“Leyla Əliyevanın başladığı kampaniya artıq müsbət nəticə verir”- Rəfael Hüseynov
Bizi izləyin

Nida.az

“Leyla Əliyevanın başladığı kampaniya artıq müsbət nəticə verir”- Rəfael Hüseynov

Düşünürəm ki, son illər aparılmış aktiv fəaliyyət Xocalı soyqırımının gələcəkdə daha çox ölkələrdə rəsmən tanınmasına imkan yaradacaq. Bu proses artıq başlayıb və uğurlu nəticələr var.

“Artıq bütün dünya Xocalı soyqırımı həqiqətini təfərrüatları ilə bilir. Ermənistanın apardığı terrorizm siyasətini, azərbaycanlılara qarşı daim yürütdükləri soyqırımının ifşası artıq gerçəkləşmiş bir həqiqətdir. Hətta o səviyyədə həqiqətdir ki, artıq Ermənistanın bir sıra tanınmış siyasi xadimləri belə Xocalı hadisəsinin Ermənistanın müasir tarixində bir ləkə olduğunu etiraf edirlər”.

Bu barədə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rəfael Hüseynov Publika.Az -a açıqlamasında Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, 2001-ci ilin aprel ayında Azərbaycan AŞPA-da həqiqi üzv kimi fəaliyyətə başladı: “Elə həmin qurumda bizim hazırladığımız ilk sənəd azərbaycanlılara qarşı Ermənistanın etdiyi soyqırımın tanınması adlı qətnamə layihəsi idi. Buna Avropanın bir sıra ölkələrindən deputatlar imza atmışdılar. Bu tarixi ona görə xatırlayıram ki, 2001-ci ildən etibarən Xocalı soyqırımının dünyada tanınması, həqiqətlərin çatdırılması istiqamətində ciddi iş gedir”.

R. Hüseynov qeyd edib ki, son 5 ildə bu sahədə irəliləyişlər daha çoxdur. “Heydər Əliyev Fonundun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət” devizi ilə başladığı kampaniya sözün həqiqi mənasında Xocalı həqiqətlərinin və bütövlükdə azərbaycanlılara qarşı son 200 ildə törədilmiş bütün soyqırımların dünyada tanıdılması, həqiqətlərin aşkarlanması və bu istiqamətdə bir sıra nəşrlərin ərsəyə gətirilməsi ciddi bir hadisədir. “Xocalıya Ədalət” kampaniyası artıq müsbət bəhrələrini verməkdədir. Dünyanın 50-dən artıq ölkəsində mütəmadi olaraq hər il soyqırımın növbəti ildönümü ilə bağlı görüşlər, mitinqlər keçirilir. Bununla yanaşı, dünyanın müxtəlif ölkələrindəki səfirliklərimiz, diaspor təşkilatlarımız bu istiqamətdə ardıcıl iş aparır”-deyə millət vəkili vurğulayıb.

R. Hüseynov hesab edir ki, ABŞ və Avropa parlamentlərinin müxtəlif orqanları səviyyəsində bu soyqırımın tanınması aparılan bu işin nəticəsidir. Millət vəkili düşünür ki, gələcəkdə həqiqətlərimizin tanıdılması istiqamətdə olan bu halqa bir qədər də genişlənəcək: “Xocalı soyqırımının hüquqi qiymətini ala bilməsi üçün bunları çox ciddi təməllərdir. Düşünürəm ki, son illər aparılmış aktiv fəaliyyət Xocalı soyqırımının gələcəkdə daha çox ölkələrdə rəsmən tanınmasına imkan yaradacaq. Bu proses artıq başlayıb və uğurlu nəticələr var.

Bundan sonra da düşünürəm ki, həmin xətt ardıcıl şəkildə davam etdirilməlidir. Çünki Xocalı sadəcə, Ermənistanın soyqırımı siyasətində bir halqadır. Xocalını dünyaya tanıtmaqla, eyni zamanda azərbaycanlılara qarşı daimi şəkildə aparılmış XIX əsrdən başlayaraq XX əsrdə və bu gün də davam edən soyqırımı, deportasiya, etnik təmizləmə, siyasi repressiyalar siyasəti barədə dünyaya daha artıq məlumat verməliyik. Bu istiqamətdə iş gedir. Bütün bunlar Azərbaycanın nə qədər mürəkkəb tarix içindən keçərək öz müstəqilliyini əldə etməsini dünyaya göstərir, həm də bir xalq kimi mübariz obrazımızı daha ucalara qaldırır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm