Kimlər baş verənləri öz adı ilə çağırır? – Xocalı soyqırımı haqda ən mühüm faktlar
Bizi izləyin

Nida.az

Kimlər baş verənləri öz adı ilə çağırır? – Xocalı soyqırımı haqda ən mühüm faktlar

Düz 22 il öncə tarixin bu günü-25 fevral gecədən keçmiş Xocalıya hücum olacaqdı. Yerli əhalinin çoxu buna inanmasa da, 25-dən 26-a keçən gecə gözlənilməz, bir qədər də gözlənilən hücum oldu və XX əsrin sonunda bəşəriyyət daha bir, əsrin sonuncu soyqırımını tarixinə yazdı.

Tarix nə deyir?

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də enir. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olması ilə şəhərlə hava əlaqəsi də kəsilir. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılıb. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlanır. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olur. Tezliklə aydın olur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilir və onlar gülləborana tutulurlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.

Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu.

Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilibdir.

Nə üçün Xocalı?

7 min əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Xocalı həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Burda qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri -daş qutular, kurqanlar və nekropollar tapılıb. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılıb. Tapılmış muncuq dənələrindən birində Assuriya Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılıbmış.

Deməli, məqsəd həm də Azərbaycanın tarixini silmək olub.
Sonralar erməni tərəfi etiraf edir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.

Qətliam, soyqırımı, yoxsa döyüş?

Xocalıda törədilənlər bu gün müxtəlif ölkələrdə müxtəlif cür adlandırılır.
Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (ing. “Khojaly Massacre”, fr. Massacre de Khodjaly) terminindən istifadə etməyə üstünlük verir. Ermənilərsə tam əksinə: onlar üçün bu soyqırımı, insanların gözlərinin çıxarılması, başlarının kəsilməsi və dilə gətirilə bilməyəcək işgəncələr bir döyüş, qəhrəmanlıq idi. Onlar üçün bu, “Xocalı döyüşü”, “Xocalı hadisəsi” dir.

Kimlər baş verənləri öz adı ilə çağırır?

Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımı tanınır, bunu pisləyən qətnamələr qəbul edilir. 2012-ci ilin 2 fevral tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırımı adlandırılıb.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı pisləyən qətnamə qəbul edib.
2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanınıb. Həmin il İslam Əməkdaşlıq Təşkilatı Xocalını soyqırımı olaraq qəbul edib.

2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

Həmin ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.

2013-cü ildə Peru, bu il isə Honduras Respublikası Xocalını rəsmən soyqırımı olaraq qəbul edib.

ABŞ Xocalı ilə bağlı ümumi olaraq mövqeyini qətiləşdirməsə də, onun 10-dan artıq ştatı soyqırımı ilə bağlı qərar, qətnamə qəbul edib.

Belə ki, son 4 ildə 2010-cu ildə ABŞ-ın Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib.

2011-ci ildə Texas və Nyu-Cersi ştatları Xocalı soyqırımını rəsmən tanıyıb.

2012-ci ilin 28 fevral tarixində Corciya ştatı, 23 mart tarixində isə Men ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.

2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı, 8 fevral tarixində Arkanzas ştatı, 25 fevral tarixində isə Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.

2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.

2013-cü ilin 18 mart tarixində Tennessi, eləcə də ştatı Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanıyıb. Həmin ilin aprelin 3-də isə Qərbi Virciniya və Konnektikut ştatı eyni addımı atıb. 2013-cü ilin 21 avqust tarixində Florida ştatı da Xocalı soyqırımını rəsmən tanıyıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm