Memorial Soyqırım Muzeyi açıldı
Bizi izləyin

Nida.az

Memorial Soyqırım Muzeyi açıldı

Memorial Soyqırım muzeyinin açılışı

Bu gün Hərbi Prokurorluqda Memorial Soyqırım muzeyinin açılışı olub.

Publika.Az-a Hərbi Prokurorluğunun mətbuat xidmətindən daxil olan məlumata görə, muzeyin açılışında Azərbaycanın baş prokuroru Zakir Qaralov, İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova, işğal olunmuş rayonlarımızın icra hakimiyyətilərinin başçıları, Milli Məclisin deputatları, xarici ölkələrin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Hərbi Prokuror ədliyyə general-leytenantı Xanlar Vəliyev mərasim iştirakçılarını salamlayaraq bildirib ki, XX əsrin əvvəllərində erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində xalqımıza qarşı soyqırımı törədiblər:

"Erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət və sülh əleyhinə cinayətlərin tarixin yaddaşına həkk olunması, bütövlükdə Qarabağ hadisələri ilə bağlı obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və ətraflı məlumatların verilməsi məqsədi ilə Respublika Hərbi Prokurorluğunun təşəbbüsü bəyənilərək 2013-cü ilin 19 iyul tarixində baş prokuror Z.Qaralov tərəfindən Azərbaycan Hərbi Prokurorluğunda Memorial Soyqırım muzeyinin yaradılması barədə əmr imzalanıb. Həmin əmrin icrası ilə əlaqədar Respublika Hərbi Prokurorunun müvafiq Sərəncamı ilə işçi qrupu təsis edilib. İşçi qrupu tərəfindən qısa müddət ərzində tarixi sənəd, faktlar və istintaq materialları əsasında zəngin soyqırım muzeyi yaradılıb. Xatirə muzeyi XX əsrin əvvəllərindən bəri bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə həsr edilib".

Mərasimdə çıxış edən baş prokuror Z.Qaralov muzeyin yaradılmasının tarixi bir hadisə olduğunu bildirərək muzeyin açılışının ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin dünyada tanıdılması istiqamətində əhəmiyyətini vurğulayıb:

“Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımı faktının beynəlxalq aləmdə tanıdılması üçün görülmüş işlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edən baş prokuror xalqımıza qarşı soyqırımı həyata keçirilməsini təsdiqləyən bir çox faktların göz önündə olduğunu vurğulamışdır. Bildirib ki, bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında əməllərinə görə cavab verməlidirlər”.

Sonra tədbir iştirakçıları muzeylə tanış olub.Muzey 4 bölmədən: tarix, deportasiya-repressiya, soyqırım və terror bölməsindən ibarət olmaqla cəmi 320 kvadratmetr sahədə yerləşib.

Muzeyin girişində yerləşdirilmiş rəsm əsərləri ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. Bu rəsmlər həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Rəsm əsərləri soyqırım qurbanlarının matəm sükutunu özündə əks etdirir. Muzeyin girişində «Xocalı fəryadı» adlı rəsm əsəri buna əyani sübutdur. Muzey xalqımıza qarşı törədilmiş soyqırım, deportasiya, hərbi cinayətlər barədə xarici və azərbaycan müəllifəlirinin kitablarından ibarət zəngin kitab fondu ilə təchiz olunmuşdur. Bütün bölmələrdə məlumat mərkəzi quraşdırılmışdır. Həmçinin, muzeyin girişində Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar 2012-ci ilin fevralın 26-da Prezident İlham Əliyevin rəhbərliyi altında 100 mindən artıq insanın Xətai rayonu ərazisində olan «Ana fəryadı» abidəsinə keçirilmiş yürüşünün iri həcmli fotoşəkli yerləşdirilmişdir.

Muzeyin tarix və deportasiya-repressiya bölmələrində XX əsrin əvvəllərində Azərbaycanın müxtəlif ərazilərinin dağılıb viranə qoyulmuş görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Muzeydə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımlar barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin və imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb.

Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bu guşələrdə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Rusiya imperiyası və İran dövləti arasında bağlanmış və Azərbaycanı ikiyə bölən Gülüstan və Türkmənçay müqavilələri, «Azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqırım siyasətinin deportasiya və sürgün mərhələsi» kompozisiyası, 1930-cu illərdə repressiya qurbanı olmuş Azərbaycan ziyalıları və görkəmli şəxsiyyətlərin cinayət işlərindən götürülmüş fraqmentlər, azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından son deportasiyasını əks etdirən fotolar sərgilənir.

Muzeyin soyqırım və terror bölmələrində erməni silahlı birləşmələri və MDB-nin 366-cı alayının 1992-ci ilin fevralın 26-da Xocalı şəhərinə birgə hücumunu əks etdirən maket və fotolar, habelə digər eksponatlar yerləşdirilib.

Həmin bölmədə 26 fevral 1992-ci il tarixə Xocalı və ətraf əraziləri özündə əks etdirən 1:7500 miqyasında maket qurulub. Respublika Hərbi Prokurorluğu tərəfindən aparılmış ibtidai istintaq materiallarına uyğun olaraq hücum zamanı erməni silahlı birləşmələri və 366-cı alayın bölmələrinin yerləşdiyi ərazilər və onlar tərəfindən xüsusi amansızlıqla kütləvi qətlə yetirilmiş dinc əhalinin meyitlərinin olduğu yerlər də maketdə öz əksini tapır.

Elmin Bədəlov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm