• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir" - Riçard Morninqstar

  • Nida.az
  • 24 Fevral 2014 13:15
  • 615 Baxış
"ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir" - Riçard Morninqstar

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın Trend-ə müsahibəsi

- ABŞ və Azərbaycan arasında münasibətləri və əməkdaşlıq perspektivlərini necə dəyərləndirirsiniz?

-Öncə vurğulamaq istərdim ki, ABŞ Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Biz Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasına dəstək olmaq istəyirik və hesab edirik ki, bu, çox vacibdir. Bizim demokratik, iqtisadi və təhlükəsizlik islahatları, Dağlıq Qarabağ, Əfqanıstan və terrorizmlə mübarizə məsələlərində bir sıra ümumi maraqlarımız var. Hesab edirəm ki, enerji sahəsində də güclü ümumi marağımız var.

Biz həmçinin Azərbaycanın qeyri-enerji iqtisadiyyatının inkişafına kömək etmək istəyirik. Hesab edirik ki, Azərbaycanın gələcəyi davamlı demokratik və iqtisadi islahatlar, eləcə də demokratik ölkələrimizin güclü tərəfdaşlığı əsasında daha yaxşı qurulacaq. Biz bu məsələlər üzərində işləməyə davam edəcəyik. Eyni zamanda, qeyd etdiyim digər məsələlər üzərində də işləməyimiz çox vacibdir. Nümunə kimi deyə bilərəm ki, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələsini təşviq edirik. Düşünürük ki, biz bu məsələdə kömək edə bilərik və bunu qeyri-enerji iqtisadiyyatının inkişafı üçün əsas amil hesab edirik.

Strateji tərəfdən isə, biz Azərbaycanın öz hərbi qüvvələri ilə Əfqanıstandakı əməkdaşlığını yüksək qiymətləndiririk. Eyni zamanda, 2014-cü ildən sonra - NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanacağı vaxtda Azərbaycanın köməyi məsələsi çox vacibdir və qeyri-hərbi yüklərin daşınması Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək.

Beləliklə, üzərində işləməli və işləməyə davam etməli olduğumuz bir çox məsələlər var. Hesab edirəm ki, bizim çox dərin tərəfdaşlığımız ola bilər.

- ATƏT-in Minsk qrupunun üzvü kimi, ABŞ-ın Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyə münasibəti necədir?

- Biz bundan çox narahatıq və həm Azərbaycan, həm də Ermənistana aydın şəkildə bildirmişik ki, təmas xəttində vəziyyətin gərginləşməsinin heç bir faydası yoxdur. Əslində, bu, sülh prosesini sarsıdır. Həmçinin bunun gözlənilməz nəticələri ola bilər ki, bu da daha böyük ədavətə gətirib çıxara bilər. Eyni zamanda, hazırda gərginliyin azalması bizi ruhlandırır. Son bir neçə həftə ərzində daha az insident baş verib, halbuki ondan öncəki həftələrdə insidentlərin sayı həddən artıq çox idi. Prezidentlərin noyabr ayında keçirilən görüşü də bizi ruhlandırdı. Hesab edirik ki, sözügedən görüş konstruktiv oldu. Ümid edirik ki, bu görüşlər davam edəcək. Münaqişəni həll etməyin ən yaxşı və yeganə yolu iki prezidentin danışıqlar masası arxasında oturması və münaqişənin həlli istiqamətində konkret addımlar atmasıdır. Bu, bütün azərbaycanlıların və ermənilərin maraqlarına cavab verəcək.

- İndiyədək ATƏT-in Minsk qrupunun üzv ölkələri Ermənistanı təcavüzkar ölkə kimi tanımayıb. Necə düşünürsünüz, bu, vasitəçilərin obyektivliyini şübhə altına salmırmı?

- Biz vasitəçilərik. Minsk qrupunun həmsədri kimi biz vasitəçilik edə, yardımçı ola bilərik və hər iki prezidentə münaqişənin həlli istiqamətində irəliləyiş üçün ideyalar verə bilərik. Lakin biz təhqirlə məşğul ola bilmərik. Biz nə Ermənistanı, nə də Azərbaycanı təcavüzkar adlandıra bilmərik, çünki bu, vasitəçi kimi xidmət göstərməyi tamamilə mümkünsüz edir. Bu, o demək deyil təmas xəttində vəziyyət gərginləşdiyi zaman biz tərəfləri bunu dayandırmağa çağırmırıq. İstənilən həmsədrin ölkələrdən hər hansı birini təcavüzkar adlandırmaq istəməsi sülh danışıqları üçün səmərəli olmaz.

-ABŞ-ın "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tamamən ləğvi məsələsinə necə baxırsınız?

-Bildiyiniz kimi, hər il ABŞ Prezidenti tərəfindən 907-ci düzəlişin fəaliyyəti dayandırılır. Bu isə bizə Azərbaycana yardım üçün zəruri olanı etmək imkanı verir. Düzəlişin tamamilə ləğvinə gəldikdə isə, bu, Konqresin işidir. Amma bir daha vurğulamaq istərdim ki, 907-ci düzəliş on ildən çoxdur ki, hər il Prezident tərəfindən dayandırılır.

- ABŞ və Azərbaycan arasında ticarət dövriyyəsinın artırılması üçün hansı addımlar atılır?

- Bunun üçün bir çox işlər görülür. Hər şeydən öncə, biz şirkətləri bura gəlib Azərbaycan haqqında öyrənməyə təşviq edirik. Noyabr ayında bizim ticarət missiyamız burada olub. ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkələri Azərbaycan haqqında daha çox öyrənmək üçün bura gəliblər. "Bakutel" sərgisi keçirilərkən, bizim bir sıra telekommunikasiya, informasiya texnologiyaları şirkətlərimiz gəlib buradakı imkanlarla maraqlanıblar. Hesab edirəm ki, burada işləməyə çox maraqlı olan şirkətlər var. Eyni zamanda, Azərbaycanın investisiyalar üçün daha da əlverişli olması məqsədilə addımlar atması çox vacibdir. Biz hökumətlə kiçik və orta biznesin inkişafını asanlaşdıracaq gömrük, vergi islahatı və rəqabətin artırılması kimi məsələlər üzərində işləyirik. Biz hökumətlə ÜTT-yə üzvlük məsələsi üzərində də işləyirik ki, bu da bizə yardımçı olmağa imkan verir.

- Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

- Bu, çox vacibdir. Bu, mənim 1998-ci ildə Bakı-Tbilisi-Ceyhan kəməri üzərində işləyərkən məşğul olduğum bir işdir. Hesab edirəm ki, ötən il çox mühüm addımlar atılıb- Avropaya qaz nəqli üçün kəmər seçilib. Hesab edirəm ki, Türkiyə ərazi ilə Trans-Anadolu kəməri (TANAP) və əlbəttə ki, Şah Dəniz qaz layihəsinin ikinci fazasına dair yekun qərarın qəbul edilməsi mühüm və əsas addımlardır. Bu, Azərbaycana məqsədlərinə çatmaqda çox kömək etdiyimiz bir sahədir. Azərbaycanda enerji sektorunun inkişafı ölkənin müstəqilliyini və suverenliyini qoruyur. Bu da, öncə qeyd etdiyim kimi, bizim siyasətimizin əsas hissəsidir.

- Azərbaycan şirkətləri xaricə aktiv şəkildə sərmayə yatırır. ABŞ Azərbaycan investisiyalarına maraq göstərirmi?

- Biz ABŞ-a xarici sərmayələrin yatırılmasını təqdir edirik. Çünki bunun nəticəsində ölkədə daha çox iş yerləri açılır. Eyni zamanda, biz ABŞ şirkətlərini bura gəlib Azərbaycanın uzunmüddətli potensialını nəzərdən keçirməyə çağırırıq.

- Terrorizmə qarşı mübarizədə Azərbaycanın töhfəsini necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu da bizim tərəfdaşlığımızın əsas sahələrindən biridir. Biz terrorizmlə mübarizədə Azərbaycanla müxtəlif formalarda çox yaxşı əməkdaşlıq edirik. Bir çox işləri görməli olduğumuz və hesab edirəm ki, bu işləri görəcəyimiz mühüm sahələrdən biri infrastrukturu, xüsusilə də enerji infrastrukturunu potensial terror hücumlarından qorumaqdır. Azərbaycan hökuməti ilə bu kimi məsələlər üzrə danışıqları davam etdiririk. Biz Azərbaycanı terrorizmlə mübarizədə tərəfdaş kimi görürük. Əlbəttə, bu kimi narahatlıqlardan biri sayılan Əfqanıstan məsələsində də Azərbaycan çox yardımçı olub.

- ABŞ Azərbaycanın beynəlxalq sülhməramlı səylərdə geniş şəkildə iştirakını görmək istərdimi?

- Əlbəttə, bu, Azərbaycan hökumətinin qərarıdır. Biz Azərbaycanın töhfəsini yüksək qiymətləndiririk.

- Siz həmçinin ABŞ-ın dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi kimi fəaliyyət göstərmisiniz. Sanksiyaların aradan qaldırılacağı halda İranın Qərbin qaz layihələrində və bazarlarında orta və uzunmüddətli rolunu necə qiymətləndirirsiniz?

- Bunu zaman göstərəcək. Lakin hal-hazırda İranın Qərbin qaz layihələrində iştirakı mümkünsüz görünür. Nüvə danışıqlarında və münasibətlər normallaşarsa, nə olacağını görəcəyik. Bunun baş verəcəyini demək üçün hələ çox tezdir. Lakin biz növbəti aylarda və illərdə nələrin baş verəcəyinin şahidi olacağıq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR