• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Keçmiş daxili işlər naziri: ”Anti-terror əməliyyatı keçirmək bizim hüququmuzdur”

  • Nida.az
  • 25 Fevral 2014 15:06
  • 1 573 Baxış
Keçmiş daxili işlər naziri: ”Anti-terror əməliyyatı keçirmək bizim hüququmuzdur”

İsgəndər Həmidov: “Mütəllibov hakimiyyətini qorumaq üçün “cəmi bir nəfər ölüb” dedi”

AXC-nin sədr müavini, keçmiş deputat və daxili işlər naziri İsgəndər Həmidov Publika.Az -a müsahibəsində Xocalı soyqırımı və həmin vaxt baş verənlərdən danışır.

-Xocalı soyqırımından 22 il ötür. Bunu törədənlər məlumdur, amma həmin dövrdə iqtidarda olanlar da ittiham edilir. Ayaz Mütəllibov isə AXC-ni ittiham edir. Günahkar kimdir?

-Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşıdır. Orda dini və milli zəmində qırğın olub, məhz buna görə də soyqırımıdır. Bunu rusların 366-cı moto-atıcı alayı ilə erməni silahlı dəstələri birlikdə törətdilər. Soyqırımın əsas səbəbkarları da rus imperiyası ilə erməni silahlı dəstələridir. Lakin o vaxt da Azərbaycan Konstitusiyasına görə prezident həm də Ali Baş Komandan idi. Sözsüz ki, soyqırımın qarşısını onlar almalı idilər. Xalqı müdafiə etmək, keşiyini çəkmək birbaşa Ali Baş Komandan- prezidentə həvalə olunmuşdu. Amma xalqın içində günahkar axtarmağın mənası yoxdur. Günahkar rus imperiyası ilə ermənilərdir. Onlar da həmişə müttəfiq olublar. Xocalıda da əzələ nümayiş etdirdilər. Burda kim AXC-ni günahlandırırsa, böyük səhv edir. AXC Azərbaycanda hakimiyyətə qarşı mübarizə aparmırdı, ölkənin müstəqilliyi uğrunda mübarizə aparırdı. Ona görə indi düşüblər ortaya ki, budur günahkar, o deyir, budur. Günahkarlar məlumdur. Günahkarlar Rusiyada 366-cı alayın komandir, indi Rusiyada generaldır. O ermənilərdir ki, indi Xankəndində oturublar.

Mən çox istərdim ki, soyqırımı qeyd etdiyimiz kimi, Xocalı soyqırımı günündə ermənilər matəm etsinlər. Mən terroru qəbul etmirəm, amma anti-terror əməliyyatı keçirmək bizim hüququmuzdur.

-Xocalıda bu faciə niyə yaşandı, əvvəlcədən qarşısını almaq mümkün deyildi?

-Biz o vaxt hakimiyyətdə deyildik. O zaman Xocalı hava limanı Azərbaycanın nəzarəti altında idi, ermənilər də Xankəndi ilə İrəvanın əlaqəsini qurmaq, ordan gətirilən yüklərin yoxlanmaması üçün bu aeroporta göz dikmişdi. Buna görə də Xocalıya hücum gözlənilən idi. Sadəcə olaraq hücumun qarşısını almaq üçün müdafiəni əvvəlcədən möhkəmləndirmək lazım idi. Bu istiqamətdə də addımlar atılmamışdı.

-Amma soyqırımından sonra iqtidar orda bir nəfərin öldüyünü açıqlamışdı.

-Faciədən sonra bu hadisələr parlamentin iclasında müzakirə edilən zaman məlumat verildi ki, cəmi bir nəfər vəfat edib. Guya orda soyqırımı olmayıb. Sonra rəhmətlik Çingiz Mustafayevin çəkilişlərindən məlum oldu ki, dəhşətli soyqırımı törədilib. Lakin şayiələr yayılırdı ki, şəhərdə dəstələr olub, bir-biri ilə atışma baş verib. Mən o vaxt AXC sədrinin müavini idim, parlamentdə də deputat blokun üzvü idim. Hər şeyin üstü açılanda Ayaz Mütəllibovun impiçment məsələsi qaldırıldı. Faciəni araşdırmaq üçün komissiya yaradıldı. Ayaz Mütəllibov da məhz həmin faciəyə görə vəzifəsindən istefa verdi. İqtidar daxili mübarizənin nəticəsində parlamentin yeni sədri seçildi və prezidentin səlahiyyətlərini də o, icra etməyə başladı. Daha sonra faciəni araşdıran komissiya Mütəllibova əfv verdi və Mütəllibov bir daha hakimiyyətə gəldi. Parlament sadəcə impiçment edə bilərdi, amma onu işə qaytara bilməzdi.

-Niyə Xocalıda bir nəfərin öldürüldüyü deyilirdi, bunu Rusiya istəmişdi?

-Kimin istədiyini deyə bilmərəm. Amma bu cür informasiya verilməsi Mütəllibovun hakimiyyətini qorumağa hesablanmışdı. Çünki prezident həm də Ali Baş Komandan olaraq xalqın taleyindən məsuliyyət daşıyırdı. O bu soyqırımına görə getməli və geri qayıtmamalı idi. Ona görə də əvvəlcə bir nəfərin öldüyünü, atışma olduğunu, soyqırımın isə ümumiyyətlə olmadığını deyirdilər. Yəni konkret olaraq hakimiyyətini qorumaq üçün “cəmi bir nəfər ölüb” dedi.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR