Rəsmi Bakı Krıma necə dəstək verəcək? - TƏKLİF
Bizi izləyin

Nida.az

Rəsmi Bakı Krıma necə dəstək verəcək? - TƏKLİF


Rusiyanın Ukraynada məğlubiyyəti və bu acını çıxartmaq üçün Krımı qoparmaq cəhdləri eyni ssenarilərin səhnələşdiriləcəyi növbəti meydanın Azərbaycan olacağı fikirlərini ortaya çıxarıb.

Söhbət Kremlin Qərbin həmlələri qarşısında geri çəkildikcə quracağı barrikadalardan gedir. Ən böyük ehtimalsa potensial mübarizə hədəfinin məhz Xəzərin sahillərində olacağıdır. Bu üzdən ekspertlər Rusiyanın Ukraynada zəif düşməsini bizim üçün müsbət versiya hesab edirlər. Digər tərəfdən, ortada ərazi bütövlüyündən gedir ki, Azərbaycan uzun müddətdir bu ağrıdan əziyyət çəkir və bunun əsas səbəbkarının da Rusiya olduğu heç kəsə sirr deyil. Krım uğrunda davam edən lokal mübarizədə rəsmi Bakının tutacağı, həm də tutmalı olduğu cəbhə Ukraynanın yanında olmalıdır. Necə ki, Moldovada Dnestryanı, ardınca klassik gediş olan Gürcüstanda Abxaziya məsələsində belə bir mövqe tutmuşdu.

Eyni zamanda, Krımda eyniköklü mənsubiyyət də bunu vacib edən amildir. Artıq Krım tatarlarından dəstək üçün Türkiyə və Azərbaycana çağırışlar gəlir. Bəs rəsmi Bakı Krıma, dolayısı ilə Ukraynaya dəstəyini necə verməlidir? Rusiya amili bu sualın ağırlığını da yetərincə artırır.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Asim Mollazadə Publika.Az -a açıqlamasında bildirib ki, Krımda bu gün separatizm oyunları oynanılır. Yarımadada baş verənlərin ona Qarabağı xatırladığını deyən millət vəkili hesab edir ki, bütün məqsəd hansısa dövlətin inkişafının qarşısını almaqdır.

A. Mollazadənin fikrincə, rəsmi Bakının dəstəyi Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək ola bilər: “Krımda baş verənlərdə dövlətin bütövlüyü və müstəqilliyi şübhə altında alınıb. Azərbaycan dəstəyi ilk növbədə Ukraynanın müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyinə dəstək olmalıdır. Mən xüsusi vurğulamaq istəyirəm ki, Krım tatarları Ukrayna dövlətinin yanındadırlar. Onlar istəyi Ukraynanın ərazi bütövlüyünün şübhə altına alınmaması, müasir, inkişaf edən bir dövlətdə yaşamaqdan ibarətdir”.

Komitə üzvü qeyd edib ki, Azərbaycan radikal separatizmdən əziyyət çəkmiş bir ölkədir. Onun sözlərinə görə, inkişafın, sabitliyin qarşısını almağa yönəlmiş separatçılığı qəbul etmirik.

“Hər bir azərbaycanlının mövqeyi bununla bağlı birmənalı olmalıdır. Söhbət təkcə Krımdakı türk əsilli qardaşlarımızdan deyil, ukraynalı qardaşlarımızdan da gedir. Müttəfiqimiz olan Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstək verib. Biz də bu cür oyunlardan ciddi əzablar çəkmişik. Bir daha deyirəm, Azərbaycanın bu prosesdə dəstəyi Ukrayna dövlətinə, onun ərazi bütövlüyünə, müstəqilliyinə veriləcək dəstəkdir. Biz belə dəstəyi dünyadan-nüfuzlu ölkələrdən, beynəlxalq təşkilatlardan da gözləyirik. Bizim istəyimiz ondan ibarətdir ki, gənc, müstəqil dövlətlərə beynəlxalq ictimaiyyət dəstək versin. Dünya anlamalıdır ki, Azərbaycana, Gürcüstana, Moldovaya qarşı törədilmiş separatçı təxribatlar bu ölkələrin inkişafının qarşısını almağa hesablanıb. Bütün beynəlxalq təşkilatlar da bu cür hadisələrə diqqətini artmalı, nüfuzlu dövlətlər rollarını gücləndirməlidir. Təbii ki, onların imkanları Azərbaycandan daha çoxdur. Azərbaycan da dünya ilə eyni istiqamətdə getmək istəyir. İstənilən cinayətin qarşısının alınmasının tərəfdarıdır”-deyə A. Mollazadə vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm