Razi Nurullayev: “Əli Kərimli mənə görə peşmandır” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Əli Kərimli mənə görə peşmandır” – MÜSAHİBƏ

“Yeni Demokratiya” Hərəkatını yaradan Razi Nurullayevin Publika.az-a müsahibəsi


- Razi bəy, yeni hərəkatda kimlər var?


- Mən hələlik kimlərin olduğunu açıqlamaq istəmirəm. Amma bir məsələni dəqiq bilirəm. İndiyə qədər siyasətdə olan, siyasi partiya və təşkilatlarda fəaliyyət göstərən insanları hərəkata cəlb etmək fikrim yoxdur. Hesab edirəm ki, bu gün bir partiyadan digər partiyaya, təşkilata miqrasiya etməklə cəmiyyətdə problemlər həll olunmur. Buna görə də hərəkata yeni insanlar, cəmiyyətin görə biləcəyi yeni simalar cəlb etmək fikrindəyəm.


- Bəs AXCP-dən kimsə oradan ayrılıb sizin yanınıza gəlsə və qəbul olunmasını xahiş etsə, necə davranacaqsınız?


- AXCP-də demokratiya olmadığına görə partiya içində mübarizə aparılmalı və kökündən dəyişilməlidir. Mən həmin insanlara tövsiyə edirəm ki, partiyadan çıxmağı yox, partiyanı dəyişmək haqda düşünsünlər. Partiyanı bir neçə nəfərin inhisarından qurtarsınlar. Mən cəbhədən gələnləri yeni hərəkata qəbul etmək niyyətində deyiləm.


- Sizdən öncə Asəf Quliyev AXCP-dən getdi və hərəkat yaratdı. Siz də eyni addımı atdınız. Bəzi iddialar var ki, yeni hərəkat yaratmaqla nəyəsə nail olmaq mümkün deyil.

- Bu cür ittiham və dedi-qodulara münasibət bildirmək istəmirəm. Hazırda nəsə deməyim də doğru qəbul olunmaz. Zaman keçəcək və hər şey görünəcək. İşimiz olacaqsa deyilənlər yalan çıxacaq, olmayacaqsa doğru. Mən əməli işlərimlə məşğul olmağa üstünlük verirəm, nəinki hansısa dedi-qodulara cavab verməyi. Buna görə də deyilənlər məni maraqlandırmır. Asəf bəyə uğurlar arzulayıram. “Xalq arzusu” hərəkatı yaratdı və əminəm ki, onun da öz fikirləri, öz yolu var.


- Qarşıda hansısa partiyalarla əməkdaşlıq nəzərdə tutulubmu?

- Hərəkat dünən elan olunub. Bu haqda düşünməyə və qərar qəbul etməyə zamanımız olacaq. Hələlik təşkilati işlərlə məşğuluq. Zamanı gələndə bu məsələni də açıqlayacağıq.


- AXCP-nin siyasəti daha çox radikallığa söykənir. Bu partiyadan çıxmış şəxs kimi siz də eyni yolu tutacaqsınız?


- İqtidara müxalifət olacağıq. Sərt tənqidlərimiz, yanaşmalarımız olacaq. Lakin heç bir halda siyasi etikadan kənara çıxan bir cümlə də işlətməyəcəyik. Dünyada qəbul olunmuş siyasi etika çərçivəsində mübarizə aparacağam.


- Hansısa məsələdə konstruktiv mövqe tutacaqsınız?


- Məsələ konstruktiv mövqe tutmaqda deyil. Bu mövqe bir partiyanın maraqlarına xidmət edəcəksə, arxasında ümumi cəmiyyətin mənafeyi deyil, siyasi maraq duracaqsa, yaxud bir siyasi partiyanın nüfuzuna xidmət edəcəksə, biz buna qarşıyıq.


- Siyasi partiyalar arasında dialoqa yanaşmanız necədir?


- Dialoqla bağlı fikirlərimi əvvəldən bildirmişdim. Hazırda bu fikirlərimdə dəyişiklik yoxdur. Hesab edirəm ki, dialoqun predmeti, açıq formatı olmalıdır. Bu format beynəlxalq standartlara cavab verəcəksə, konkret mövzu qoyulacaqsa, niyyəti bəlli olacaqsa, bərabər şəkildə baş tutacaqsa, qatıla bilərəm. Lakin şou xarakterli proseslərdə iştirak etmək fikrində deyiləm.

- Bu günlərdə Milli Şura mətbəxində baş verənlərlə bağlı geniş yazı ilə çıxış etdiniz. Bu yazıdan sonra həmin qurumda qalmağınız necə olacaq?

- Mən Milli Şuranın üzvüyəm. Oradan çıxarılmağımla bağlı heç bir əsas yoxdur. Bu qurumun beynəlxalq təbliğatı üçün yüzlərlə müraciət hazırlayıb yaymışam, can qoymuşam. Hazırki fəaliyyətim Milli Şuraya zidd deyil və onun nüfuzuna xələl gətirmir. Heç bir əsas olmadan məni niyə çıxarmalıdırlar? Hesab edirəm ki, Cəmil Həsənli demokratik və ziyalı şəxsdir. Milli Şurada intriqaların yaşanması və parçalanmaya gətirib çıxaracaq proseslərin baş verməsinə rəvac verməz.


- Hazırda Cəmil Həsənli ilə münasibətiniz necədir?

- Cəmil müəllimlə aramızda heç bir narazılığımız olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq.


- Lakin etiraf etməliyik ki, Milli Şurada Əli Kərimli faktoru da var.

- Milli Şurada Əli Kərimli, AXCP faktoru danılmazdır. Ümid edirəm ki, orada olan sağlam düşüncəli insanlar bu faktoru aradan qaldıracaq. Çünki Milli Şura hər kəsin maraqlarına xidmət edən qurum olmalıdır. Əgər bir nəfərin iradəsi ilə hərəkət edəcəksə, bir partiyanın inhisarında olacaqsa, xalqın da inamı olmayacaq. Bu Cəmil müəllim və digərlərinin də marağında deyil.


- Siz AXCP-dən gedəndən sonra bildirdiniz ki, partiya rəhbərliyindən narazı olanlar hələ də qalır. Onların getməsi ehtimalı varmı?

- Mən AXCP-dən istefaların olmasını istəmirəm. İnsanlar orda qalmalıdır. Kiminsə qəlbində dəyişiklik istəyi varsa, ilk növbədə AXCP-ni dəyişməlidir. Oradan getmək zəiflik əlaməti olar. Mən zorla getdim, buna məcbur etdilər. Lakin digərlərinə tövsiyəm budur ki, partiyada qalsınlar və demokratikləşmə uğrunda mübarizə aparsınlar. Əli Kərimli AXCP-yə üç dönəm sədrlik edib. Növbəti qurultayda o sədr olmamalıdır. Yeni insanlar ortaya çıxmalıdır. Əli Kərimliyə hansısa vəzifə vermək olar. Lakin partiya bütün üzvlərin marağına xidmət etməlidir. Yoxsa, daxili resurslar, imkanlar bir neçə nəfərə xidmət etməməli, onların maraqlarının təmin olunması üçün mübarizə aparılmalıdır.


- Siz fikrinizdə haqlı ola bilərsiniz. Lakin təsəvvür edin ki, AXCP-də yenilənmə üçün kimsə açıq mübarizəyə başladı. Hansı ki, siz bunu etdiyiniz üçün partiyadan çıxarıldığınızı deyirsiniz. Əli Kərimli həmin şəxslərə qarşı da sizə etdiyini etməyəcək?

- Əli Kərimli mənimlə bağlı tələsik, ədalətsiz qərarına görə peşmandır. Mən bundan əminəm. Bu baxımdan, onun növbəti dəfə belə addım atacağını düşünmürəm. Məni partiyadan çıxarmaqla potensialı kadrını itirdi. Cəmiyyətdə də birmənalı qarşılanmadı. Öz nüfuzuna zərbə vurmuş oldu. Növbəti dəfə belə addım atacaqsa, özünə və partiyanın nüfuzuna zərbə vuracaq. Hesab edirəm ki, partiya daxilindəki ağıllı insanlar onu səhv addımlardan uzaqlaşdırmalı və təkbaşına qərar verməsinə son qoymalıdır.


- Növbəti qurultayda AXCP daxilində parçalanma ola bilərmi?

- Mən AXCP-nin parçalanmasını, qruplaşmaların yaranmasını istəmirəm. İstəyirəm ki, bu partiya xalqın maraqları naminə fəaliyyət göstərsin. Cəbhəçilər partiyada qalmalı və Əli Kərimlinin dördüncü dönəm sədrliyinə imkan verməməlidirlər. Başqalarına da şans verilməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm