Avropalı deputat: “Soyqırım qərarı yuxarının göstərişi idi” - ÖZƏL
Bizi izləyin

Nida.az

Avropalı deputat: “Soyqırım qərarı yuxarının göstərişi idi” - ÖZƏL

AKP-çi deputat Publika.az-a Avropa Parlamentindəki pərdəarxası danışıqları açıqladı...

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ankaradan seçilmiş AKP-çi deputatı, akademik Seyit Sertçelik Avropa Parlamentində (AP) qondarma erməni soyqırımı ilə əlaqədar aprelin 15-də qəbul edilmiş qətnaməyə münasibət bildirib.

AKP-çi deputat Publika.az-a açıqlamasında deyib ki, sözügedən qətnamə qəbul edilən zaman bir qrup türk millət vəkili də həmin zalda olublar: “Biz orada Avropa Parlamentinin bir çox rəsmiləri ilə görüşlər keçirdik. Ancaq bir şeyin şahidi olduq ki, onların hər birinin beyninə “erməni soyqırımı” ifadəsi zorla salınıb. Çox təəssüf ki, onlar da buna boyun olublar. Görüşdüyümüz bir çox Avropa Parlamenti deputatı bizə dedi ki, türklərin erməni soyqırımı törətməsinə inanmırıq, ancaq bizim də başqa yolumuz yoxdur, qərarın lehinə səs verməyə məcburuq. Biz orada bu cür iyrənc hallara şahid olduq. Çox təəssüf ki, artıq Avropada başda Türkiyə olmaqla, müsəlmanlara qarşı növbəti xaç yürüşlərinə başlanılıb. Avropa Parlamentinin bu qərarı tarixi hadisələri saxtalaşdırmaqdır. İnanın ki, o qətnamənin lehinə səs verənlərin 90 faizi Ermənistanın xəritədə harada olduğunu belə bilmirlər. O deputatların heç biri bu məsələ barədə nə isə bilmir. Bildikləri ancaq oradan-buradan ağızdan eşitdikləridir. Ancaq bilmədikləri məsələ barədə özlərindən saxta qərar qəbul etdilər”.

S.Sertçelik qeyd edib ki, bu qərarın Türkiyə üçün heç bir əhəmiyyəti yoxdur: “Biz onlara dəfələrlə dedik ki, bilmədiyiniz məsələ barədə bu cür saxta qərar imzalamayın. Gəlin bu məsələni tarixçilərin öhdəsinə buraxaq. Hətta Türkiyə ortaq tarixi komissiyanın qurulmasına və onun aparacağı araşdırmaların hansı nəticəyə gələcəyinə də hazırdır. Ancaq Avropa Parlamenti bizim fikirlərimizi dinləmədi və indiyədək heç bir məhkəmə qərarı olmayan məsələ haqqında saxta qətnamə qəbul etdi. Təsəvvür edin ki, orada olduğumuz zaman Hollandiyadan olan bir xanım deputat bizə yaxınlaşaraq deyir ki, əgər biz Türkiyə əleyhinə hər hansı sənədə səs versək, buna görə üzrlü sayın. Çünki mən burada çoxluğun qərarına tabe olmaq məcburiyyətindəyəm. Hətta, Yunan Kiprindən də bir deputat dedi ki, biz Türkiyənin belə bir soyqırımı törətməsinə inanmırıq. Onlar açıq şəkildə etiraf edirdilər ki, Avropa Parlamenti üzvlərinin belə bir qərara səs verməsi “yuxarıdan” verilən göstəriş əsasında olub”.

TBMM-nin üzvü Xocalı soyqırımı məsələsi barədə də Avropa Parlamenti üzvləri qarşısında məsələ qaldırdıqlarını söyləyib: “Biz onlara dedik ki, axı necə olur ki, siz 100 il öncə guya mövcud olmuş hadisə haqqında saxta qərar verirsiniz. Ancaq 23 il öncə dünyanın gözü önündə Xocalıda dinc azərbaycanlılara qarşı törədilmiş terror aktına susursunuz. Erməni işğalı nəticəsində hazırda Azərbaycanda 1 milyondan çox insan qaçqın halında yaşayır. Bəs nə üçün buna etiraz etmirsiniz? Niyə bunu görmək istəmirsiniz? Onlar isə Xocalı ilə bağlı bizə cavab verə bilmədilər. Söyləməyə sözləri yox idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm