YAP-çı deputat: “Onlar da Sarkisyan kimi cinayətkardan geri qalmırlar”
Bizi izləyin

Nida.az

YAP-çı deputat: “Onlar da Sarkisyan kimi cinayətkardan geri qalmırlar”

Milli Məclisin Dağlıq Qarabağdan seçilmiş deputatı Elman Məmmədov aprelin 25-də Fransa prezidenti Fransua Ollandın Bakıya nəzərdə tutulan səfərinin nəticəsindən gözləntilərini açıqlayıb.

Deputat Publika.az-a açıqlamasında deyib ki, indi qondarma “erməni soyqırımı” məsələsinin əsas günahkarları bəzi Avropa ölkələridir: “Vaxtilə ermənilərə Osmanlı İmperiyası hər cür şərait yaratmışdı. Ancaq onlar Osmanlı dövlətinə xəyanət etdilər. Axı 100 il əvvəl erməniləri Osmanlı İmperiyasına qarşı kim silahlandırmışdı, kim qaldırmışdı? Ermənilərə kim demişdi ki, siz türklərə qarşı üsyana qalxın, biz də sizə dəstək verəcəyik ki, orada dövlətinizi yaradasınız.

Əlbəttə ki, bütün bu vədləri həmin ermənilərə Fransa, İngiltərə, Rusiya və ABŞ vermişdi. Əgər indi ermənilərin zərrə ağılları olsaydı, o zaman onlar Fransaya və İngiltərəyə qarşı təzminat tələb edərdilər. Çünki erməniləri aldadıb qırdıran həmin Fransa və İngiltərə olub. Ona görə də hesab edirəm ki, qondarma “erməni soyqırımı” məsələsi Fransanın törətdiyi və şərik olduğu əməldir. Ona görə də Fransa prezidenti aprelin 24-də İrəvana gedəcək. Mən bu səfərdən heç bir müsbət nəticə gözləmirəm”.

E.Məmmədov Avropa Parlamentinin qəbul etdiyi qondarma soyqırımı ilə bağlı qətnaməyə də münasibət bildirib: “Hesab edirəm ki, bu addım olmayan hadisə barədə qərəzli və saxta qərardır. Onlardan soruşmaq lazımdır ki, ay Avropa Parlamenti sən hüquqi qurumsan və hər hansı qətnamə qəbul edən zaman əlində hüquqi sənəd olmalıdır ki, ona əsaslanasan. Axı Avropa Parlamenti qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul edən zaman hansı hüquqi sənədə və ya məhkəmə qərarına əsaslanıb? Əlbəttə ki, heç birinə. Deməli, Avropa Parlamenti sən özün Azərbaycan türklərinə qarşı soyqırımı törədən təcavüzkar Ermənistanı müdafiə etməklə məşğulsan.

Ay Avropa Parlamenti və onun üzvləri, axı siz niyə beləsiniz? Çünki son 100 ildə Azərbaycan türklərinə soyqırımı törədən və oradan-buradan yığılıb Cənubi Qafqaza gələn və burada məskunlaşan erməni etnosları da elə sizin yolunuzla gedirlər. Gedin öz tarixinizə baxın, vaxtilə Amerika qitəsində yerli tayfaları necə qırıb nəslini kəsdiniz, sonra da Avropadan axışıb Amerikaya getdiniz, sonrada orada öz dövlətinizi qurdunuz.

Ay Avropa, siz hərdən öz tarixinizə də baxın görün ki, vaxtilə Şimali Afrika ölkələrində, o cümlədən Liviyada, Əlcəzairdə, Mərakeşdə, Tunisdə və Liviyada hansı qətlləri və terror aktlarını törətmisiniz. Ərəb və müsəlman ölkələrində, Çində, Kambocada, Filippində, Vyetnamda törətdiyiniz soyqırımlara baxın. Yaxud da Ukraynada, Çexiyada, Polşada və digər ölkələrdə törətdiyiniz soyqırımlara izah verin. Bütün bunlara görə xəcalət çəkmək əvəzinə, üstəlik işğalçı ölkəyə yenə dəstək verirsiniz. Bu yaxınlarda Serj Sarkisyan Rusiyanın “Mir” telekanalına müsahibəsində həyasızcasına deyir ki, biz erməni xalqı olaraq genosidə qarşı mübarizə aparmışıq. Görün nə qədər ədalətasizlik hökm sürür ki, 90-cı illərdə dünyanın gözü qarşısında Azərbaycan ərazilərində soyqırımlar törətmiş və əli günahsız insanların qanına batmış Serj Sarkisyan özünü dünyaya “mübariz” və “qəhrəman” kimi təqdim edir. Bəs Avropa Parlamentində qondarma soyqırımla bağlı səs verən deputatlar məgər bunu görmürmü?”

E.Məmmədov deyib ki, Avropa Parlamentində qondarma soyqırıma səs verənlər heç də Serj Sarkisyan kimi cinayətkardan geri qalmırlar: “Onların hamısı eyni məqsədə xidmət edirlər. Yəni, onların əsas məqsədi “erməni soyqırımı” məsələsindən Türkiyəyə qarşı bir alət kimi istifadə edib, ondan nə isə qoparmaq, Azərbaycanı nədəsə razı salmaq və sairədir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm