• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Rəsmi Bakı Ukraynadakı hakimiyyət dəyişikliyinə münasibətini açıqladı

  • Nida.az
  • 24 Fevral 2014 12:27
  • 1 488 Baxış
Rəsmi Bakı Ukraynadakı hakimiyyət dəyişikliyinə münasibətini açıqladı

"Ukraynanın vəziyyəti və ordakı hadisələrin inkişafı tək Ukraynaya xas olan və yaxud bu ölkəyə görə baş verən hal deyil. Bu gedişatlar, əhvalatlar, məncə, prinsipial olaraq yaranan və formalaşan geosiyasi vəziyyət çərçivəsində baş verir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Nazir müavininin sözlərinə görə, bir tərəfdən həddən artıq gözləntilər arxada qalıb, digər tərəfdən, siyasi istismar etməklə köhnə geosiyasi sxemlərə üstünlük verərək hansısa məcrada yeni bir mərhələdəki mübarizə aparılır: "Ona görə hansısa müsbət mənada biz şanslıyıq ki, bu əhvalatları bilavasitə izləyirik və get-gedə, gündən-günə formalaşan siyasi mühiti izləyib təhlil edə bilirik. Lakin hazırkı mərhələdə məncə, Ukraynada stabilliyə qədər bir məsafə var. Ukraynada, bildiyimiz və müşahidə etdiyimiz kimi, bir neçə şəhərdə, iri məntəqələrdə iğtişaşlar davam etməkdədir. Ukraynanın qərb və şərq hissəsi arasında ənənəvi olaraq bəlkə hansısa həssaslıqlar var. Paytaxt Kiyev özü hələ stabilləşməyib. Prezident Yanukoviçin parlament tərəfindən vəzifəsindən kənarlaşdırılması və parlamentin sədri olan cənab Turçinovun hazırda prezidentin səlahiyyətlərini icra edən şəxs təyin edildiyi bir şəraitdə Kiyevin mərkəzində iğtişaşlar hələ də bitməyib, əhali evlərinə qayıtmayıb, vəziyyət gərgin olaraq qalır. Hazırda mübahisələr "gələcək rəhbər kim olacaq" mövzusu ətrafında aparılır".

A.Əzimov hesab edir ki, bu əhvalatlar Ukrayna xalqının maraqlarına xidmət etmir: "İqtisadi inkişaf və stabillik əvəzinə bu cür qanlı hadisələrin baş verdiyi şəraitdə nəyi isə qabaqcadan demək çox çətindir. Ukraynanın ən mənfəətli və gələcəyə təsir edəcək seçimi, gələcək seçimi stabil şəraitdə və bütün maraqlı tərəflərin iştitak etdiyi bir şəraitdə düşünülə və müəyyənləşdirilə bilər.

Ukrayna doğrudan da Qərblə Şərq arasında sıxılan bir dövlət, nəhəng iqtisadiyyata malik ölkədir. Bu ölkənin gələcəyi həm Şərqin, həm də Qərbin inkişafına təsir edə bilər. Çox güman ki, bu təsir düzgün olaraq dəyərləndirilir, ona görə də bütün tərəflərdən bəyanat verilir ki, Ukraynanın parçalanması və bölünməsi kiminsə maraqlarına uyğun olmaz. Bu, tamamilə düzgün bir mövqedir. Azərbaycan əlbəttə ki, Ukraynaya dost ölkədir. Bu ölkə ilə bizim strateji tərəfdaşlığımız var. Azərbaycanın ərazi bütövlüyü və stabilliyi bizim üçün nə qədər vacib və prinsipialdırsa, Ukraynanın ərazi bütövlüyü və stabilliyi də vacibdir. Ukraynanın stabilliyi birbaşa Mərkəzi Avropanın stabiliyinə təsiredici faktor kimi baxılmalıdır".

XİN rəhbərinin müavini deyib ki, Avropa İttifaqının birbaşa üzvü olan ölkələr Ukraynadakı hadisələrdə maraqlı tərəf kimi çıxış edir: "Onların nazirləri, nümayəndələri dəfələrlə Ukraynaya gəlib vasitəçilik etməyə çalışıblar, yaxud meydanda yığılan müxalifətçilərə ürək-dirək verməyə çalışıblar. ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulnad, Aİ-nin ali nümayəndəsi Ketrin Eşton dəfələrlə orda olublar. Bu insanlar əlbəttə ki, qonaq deyillər. Onlar böyük siyasi təsir gücünə malik olan dövlətləri təmsil edirlər. Əlbəttə ki, onların səfərləri, Kiyevdəki fəaliyyətləri hadisələrə təsir etməyə bilməz. Digər tərəfdən, ifşa edilmiş və internetdə yayılmış audioyazılar müxalifətin, ayrı-ayrı şəxslərin siyasi nüfuzuna təsir etməyə bilməz. Bu hadisələr hələ ki izlənilməlidir, onların təhlili qabaqdadır".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR