Suriyaya gedənlər bu yanlış yozuma istinad edir – İzah
Bizi izləyin

Nida.az

Suriyaya gedənlər bu yanlış yozuma istinad edir – İzah

Xəvariclər dediyimiz və bizlərin çoxunu kafir hesab edənlər Qurani-Kərimin 5-ci sürəsinin 44-cü ayəsinə istinad edirlər.

Suriyada döyüşə yollanan azərbaycanlıları istər din adamları, istərsə digər şəxslər nə qədər qınasa da, onlar Allahın yolundan cihad etdiklərini deyərək qınayanları kafir hesab edirlər. Lakin çoxları onların nəyə əsaslanaraq cihada getdiklərini və onlardan olmayanları kafir hesab etdiklərini dəqiq bilmir. Publika.Az mövzunun aktuallığını nəzərə alaraq bununla bağlı araşdırma aparıb.

Xəvariclər dediyimiz və bizlərin çoxunu kafir hesab edənlər Qurani-Kərimin 5-ci sürəsinin 44-cü ayəsinə istinad edirlər. Özləri arasında buna qısa olaraq “5.44” də deyirlər. Hesab edirlər ki, həmin ayədə “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir” ifadəsi cihada əsas yaradır və onlar məhz Allahın nazil etdikləri ilə hökm verirlər.

Bəs həmin ayədə nə deyilir?

Qurani-Kərimin Azərbaycan dilində çoxsaylı məal –tərcümələri var. Onlardn ikisinə sitinad edəcəyik. Biri akademik Vasim Məmmədəliyev, digəri isə sələfi liderlərindən olan Əlixan Musayevin məalıdır.

Vasim Məmmədəliyevin tərcüməsində 44-cü ayədə deyilir: Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

Əlixan Musayevin tərcüməsində belədir: Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”.

Hər iki tərcümə-məal mahiyyət etibarilə eynidir və hər iki tərcümənin sonunda deyilir: “Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar kafirlərdir”.

Nəriman Qasımoğlu kimi alimlər belə ayələri adətən səmavi dinlərin bir-birinin davamı olmasının sübutu kimi qiymətləndiriir, dinlərarası dialoq təşəbbüslərində sözügedən ayələrə istinad edirlər. Açıq mətndən göründüyü kimi, bu yanaşma sahibləri haqsız da deyillər.



“Suriyada döyüşənlər Allah qarşısında məsuliyyət daşıyırlar”

“Məşədi Dadaş” məscidinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli Publika.Az –a məsələsində buna aydınlıq gətirib. İlahiyyatçı bildirib ki, Quran təfsir olunarkən bütövlükdə araşdırılmalıdır: “Bəzən ayələrin mətnləri fərqli yozulur, bəzən müəyyən ayə kontekstdən çıxarılaraq mənası təhrif olunur. Quran ayələrini bu şəkildə təfsir etmək yanlışdır. Quran məzhəblərarası qarşıdurmaya təhrik edə bilməz. Bu gün Suriyada baş verənlərdə məzhəblərarası qarşıdurmaya yönəlib. Orda döyüşənlər Allah qarşısında məsuliyyət daşıyırlar. Orda öldürülən insanlar da heç bir vəchlə şəhid hesab etmək olmaz”.

Ş. Həsənli qeyd edib ki, Suriyaya gedənlər orda Allahın hökmünün əleyhinə hökm olunduğunu əsas gətirirlər: “Yəni ora dini deyil, dünyəvi dövlətdir. Amma bu prinsiplə çıxış etsələr, gərək bütün dünyada dünyəvi dövlətlərə qarşı cihad etsinlər. Amma biz bunun əksini görürük. Misal üçün, Misirdə xalq hakimiyyətə qarşı çıxdığı zaman orda da dünyəvi dövlət idi, Hüsnü Mübarək dövləti dini qaydalarla idarə etmirdi. Lakin orda hakimiyyətə qarşı çıxan insanları kafir və fitnəkar elan edirdilər. Suriyada isə tam əksinədir”.

“Suriyada baş verənlərin müqəddəs savaşla, cihadla heç bir əlaqəsi yoxdur”

İlahiyyatçı bildirib ki, Suriya antiqərb mövqeyi ilə məşhur olan ərəb dövlətidir. Onun sözlərinə görə, bu üzdən böyük dövlətlər bəzən insanları inancından sui-istifadə edib onları müqəddəs savaş adı altında bu müharibəyə cəlb edirlər. Axund vurğulayıb ki, Suriyada baş verənlərin müqəddəs savaşla, cihadla heç bir əlaqəsi yoxdur.

Ş. Həsənli Suriyaya gedənlərin demokratiyanı Tağut hesab etməsinə də aydınlıq gətirib.
“Tağut deyəndə qeyri-ilahi nizam nəzərdə tutulur. Yəni şeytana qulluq edən sistemlər. Əslində İslam dininin ilahi dəyərləri xalqın iradəsinə uyğun şəkildə hökm etməyin tərəfdarıdır. Yəni xalqların seçiminə hörmətlə yanaşmaq lazımdır. Hər-hansı xalq hansı inkişaf yolunu seçibsə, biz onu zorla özümüzün düşündüyümüz kimi düşünməyə vadar edə bilmərik”-deyə ilahiyyatçı bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm