“Azərbaycan çox təhlükəsiz yerdir” - Britaniyanın Azərbaycandakı səfiri
Bizi izləyin

Nida.az

“Azərbaycan çox təhlükəsiz yerdir” - Britaniyanın Azərbaycandakı səfiri

Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiqin “Facebook” və “Twitter” vasitəsilə “BBC Azərbaycan”-nın oxucularının suallarını cavablandırıb. Publika.Az həmin müsahibəni ixtisarla təqdim edir.

-Azərbaycanda söz azadlığı və demokratiyanın qorunması və genişlənməsi naminə hansı proqramları öz prioritet siyahısına salıb? Əgər belə siyahı varsa, o nə zaman gerçəkləşəcək və orada nələr öz əksini tapır?

- Birləşmiş Krallıq insan haqları və demokratiya kimi məsələlərə ciddi diqqət yetirir və bizim Azərbaycan hakimiyyəti ilə bu barədə konstruktiv və səmimi müzakirələrimiz olur. Qarşılıqlı əlaqələrimizin söykəndiyi siyasi dialoq, daha çox praktiki əməkdaşlıqdır. Biz həm də, vətəndaş cəmiyyətinin fəaliyyətini dəstəkləmək üçün onlarla işləyirik. Bütün bunlar Azərbaycanın uğurlu cəmiyyət kimi inkişafı və böyüməsini gücləndirmək və dəstəkləmək üçün edilir.

-Xocalı soyqırımı barədə İngiltərə parlamentinə müraciət planlaşdırılıbmı? Yoxsa, belə bir qərar gözlənilirmi, yaxud hansı prosedurlar lazımdır ki, belə qərara başladılsın?

- Britaniya parlamentində debatlar, adətən hər hansı mövzuda maraqlı olan Parlament üzvləri tərəfindən təşkil edilir və ya hökümət tərəfindən, əgər hər hansı qəbul edilməsi zəruri qanun layihəsi varsa belə müzakirələr olur. Mən biləni, bu mövzunu Parlamentdə qaldıran heç bir Parlament üzvü yoxdur.

Parlament ictimai marağı dinləyib, onun tələblərinə cavab verir. Cəmiyyət hansısa mövzudan narahatdırsa, onu Parlament üzvləri ilə müzakirə edir və Parlament üzvləri məsələni Parlamentdə qaldırır. Əgər Britaniyada Azərbaycan icması və ya onu dəstəkləyənlər Britaniya Parlamentində bu mövzunun müzakirə edilməsini istəyirsə, o zaman parlamentarilərlə bu mövzunu danışmalıdırlar ki, onlar da bunu sonradan İcmalar Palatasında qaldırsınlar.

-Cənubi azərbaycanlıların hüquqlarının qorunması barəsində İngiltərənin rolu və baxışları necədir?

- Mən Britaniyanın Azərbaycandakı səfiriyəm və Azərbaycan daxilində baş verənlər diqqətimdədir. Bizim İranın daxilində səfirliyimiz yoxdur, yəni bizim İran vətəndaşları olan etnik azərbaycanlıların vəziyyətini öyrənmək üçün birbaşa girişimiz yoxdur. Mən onların narahatlıqları barədə eşitmək istərdim, amma bu, Britaniyanın Azərbaycandakı səfirinin diqqət ayırdığı məsələlər içərisində deyil.

-Cənab səfir Azərbaycan xalqı ilə britaniyalılar arasında hansı xüsusiyyətləri oxşar görür? Hər iki cəmiyyət arasında səfirə görə əsas fərq hansıdır?

- Düşünürəm ki, əsasən insanlar bütün dünyada eynidir. İnsanlar yaxşı həyat standartları, ailələrinin təhlükəsizliyinin qorunmasını istəyir və rifah içində yaşamaq üçün şanslar axtarır. Bu baxımdan Azərbaycan və Birləşmiş Krallıq arasında fərq yoxdur. Buradakı insanların da eyni arzu və məqsədləri var. Xüsusi məsələlərə gəldikdə isə, Azərbaycan da Birləşmiş Krallıq kimi müasir sekulyar yerdir, burada şəxsi azadlıqlar var, yəni insanlar necə istəyirsə elə yaşayırlar. Fikir azadlığı sahəsində kiçik fərqlər var. Birləşmiş Krallıqda da media azadlığı sahəsində problemlər olsa da, ümumən, oradakı şərait Azərbaycana nisbətən daha sağlam, geniş və azaddır. Amma Azərbaycanın, müstəqilliyindən bəri çox gənc ölkə olmasını nəzərə alsaq, bu, tamamilə normaldır və bu sahələrin inkişafı vaxt alacaq. Amma mən Azərbaycan hökümətini medianın azad inkişafına dəstəyini davam etdirməyə çağırıram.

-Siz müsəlmansınızmı?

- Müsəlmanam, bəli. Bilmirəm ki, bunun Britaniya səfirinin işinə nə təsiri ola bilər, amma düşünürəm ki, bəzən müsəlman ölkəsində müsəlman səfir olmaq daha məhsuldar ola biləcəyi ehtimal edilən əlaqələr qurmağa yardımçı olur.

Nə üçün Britaniya səfirliyi viza cavabını 15 iş günü ərzində (adətən 15-ci gün) verir? Mən iş adamıyam, hər həftə harasa uçmalıyam. Qlobalizasiyadır, onlar isə turist vizasını 15 günə verir Azərbaycanda. İşimizi atıb bunları gözləməliyikmi? Bundan başqa, viza ilə bağlı rüşvətxorluqdan xəbərdardırmı?

- Britaniya Viza və İmmiqrasiya Agentliyi normal olaraq, səyahət vizalarının 15 gün ərzində verilməsini hədəf kimi təyin edib. Bu, vizanın verilməsinin maksimum vaxtıdır. Amma biz çalışırıq və məqsədimizdir ki, daha tez viza verək. Ümidvaram ki, yeni sistemə baxmayaraq, vizaların daha tez müddətə verilməsini bacaracağıq.

- Bilirəm ki, bütün dünyada belə narahatlıq və şübhələr var. İnsanlar xidmətlərə təsir etmək üçün pul vermək kimi başqa yollara əl atır. Buna Britaniya hökümətinin tolerantlığı sıfırdır. Əgər bizim viza alınması və ya viza hazırlanması prosesinə təsir etmək üçün rüsvət ödənilməsi və ya belə təşəbbüsə cəhd barədə hansısa sübutumuz olsa, buna bulaşmış hər kəsə qarşı ciddi ölçülərimiz olacaq. Lakin biz Azərbaycanda belə bir hadisənin baş verməsi barədə hər hansı bilgiyə malik deyilik.

-Bilmək istəyirəm ki, nə üçün Britaniya pasportu olan Britaniya vətəndaşı konsulluqda görünmək üçün görüş təyin etməlidir?

- Məncə, ziyarətçilər üçün görüş təyin etmək təkcə təhlükəsizlik məsələsi deyil. Bu, həmçinin bütün dünyada Britaniya səfirlikləri üçün qəbul edilmiş iş təcrübəsidir. Biz funksiyalarımızı mərkəzləşdirmək və kompüterləşdirmək üçün çox çalışırıq. Bu isə, üz-üzə görüş təcrübəsinin azalması deməkdir. Təcili və üzücü vəziyyətlə üzləşən hansısa vətəndaş Britaniya səfirliyindən dərhal yardım alır. Bu, bizim əldə etməyə israrlı olduğumuz zəmanətdir. Dövri məsələlər üçün, məsələn, pasport yenilənməsi və ya başqa sənədləşmə işləri üçün ziyarətçilərdən görüş təyin etmələrini istəyirik və onlar səfirlikdən yaxşı yardım alırlar.

-Keçmiş ərim Bakıya köçür və istəyir ki, uşaqlarım da arada onu ziyarət etsin, amma mən qorxuram. Hazırda müharibə getməsə də, tam sülh müqaviləsi də yoxdur. Təhdidlər kiçik olsa belə, bu ərazi nə qədər təhlükəsiz sayıla bilər?

- Öz təcrübəmdən deyim ki, Azərbaycan çox təhlükəsiz yerdir. Burada Ermənistanla Dağlıq Qarabağ ətrafında davam edən konflikt mövcud olsa da, bu, işğal olunmuş ərazilər tərəfdə izolyasiya edilib və qalan Azərbaycan ərazisinə təsir etmir. Şübhəsiz, Bakıya gələn kimsə, Azərbaycanda təhlükəsizliyə təhdid yaradan münaqişənin Ermənistanla həll edilməsinə nail olmamasından narahatlıq keçirməməlidir. Bakı təhlükəsiz və sülhpərvər yerdir və Britaniya ziyarətçilərinə məsləhətim budur ki, Bakıya gəlməkdən narahat olmasınlar.

-Niyə İngiltərədə təhsil üçün azərbaycanlı tələbələrə viza almaq belə çətindir?

- Üzgünəm ki, sualda “Birləşmiş Krallığa təhsil vizası almaq çətindir” deyilir. Zəmanət verilən yeri, yəni kurs və ya universiteti olan və həmin təhsili ödəməyə maliyyə imkanına malik hər hansı tələbə üçün viza əldə etməyin problem olduğunu düşünmürəm. Kimsə Britaniya səfirliyi tərəfindən ədalətsizlik edildiyini düşünürsə, bunu həll etmək üçün prosedurlar mövcuddur. Lakin getdikcə daha çox azərbaycanlılar Birləşmiş Krallığa səfər edir; ötən il viza sənədlərində 20 faiz artım müşahidə edilib. Birləşmiş Krallıq hələ də azərbaycanlı tələbələr üçün populyar təyinat yeri kimi qalmaqdadır və Birləşmiş Krallıqda təhsil alan uğurlu tələbələr var.

-Eşitmişəm ki, Britaniya səfirliyi bu il bağlanır. Niyə?

-Qətiyyən, yox! Britaniya səfirliyi yerindədir və Britaniya səfirliyinin işini bacardığı qədər aktiv və dinamik şəkildə davam etdirməsi mənim səlahiyyətimdədir. Düşünürəm ki, burada bir anlaşılmazlıq var. Biz viza xidmətlərimizlə bağlı bir sıra dəyişiklərə gedirik. Belə ki, səfirliyin içərisində viza bölməsini bağlayırıq, amma bu, Azərbaycan vətəndaşlarına göstərilən viza xidmətlərinə problem yaratmayacaq. Azərbaycan vətəndaşlarına ayrıca viza xidmətləri göstərəcək bir şirkətlə müqavilə bağlayırıq. Bakının mərkəzində yerləşən özəl bir şirkət viza müraciətləri mərkəzi kimi fəaliyyət göstərəcək və vətəndaşlar müraciətlərini orada qeydiyyatdan keçirəcək. Yəni vətəndaşlar üçün hansısa köklü dəyişiklər olmayacaq, onlar ofisə gedib, müraciətlərini orada qeydiyyatdan keçirəcək və bir müddət sonra vizalarını alacaq. Biz arxa ofisin fəaliyyətini dəyişirik, viza verilməsi barədə qərarlar İstanbulda veriləcək, amma müştərilər üçün heç nə dəyişməyəcək. Onlar Bakıda müraciət edəcək və vizanı Bakıda alacaq və Britaniya səfirliyi öz aktiv fəaliyyətini davam etdirəcək.

-15 Mart 2008-ci ildə Birləşmiş Millətlər Təşkilarının Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnaməyə görə, Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxması istənildi. Niyə bu məsələ ilə bağlı heç nə edilmir?

- Azərbaycanlı və ermənilərin münaqişənin həll edilməməsindən qaynaqlanan məyusluğunu bölüşürəm və tərəfləri problemi sürətlə həll etməyə çağırıram. Problemin həlli və qərarlaşması, dünyanın bu hissəsində daha çox sülh və sabitliyə, daha çox irəliləyiş və çiçəklənməyə səbəb olacaq. Sülh nəticəsinin əldə edilməməsi isə regionda hamıya zərbədir. Və bu məsələnin əsasında, Azərbaycanın ərazi bütövlüyünün qorunması və öz müqəddəratını təyin etməyə hörmət və sülh yolu çərçivəsində həlli durur. Düşünürəm ki, hər şeyin əsasında Azərbaycan torpaqlarının qaytarılması olmalıdır. Mən bunları çox ciddi dəstəkləyirəm, amma bütün münaqişələr kimi, bu da siyasi iradə ilə bağlıdır. Sülh əldə etmək üçün vacib qərarların alınması hər iki ölkədə rəhbərliyin siyasi iradəsindən asılıdır.

Baronessa Koksa gəldikdə isə, əvvəldə məsələlərin Britaniya parlamentinə çıxarılmasından danışdım. Hər bir parlamentarinin istədiyi mövzunu qaldırmaq hüququ var. Baronessa Koks Britaniyadakı erməni və xristian icması tərəfindən güclü dəstəyə malikdir və bu da normaldır, çünki o inandığını edir. Amma bu, Britaniya hökümətinin mövqeyi deyil. Və onun fəaliyyətinə görə Birləşmiş Krallığın onun fikirlərinə dəstək verdiyini demək olmaz. Bu, sadəcə bir parlamentarinin rəyidir, hansı ki, onun da demokratiya şəraitində rəyini ifadə etmək azadlığı var. Beləliklə, demokratiya şəraitində ifadə azadlığını nəzərə alaraq, onun bəyanatlar verməsini dəstəkləsəm də Britaniya hökümətinin bir şəxsin mövqeyi ilə razılaşmadığını heç cür demək olmaz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm