Rəsul Quliyev: “Heç bir seçki keçirmir, keçirdiyi seçkiləri də saxtalaşdırır”
Bizi izləyin

Nida.az

Rəsul Quliyev: “Heç bir seçki keçirmir, keçirdiyi seçkiləri də saxtalaşdırır”

Rəsul Quliyevin qayıdışı İrandan asılıdır, Türkiyədən isə əlini üzüb

“Cəmil Həsənli kimdir ki, ona görə hansısa təşkilatı tərk edəm”


Sabiq spiker, hazırda Amerikada yaşayan Rəsul Quliyev Azərbaycana gəlmək planları, müxalifətdə etmək istədiyi yeniliklər və digər məsələlərlə bağlı Publika.Az -a müsahibəsində danışıb.

“İranda proqressiv qüvvələr İslam fundamentalizmini üstələsə, mənim gəlmək şansım reallaşacaq”

-Hələ ötən il bildirmişdiniz ki, ölkəyə gələ bilməsəniz də Azərbaycana yaxın olan ölkələrin birinə gəlib siyasi mübarizənizi ordan aparmaq fikrindəsiniz, lakin bu alınmır. Hazırda bununla bağlı nə düşünürsünüz?

-Mənim Azərbaycana qayıtmağıma imkan vermirlər. Bu, düzdür. Onların canından, qanından Rəsul Quliyev qorxusunu heç vaxt çıxarmaq mümkün olmayacaq.

Aydındır ki, öz şəxsi maraqlarını türk xalqının maraqlarından qat-qat üstün tutan başda baş nazirləri Ərdoğan olmaqla korrupsiya və rüşvət bataqlığında üzən türk hökuməti imtiyazlı kontraktlara üstünlük verəcək, mənim Türkiyəyə getməyimə həmişə mane olacaqlar. Türkiyə 50 ildir Avropa Birliyinə daxil olmaq istəyir, ancaq ölkədə insanların hüquqi dəyərlərinin standartlara uyğun gəlmədiyinə görə qəbul edilmir. Mən Baş nazirə yazdığım məktubda bunu xüsusi vurğulamışdım. Siz cənab Baş nazir, özünüzdən soruşa bilərsinizmi Avropanın bütün ölkələrinə sərbəst və istənilən vaxt gedə bilən məni Türkiyəyə niyə buraxmırsınız? Siz qəbul edin ki, kiçik hesab etdiyiniz belə addımlardan ümumi Avropa dəyərlərinə əməl etməmək böyük problemlər formalaşdır. Və 50 ildir sizi Avropanın astanasında saxlayıblar Bu gün Türkiyədə gedən proseslər sağçı konservativ qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Həmçinin, İranda proqressiv qüvvələr nəhayət İslam fundamentalizmini üstələsələr mənim yaxın ölkələrə gəlmək şansım reallaşacaq.

“Müxalifət liderləri ətraflarına topladıqları 500- 600 insanın diktatoruna çevirilib”

-Siz Azərbaycanda müxalifətin yenilənməsini də daim vurğulayırsınız. Bəs, yenilənmə üçün potensial gənclər varmı, çünki adətən onlar kölgədə qalırlar?

-Mənim müxalifətin yeniləşməsinin vacibliyi barədə dediklərimi son 20 ildə azdan çoxdan respublikada baş verənlərdən xəbəri olanların hamısı deyir. Elə siz qəzetçilərdə belə düşünürsünüz. Sadəcə olaraq mən ardıcıl deyirəm və həm də çalışıram izah edim. Bilirsiniz, insanların mənəviyyatının əsas kriteriyasını müəyyənləşdirən bir söz var.

İngilis dilində bu söz “decency”, rus dilində “poryadoçnost”, Azərbaycan və türk dillərində isə ədəb, əxlaq, tərbiyə, namus və bir sıra başqa sözlərlə ifadə edilir. Yəni bir insan barədə soruşanda cavabında “poryadıçnı”dır və ya “decency”dir deyəndə, deməli, bu insan yüksək mənəvi keyfiyyətli insan kimi qəbul olunur. Bəlkə də Azərbaycan dilində “dürüst adamdır” sözü bu sözü əvəz edə bilərdi, təəssüf ki, dürüst sözü öz inkişafını dilimizdə çoxda tapa bilməyib. Bəlkə də bu, yuxarıda duranların (istər hökumətdən, istərsə də müxalifətdən) arasında belə keyfiyyətli adamların az olması səbəbindən dilimizdə sinonimə çevrilmir. Sözsüz, yazdığımı məcazi mənada qəbul edin, məqsədim bu gün Azərbaycanın “elita” adlandırılan təbəqəsində dürüst adamların az olmasını qeyd etməkdir. Dürüstlüyün əsas kriteriyası yalan danışmamaqdır. Yalan danışmaq münasibətləri iki adam arasından tutmuş 9 milyonluq xalqa qədər faciəli şəkildə eroziya edə bilər. Əgər valideynlər evlərində yalan danışarlarsa, onların hörməti uşaqlarının arasında əriyər, puç olar. Əgər müəllim rüşvət alarsa və düzgünlükdən, təmizlikdən danışarsa, onun hörməti 10 minlərlə tələbənin arasında yoxa çıxar. Yalan danışmağın səbəblərindən biri də istər hakimiyyətdə, istərsə də müxalifətdə eyni adamların eyni postda uzun müddət oturub qalmasıdır. Aydındır ki, liderlik həvəsinə düşən istənilən normal adamın müəyyən bir planı və proqramı olmalıdır. Və əgər o planını reallaşdırmağa 5 il müddətində başlaya bilmirsə, deməli ya plan utopik olub, ya da onun liderlik keyfiyyətləri kifayət etmir. Əgər planını həyata keçirməyə başlayırsa, növbəti 5 il ona bu işi axıra çatdırmağa imkan verəcək. Yəni insanın bir postda effektiv işləməsinin vaxt etalonu maksimum 10 ildir. Normal cəmiyyətlərdə bu prinsip çoxdan qəbul olunub. ABŞ-da prezident hər 4 ildən bir 2 dəfədən çox olmayaraq, Nümayəndələr Palatası hər 2 ildən bir, Senat hər 6 ildən bir seçilir. Avropada əksər ölkələr parlament idarə üsulu ilə işləyir, maksimum hər 5 ildən bir parlament seçkiləri keçirilir, ən azı 5 ildən bir parlamentin 30 faizi təzələnir, hər yerdə koalision hökumətlər yaranır, hər dəfə koalisiyaya daxil olan partiyalar dəyişir. Ona görə də siyasət dinamik şəkildə daima dəyişir.

Ölkənin dinamik inkişafı və ya deqradasiyası birbaşa ictimai münasibətlərin formasından asılıdır. Bu artıq çoxdan sübuta çatdırılmış məsələdir. Bizim ölkədə olan ictimai münasibətlər heç vaxt bu ölkənin inkişaf etməsinə imkan verməz. Bu sadəcə olaraq mümkün deyil, cəmiyyətin inkişaf qanununa ziddir. Azərbaycan bataqlığa çevrilib, onu heç bir neft dolları ilə təmizləmək mümkün deyil. Bu bataqlığın yaranmasında 20 ildir siyasi arenadan qopmaq istəməyən müxalifət liderlərinin rolu xüsusi qeyd olunmalıdır. Hökumət saxta da olsa prezident və parlament seçkiləri təşkil edir, ora beynəlxalq müşahidəçilər dəvət edir, hətta onlardan müəyyən müsbət rəylər də alır. Müxalifət liderləri isə özlərini ətraflarına topladıqları maksimum 500- 600 insanın diktatoruna çevirilib, heç bir seçki keçirmir, keçirdiyi seçkiləri də saxtalaşdırır, xalqa isə mütəmadi yalanlar deməklə məşğuldur. İstənilən birisi hökumətin hansısa strukturu ilə əlaqə yaradıb maliyyə köməyi alır, birinci növbədə özünün yaxşı yaşayış şəraitini yaradır, ikinci növbədə isə yaratdığı partiyanın diktatoruna çevrilir.

“AXCP-yə maliyyə məsələsi bir nəfərlə həll edildiyindən orada bir nəfərin diktaturası mövcuddur”

AXCP-yə maliyyə məsələsi bir nəfərlə həll edildiyindən orada bir nəfərin diktaturası mövcuddur. Məsələn, Müsavat Partiyasına maliyyə dəstəyini bir neçə mənbə təşkil etdiyindən orada qismən partiya daxili müxalifətin zəif közərtisi görünür.

20 ildir müxalifətçilik edən liderlər getməlidir, onların yerinə gənc ağıllar gəlməlidir. Partiyalar hökumətdən maliyyə alıb ətrafındakılara maaş verərək diktatora, bosa çevrilmişlərdən azad olmalı, demokratik yolla liderə çevrilmişlərlə əvəz olunmalıdır. Partiya üzvləri boslarına yox, xalqa xidmət etməlidirlər. Əlbəttə, bu iş görülməyəcək, bunun da səbəbi var. Belə “müxalifətçilik” onların yaxşı yaşamalarının bazasıdır. İkincisi, dəyərsiz və əhəmiyyətsiz şüar deməkdən başqa əllərindən heç bir şey gəlmir. Hökumətin istənilən tapşırığını yerinə yetirməyə pioner kimi hazır dayanan qüvvələr var. Bu gün Milli Şura adını “saxla” komandasına əməl edənlər, sabah Milli Şura adını “ləğv et” komandasına da canfəşanlıqla əməl edəcəklər. Bu millətin deqradasiyasında hökumətlə yanaşı, bu başa bəla müxalifətində rolu kifayət qədərdir.

“20 illik liderlər siyasəti tərk etməyənə qədər o partiyalarla heç bir işbirliyi ola bilməz

-2015-ci il parlament seçkiləri öncəsi müxalifətin yeni koalisiyasının yaradılması təklifləri səslənir. Sizcə bu necə bir koalisiya olmalıdır?

-Əgər indiki müxalifət liderləri bu millətin yaxasından əl çəkib getməsə, yaradılacaq koalisiyanın hansı şəkildə olacağını ancaq Prezident Administrasiyasından öyrənmək olar. İndiki müxalifət rəqs edənlərdir, musiqini Prezident Administrasiyası sifariş edir, onlarda həmin musiqiyə uyğun rəqs edəcəklər, yaxşı rəqqas və ya rəqqasəni deputat təyin edəcəklər.

-Yeni koalisiya olarsa, siz orda təmsil olunarsınız?

-Mən bu suala artıq cavabımı verdim.

-Ümumiyyətlə, müxalifətdəki siyasi partiyalarla bir yerdə olmaq ücün hansısa şərtləriniz varmı?

-İndiki 20 illik liderlər siyasəti tərk etməyənə qədər o partiyaların heç biri ilə heç bir işbirliyi ola bilməz. Bu insanlar başa düşməlidirlər. Özlərinin yaxşı yaşaması üçün bu səviyyədə xalqa yalanlar söyləmək olmaz. İstənilən bir plan və proqramın həyata keçirilməsinin uğuru birinci növbədə bu işi görmək istəyən təşkilatın rəhbərindən, sonra ətrafındakılardan asılıdır. Eyni məqsədin həlli yolunu hər bir şəxs fərdi görür və bu yollar fərqlidir. Məsələn, bu gün hər-hansı bir qəzetin redaktoru qəzetin siyasətini özü bildiyi kimi formalaşdırır, sabah onun yerinə bir başqası gəlsə, qəzetin dəst-xətti dəyişəcək. Onun uğurlu və ya uğursuz olacağını demək çətindir, ancaq 100 faiz fərqli olacaq. Eyni şeylər hökumətdə işləyənlərə də aiddir. Ona görə indiki liderlər getməlidirlər. Çünki onların bu 20 illik fəaliyyətində uğursuz iş görmək sadəcə olaraq mümkün deyildir. Azərbaycanda heç 0.1 faiz adam da tapılmaz ki, bu müxalifətdən nəsə gözləsin. Belə bir şəraitdə qalıb “liderliyini” davam etdirmək nə dərəcədə dürüstlüyə uyğundur.

İsmayıllı hadisələri ilə əlaqədar mühakimə olunanların məhkəmə iclasında hərəkətləri ilə özlərinin iclas zalından çıxarılmasına şərait yaradanlardan lider ola bilməz. Qarşındakı məhkəmə sədrinin istənilən fürsətdən istifadə edib səni aşağılayacağını bilə-bilə ona şərait yaradan insanların dövlət miqyasında strategiyası və taktikasının ola biləcəyinə kim inana bilər, heç kim. Hökumət heç bir müqavimətə rast gəlmir. Sabah həmin özlərini lider adlandıranları həbs etsələr, nə baş verəcək, onların müdafiəsinə beynəlxalq təşkilatlardan başqa kim qalxacaq, heç kim? Belə heç bir arxası olmayanların özlərini lider elan etməyə haqları varmı?

“Cəmil Həsənlinin “mən seçkiləri 65 faizlə udmuşam” ağ yalan bəyanatı sivil dövlətləri bu bəladan da yaxşı qurtardıq qənaətinə gətirdi”

-Milli Şuradan ayrılanlar, xüsusilə “El” hərəkatının bir neçə üzvü bildirir ki, sizin, Lalə Şövkətin, Rüstəm İbrahimbəyovun qurumdan çıxmağına Cəmil Həsənli səbəb olub.

-Mənim getməyimin yox, gəlməyimin səbəbini bilmək lazımdır. Bu ideya ortaya atılandan əgər azad seçki şəraitinə nail olunmasa istənilən yaradılmış strukturun adının Milli Şura və ya başqa olmasından asılı olmayaraq heç bir əhəmiyyətinin olmayacağını dəfələrlə qeyd etmişəm və heç vaxt eyforiyada olmamışam. İyul ayında artıq məlum idi ki, seçkilərdə heç bir fövqəladə vəziyyət baş verə bilməz. Yeganə seçkilərin beynəlxalq təşkilatlar tərəfindən saxtalaşdırıldı deyilən sərt bəyanatını almaq mümkün olardı. Belə bir bəyanat isə ancaq və ancaq Rüstəm İbrahimbəyovu istənilən səbəbdən, o cümlədən ikili vətəndaşlığına görə seçkiyə buraxılmaması ola bilərdi, çünki ABŞ onun namizədliyini prezidentin qarşısında qaldırmışdı. Onun namizədliyinin qeydə alınmamasının verəcəyi nəticəni yaxşı bilən hökumət müxalifətin bəzi liderlərinə “alternativ vahid namizədi irəli sürün” tapşırığını verdi. Həmin liderlər müzakirənin gedişini pozaraq Cəmil Həsənlini vahid namizəd kimi irəli sürdü. Və bu işi uğurla gördüyünə görə mükafatlandırıldı. Həmin 21 avqustdan Milli Şura mənim üçün tam şəkildə əhəmiyyətini itirdi.

Faktiki olaraq o gündən mən ancaq Milli Şuranın əhəmiyyətsiz bir orqan olduğundan başqa heç bir şey deməmişəm. Bu insanların seçkidən sonrakı bəyanatları, şüarları bütövlüklə xalqın ağlının yerində olub-olmaması məsələsini ortaya gətirdi. Cəmil Həsənlinin “mən seçkiləri 65 faizlə udmuşam” ağ yalan bəyanatı sivil dövlətləri “bu bəladan da yaxşı qurtardıq” qənaətinə gətirdi. Belə müxalifətdənsə hökumət yaxşıdır fikrini formalaşdırdı. “El” hərəkətinin mülahizəsini anlaya bilmirəm. Cəmil Həsənli kimdir ki, mən ona görə hansısa təşkilatı tərk edəm. O, 1917-ci ildə “oğurlananları oğurla” şüarını irəli sürən Leninin şüarını daha cılız formada elan edən şəxsdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm