngin enerji ehtiyatlarına malik olmasıdır. Kərkük türkmənlərinin indiyə qədər silahlandırılmaması, eləcə də hərbi təlimlər keçməməsi də belə vəziyyətlərdə onların aciz qalmasına hesablanmış addım idi. Kərkükdə baş verən terror aktları da türkmənlərin iradəsini qırmağa hesablanmış oyunlar olub. Əslində bölgədə baş verənlər bu gün deyil, 100 il öncə Amerika və ortaqları tərəfindən planlaşdırılmışdı. 2003-cü ildə İraqın işğalı ilə bu plan gündəmə gəldi və əsas hədəf Türkiyədir. İraq mərkəzi hökuməti ilə Türkiyənin tarixi münasibətləri Suriya böhranına görə pozulub. Bunun ardınca İraq mediası Türkiyənin İraqın bölünməsi işində barmağının olduğu xəbərlərini gündəmə gətirdilər. Hətta son günlər baş verənlərin də memarının Türkiyə olduğunu yazırlar”,– deyə o bildirib.


Türkiyəli siyasi şərhçi Öczan Yeniçeri də bu coğrafiyanın türkmanlardan təmizlənmə prosesinin getdiyini düşünür. Onun sözlərinə görə, İŞİD hücumundan sonra bölgədə baş verən demoqrafik dəyişiklik bunu deməyə əsas verir: “Bu gün Şimali İraq türkmanları həm İŞİD, həm də Bərzaninin təzyiqləri ilə üz-üzə qalıb. Telafer, Kərkük və Tuzhurmatu kimi türkman bölgələri boşaldılır. Hesab edirəm ki, başda Türkiyə olmaqla bütün türk dövlətləri buna reaksiya verməli, baş verənlərə laqeyd qalmamalıdır. Çünki hər kəsə bəllidir ki, bölgədə tamamilə kürdlərdən ibarət olan dövlət qurulur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm