Azərbaycan barıt çəlləyini doldurur - Beynəlxalq hesabat
Bizi izləyin

Nida.az

Azərbaycan barıt çəlləyini doldurur - Beynəlxalq hesabat

Azərbaycan ərazi problemini yalnız ildırımsürətli müharibə yolu ilə həll edə bilər.

Dünya Silah Ticarətinin Analiz Mərkəzinin (SAMTO) məlumatlarına görə, ötən il Azərbaycan silahlanmaya 1 milyard 257 milyon dollar xərcləyib və bu silahlanma üzrə dünyada 15-ci yerdir.

Publika.Az –ın verdiyi xəbərə görə, “Nezavisimaya qazeta” Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və Azərbaycanın hərbi imkanlarını qiymətləndirib. “Azərbaycan barıt çəlləyini doldurur” başlıqlı yazıda Ermənistanın Dağlıq Qarabağ probeminin həllində Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ümid etdiyi bildirlir. Həmin yazını oxuculara təqdim edirik.

“Çünki, bizim aydın gələcəyimiz, perspektivlərimiz var”

SAMTO həmçinin bildirir ki, Bakı son dörd il ərzində silah alınmasına 3 milyard 375 milyon dollar xərcləyib. Bu göstəricilər həm də mübariz ritorika ilə müşayiət olunur. Azərbaycan aktiv hərbi təlimlərlə niyyətini açıq şəkildə ortaya qoyur. Ermənistan da öz növbəsində “Azərbaycanın təcavüzkar hazırlığına müvafiq cavab verir”.

Qafqazda yeni müharibənin başlanması ehtimalı nə qədər realdır?

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illiyi münasibəti ilə keçirilən paradda prezident İlham Əliyevin çıxışında Azərbaycan siyasətinin tezisləri toplanmışdı.

Birincisi, Bakı ildən-ilə artan hərbi büdcə ilə öyünür. Rəsmi məlumatlara görə, əgər 2003-cü ildə hərbi büdcə 163 milyon dollar idisə, keçən il bu rəqəm 3,7 milyard dollar təşkil edib. “Bu da öz-özlüyündə göstərir ki, ordunun gücləndirilməsi prioritet məsələdir. Bundan sonrakı illərdə də hərbi xərclər ümumi büdcədə əsas yeri tutacaq”, - Azərbaycan prezidenti qeyd edib.

Bu halda o, istehza ilə Ermənistanın dövlət büdcəsinin təxminən 2 milyard dollar təşkil etdiyini bildirib. “Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini iki dəfə üstələyir. Azərbaycan hər gün daha güclənir, Ermənistan isə daha da zəifləyir. Bizim iqtisadi gücümüz müqayisəedilməz ölçüdə artır. Biz bütün sahələrdə düşməni qabaqlayırıq, bəzi sahələrdə bu fərq on dəfə çoxdur və bu fərq daha da artacaq. Çünki, biziim aydın gələcəyimiz, perspektivlərimiz var”, - İlham Əliyev qeyd edirdi.

İkincisi, hərbi büdcənin əsas hissəsi hərbi istehsala və xaricdən yeni hərbi texnikanın alınmasına yönəldilib. “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına qədər bu davam edəcək”, - Bakıda hərbi paradı qəbul edən Azərbaycan lideri söyləyib. Onun sözlərinə görə, Azərbaycan XXI əsrin müharibələrində aparıcı rolu texnologiya və biliklərin oynadığını nəzərə alır. Azərbaycan son illərdə təxminən yüz ədəd döyüş və nəqliyyat vertolyotu, onlarla döyüş təyyarəsi, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, ən müasir artilleriya sistemlərini əldə edib. Azərbaycan Ali Baş Komandanı hərbi paradda qeyd edib ki, burada Azərbaycan ordusunun malik olduğu silahların kiçik bir hissəsi nümayiş etdirilir.

İlham Əliyev generalitet və ordu qarşısında çox aydın məsələlər qoyur: “Azərbaycan müharibə şəraitində yaşayır. Müharibənin yalnız birinci mərhələsi başa çatıb. Azərbaycan ordusu istənilən vaxt işğal edilmiş torpaqları azad etməyə hazır olmalıdır”. Ali Baş Komandan əmindir ki, Azərbaycan ordusu onun qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək iqtidarındadır. İlham Əliyev ordunun döyüş ruhunu qaldırmaq üçün şəxsən tez-tez hərbçilərlə ünsiyyət saxlayır.

Daxili hərbi istehsal artır

Bakı yalnız xaricdən ən yeni silahlar almır, həm də daxili istehsala xüsusi diqqət yetirir. Rəsmi informasiyaya görə, ölkədə onlarla hərbi zavod işləyir və 750 adda hərbi təyinatlı məhsul, o cümlədən atıcı silahlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, pilotsuz uçuc aparatları və zirehli texnika istehsal edilir. “Yerli istehsalı artırmaqla bağlı böyük planlarımız var. Biz artıq çox güclü hərbi sənayeyə malikik. Azərbaycanın hərbi məhsulları dünya sərgilərində nümayiş etdirilir. Bizim ixracat imkanlarımız böyüyür”, - İlham Əliyev bildirib.

Hərbi zavodların qurulması üçün Almaniya, ABŞ, İsveçrə, Avstriya, İtaliya, Ukrayna, Türkiyə, Çin, Rusiya, Belarus və Cənubi Koreyadan texnoloji avadanlıqlar alınıb. Müdafiə sənayesinin sürətli inkişafı hökumətin yalnız iqtisadi və investisiya proqramlarında deyil, həm də ölkənin milli təhlükəsizlik konsepsiyasında ən əhəmiyyətli prioritetlərdəndir. Dağlıq Qarabağ münaqişəsinin ən sürətli şəkildə həlli yeganə məqsəd deyil. Bakı burada üçtərəfli məqsəd güdür. Birincisi, ən yaxşı dünya şirkətlərinin köməyi ilə müasir maddi baza formalaşdırılır, xarici təchizatçılardan asılılıq azaldılır. İkincisi, yeni iş yerləri yaradılır və milli iqtisadiyyatın inkişafına pozitiv təsir göstərir. Nəhayət, ölkənin hərbi-ixracat potensialı güclənir, Azərbaycan istehsal etdiyi silahları dünya bazarına çıxarır. Bakı hesab edir ki, bütün bunlar ölkəyə Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təminatında daha aktiv rol rol oynamağa imkan verir.

Azərbaycan 2006-cı ildə 43 adda hərbi təyinatlı məhsul istehsal etdiyi halda, 2010-cu ildə bu göstərici 413 olub. Müdafiə Sənayesi Nazirliyi ordunu döyüş sursatları ilə tamamilə təmin etməyə başlayıb. Müdafiə sənayesi 2011-ci ildən tanklar və artilleriya topları üçün döyüş sursatlarının istehsalına başlayıb. 2012-ci ildə “AK-74”ün müasirləşdirilmiş versiyasının istehsalına başlanılıb. Ümumiyyətlə, vertolyotlar və tanklar üçün nəzərdə tutulmuş böyuk kalibrli döyüş sursatları da daxil olmaqla 700 adda məhsul istehsal edilir. İlham Əliyevin sədrliyi ilə 2013-cü ilin birinci rübündə Nazirlər Kabinetinin iclasında müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, yaxın vaxtlarda yeni istehsal sahələri yaradılacaq.

Azərbaycanın hərbi istehsalı böyük beynəlxalq sərgilərdə də görünməyə başlayıb. Əgər IDEF-in 2009-cu il İstanbul sərgisində Azərbaycan 27 adda hərbi məhsulla çıxış etmişdisə, 2012-ci ilin noyabrında İndoneziyada keçirilən sərgidə 125, Türkiyədə keçən ilin mayında keçirilən sərgidə artıq 130 adda hərbi məhsul nümayiş olundu. Azərbaycan tarixdə ilk dəfə - 2014-cü ilin sentyabrında ADEX-2014 beynəlxalq müdafiə sənayesi sərgisini keçirməyi planlaşdırır.

Prezident İlham Əliyev əminliyini ifadə edir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. O, yalnız Dağlıq Qarabağ və onun ətrafındakı rayonların deyil, həm də indiki Ermənistan ərazisinin Azərbaycanın tarixi torpaqları olduğunu bildirir: "Azərbaycan dövləti və xalqı torpaqlarında heç vaxt ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”.

Əlbəttə ki, Ermənistanda da Bakıdan səslənən bəyanatları, silahların cingiltisini eşidirlər. Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Oqanyan qonşusunun davakar bəyanatlarına sərt reaksiya verirlər.

Yerevan 26 İyunda Bakıda keçirilən paraddan sonra - 28 iyunda “Erebuni” hərbi aerodromunda hərbi uçuşlar həyata keçirdi. Uçuşlarda KTMT-nin paraşütçüləri də iştirak etdilər. Ermənistan Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasındakı 3,5 min hərbi qulluqçuya, həmçinin Rusiya Sərhəd Qoşunları kontingentinə çox arxayındır. Rus sərhədçiləri Ermənistanın Türkiyə və İranla olan 396 kilometr sərhədini qoruyur. General-polkovnik Seyran Oqanyan aviaşouda Rusiya ilə hərbi-texniki əməkdaşlığın inkişafından danışdı. Müharibə ehtimalına gəlincə, o, vəziyyətin gərgin olmasına baxmayaraq, belə bir ehtimalın kiçik olduğunu söylədi.

İldırımsürətli müharibə?

Ekspertlər hesab edir ki, əlverişli bir şəraitdə Bakı müharibə ritorikadan real işə keçə bilər. Baxmayaraq ki, Gürcüstan-Rusiya beşgünlük müharibəsi siyasətçilərin qızğınlığını bir qədər soyutdu. Amma həmin vaxtdan artıq beş il keçib. Hesab edilir ki, Azərbaycan ərazi problemini yalnız ildırımsürətli müharibə yolu ilə həll edə bilər.

Rusiyanın Siyasi və hərbi araşdırmalar institunun Millətlərarası problemlər şöbəsinin rəhbəri Sergey Markedonov hesab edir ki, belə bir ssenari Azərbaycana yaxşı heç nə vəd etmir. “Cəbhə xətti hər iki tərəfdən güclü möhkənləndirilib. Onu dəyişdirmək cəhdi mövqe müharibəsinə və xarici güclərin müdaxiləsinə gətirib çıxaracaq”, - Markedonov bildirir.

Ekspert qeyd edir ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya və Cənubi Osetiya münaqişələrindən fərqlənir:

“Gürcüstan Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya ilə mübarizə aparırdı. Qərb üçün bu qarşıdurma Rusiya-Gürcüstan münaqişəsi idi. Amma Azərbaycan yalnız Dağlıq Qarabağdakı separatçılarla mübarizə aparmır, onun qarşısında həm də Ermənistan var. Ermənistana isə Qərbdə güclü dəstək var. Demək kifayətdir ki, ABŞ Dağlıq Qarabağdakı sosial layihələri maliyyələşdirir. Fransada hətta prezident səviyyəsində erməni mövzusu dəstəklənir. Öz növbəsində Bakının da Qərbdə, xüsusilə Böyük Britaniyada lobbi resursları var”.

S.Markedonov həmçinin bildirir ki, Azərbaycanda Rusiya amilini də nəzərə almamış deyil. “Hər iki ölkənin Xəzərə çıxışı var. Moskva Qafqazdakı vəziyyətə təsir etmək üçün bir çox alətə malikdir. Rusiya prezidentlərinin iki duşmən dövlətin liderləri ilə çoxsaylı görüşlərini yada salmaq lazımdır”, - rusiyalı ekspert söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm