AŞPA-da Naxçıvanla bağlı dinləmələr gözlənilir
Bizi izləyin

Nida.az

AŞPA-da Naxçıvanla bağlı dinləmələr gözlənilir

Publika.Az xəbər verir ki, 27-28 fevral 2014-cü il tarixlərində Maltada AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. İclasda Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar faciəsi, bununla əlaqədar regiondakı iqtisadi, ekoloji, bioloji fəsadlarla bağlı çıxış edib. Millət vəkili bildirib:

“Naxçıvan Muxtar Respublikası İranla sərhəddə yerləşən, 410.000 azərbaycanlının yaşadığı və təxminən 25 ildir ki, Ermənistan tərəfindən blokadada olan Azərbaycan ərazisidir. Blokada nəticəsində hüquqları pozulmuş Naxçıvan əhalisi böyük əziyyətlərə düçar olmuşdur və regionda iqtisadi və sosial durum ağır olaraq qalır.

Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etdikdən sonra Naxçıvanı da öz ərazilərinə qatacaqları ilə hədələyir. Naxçıvan sakinlərinin bu davamlı təhdidlə üz-üzə qaldıqlarını nəzərə alsaq, belə təhlükəli ərazidə gündəlik həyatın yüksək təzyiq altında olduğunu görərik.

Maraqlıdır ki, 25 il ərzində heç bir beynəlxalq qurumda, o cümlədən AŞPA-da Naxçıvanın blokadası barədə hər hansı bir dinləmə, müzakirə aparılmamış, sənəd qəbul edilməyib.Gəlin əvvəlcə bu ölüm saçan blokadanı aradan qaldıraq. Bunu isə heç kim eşitmək istəmir. Avropa Şurası Azərbaycanda demokratiyanın inkişafını sürətləndirmək istəyirsə ilk növbədə işğala son qoyulması üçün son sözünü deməlidir.”

Daha sonra Elxan Süleymanov Sərsəng humanitar faciəsi ilə bağlı məlumat verərək bildirdi ki, 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilib, 125 metr hündürlükdə bəndə və 560 mln m3 su tutumuna malik Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altında qalıb və 20 ildən atrıq müddətdir ki, heç bir texniki xidmət göstərilməməsi səbəbindən hazırda qəza vəziyyətindədir. Bu Azərbaycanın Aşağı Qarabağda yerləşən 6 rayonunda yaşayan 450 min nəfər əhali üçün ciddi təhlükə mənbəyi olmaqla yanaşı regiondaiqtisadi, ekoloji, bioloji fəsadlara səbəb olmuşdur. Hazırda region əhalisi ciddi humanitar faciə ilə üz-üzədir. Elxan Süleymanov beynəlxalq ictimaiyyətin diqqətini bu humanitar faciənin aradan qaldırılmasının vacibliyinə yönəltməyə çağırdı və xüsusilə vurğuladı ki, bu gün Azərbaycanın işğal altında olan ərazilərindən qovulmuş 1 milyona yaxın qaçqınla yanaşı Naxçıvanın 410 min əhalisi, eləcə də, Sərsəng humanitar faciəsi təhlükəsi altında olan 450 min nəfər, ümumulikdə 1 mln 850 min azərbaycanlı işğal və blokadanın girovuna çevrilib.

Sonda Elxan Süleymanov Ukrayna hadisələrindən dərs götürməyə, beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının işğala göz yummayaraq Azərbaycan torpaqlarının işğalı və blokadası ilə əlaqədar qəti qərarlar qəbul etməli olduğuna çağırış edib.

Avropa ölkələrindən olan bir neçə deputat Elxan Süleymanovun qaldırdığı məsələləri dəstəkləyərək onunla həmrəy olduqlarını bildiriblər.Elxan Süleymanovun çıxışından sonra Monitorinq Komitəsindəqərara alındı ki, hər iki ölkə - Azərbaycan və Ermənistan üzrə həmməruzəçilər Naxçıvanın blokadası və Sərsəng su anbarının humanitar vəziyyəti ilə bağlı araşdırmalar apararaq bu məsələləri öz məruzələrinə daxil etsinlər. Avropa Şurası isə qaldırılan məsələləri daima öz nəzarətində saxlasın.

Sonda Monitorinq Komitəsinin sədri cənab Stefan Şennax Avropa Şurasında Naxçıvanın blokadası ilə bağlı dinləmələrin keçirilməsinin vacibliyini vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm