Şeyxin qardaşı: “200 milyon manatın 1 faizini bizə versinlər”
Bizi izləyin

Nida.az

Şeyxin qardaşı: “200 milyon manatın 1 faizini bizə versinlər”

Əgər belə bir şey varsa, bizim haqqımızda yazanlar gəlsinlər, 1 faizini bizə versinlər, qalanı onların halal-xoşu olsun.


“Hacı Mazan Masallıda yaşayır, özünün beton zavodu, asfalt zavodu var, bir az da kiçik ticarəti. O adam mənimlə qohumdur, indi nə edirsə, bizim ayağımıza yazmalıdırlar?! O nə edir etsin, bunun bizə aidiyyəti yoxdur”.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadə mətbuatda onun və qardaşının Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun şirkəti vasitəsilə yol tikintisi aparmaları haqqında yazılanlara münasibət bildirərkən deyib. C. Paşazadə qeyd edib ki, əgər Hacı Mazan haqqında faktları varsa, yazsınlar, bunu onlarla əlaqələndirmək olmaz: “Ümumiyyətlə, bu yazılanlar uydurma və yalandır. Guya dövlətdən 200 milyon pul alınıb. Əgər belə bir şey varsa, bizim haqqımızda yazanlar gəlsinlər, 1 faizini bizə versinlər, qalanı onların halal-xoşu olsun. Sadəcə olaraq belə şey mümkün deyil, yalan söhbətlərdir. Nə belə bir müqavilə var, nə belə bir sənəd, nə belə bir iş görən adam. əslində bütün oyunlar cənub bölgəsində gedir. Məqsəd budur ki, insanları qaralamaq və hansısa oyunlarda bundan istifadə etməkdir. Halbuki o qəzet, o yazı həm oxucusunu, həm mövqeyini itirib. Bir dənə düz şey yazmayıblar ki, insanlar da oxuyub inansın. Buna görə heç fikir də vermirəm, o yazını da yazı kimi saymıram”.

C. Paşazadə qeyd edib ki, belə yazıları fikirləşən adamlar var. Onun sözlərinə görə, orda yol tikintisini fikirləşən adamlar qabaqcadan neytrallaşdırmaq istəyi ilə bunları edir: “Əgər dövlət bu işi ona, yaxud hansısa digər şəxsə gördürərsə, bu, dövlətin öz işidir. Bunun bizə heç bir aidiyyəti yoxdur. Nə mən, nə mənim ailəm nəinki yol çəkmək, heç bu haqda düşünmürük belə. Hacı Mazan mənimlə qohumdur, o nə edir, özü bilər. 9 bacımız var, onların da hər birinin nəvəsi, nəticəsi, kötükcəsi var. Qohumlarım respublikanın bəlkə də 2 faizini təşkil edir. Yaxşı yaşayanları da var, pis yaşayanları da. Yaxşı yaşayanlar heç bizə yaxın gəlmir, pis yaşayanlar da xahiş-minnət üçün gəlirlər. Hamısı qohumdur, tanışdır, dostdur. İndi kim də etdisə, bizim adımıza yazılmalıdır? Biz bunların hamısına cavabdeh deyilik ki. Bunu məntiqlə yazmaq lazımdır. Bu qədər hörmətsizlik etməzlər”.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetində yayımlanan məqalədə bildirilir ki, Şorsulu (Salyan)-Xırmandalı (Biləsuvar)- Masallı yolunun tikintisi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin çətiri altında olan “Bayram-M” kiçik müəssisəsinə tapşırılıb. Layihənin dəyəri 200 milyon manatdır. Bu barədə qəzetə danışan mənbə bildirib ki, layihədə qiymətlər ən azı 4 dəfə şişirdilib.

Təxminən 25 kilometrlik yola 200 milyon manatın ayrılması bir kilometrə 8 milyon manatın (10 milyon dollardan çox) xərclənməsi deməkdir. Qəzet müqayisələr apararaq yazır ki, layiyə 50 milyona başa gələ biləcəyi halda, 200 milyon manat vəsait alınıb.

Qeyd edilir ki, “Bayram-M” şirkətinin hüquqi ünvanı Masallı rayonunun Talışxanov küçəsi 71-dir. Şirkətin təsisçisi isə Ramazan Zeynalovdur. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin yaxın qohumudur. Ölkənin tanınmış iş adamlarından sayılan bu şəxs ictimai rəydə rəsmi ad və soyadı ilə yox, məhz Hacı Mazan kimi tanınır. İddia edilir ki, Hacı Mazan direktor kimi göstərilməklə izi itirməyə çalışırlar. Şirkətin şəriklərindən biri də Milli Məclisin deputatı, şeyxin qardaşı Cavanşir Paşazadədir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm