Siyavuş Novruzov: “Onların aldıqları maliyyələr erməni mənbələrindəndir”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Onların aldıqları maliyyələr erməni mənbələrindəndir”

“Avropa Oyunları ərəfəsində bir sıra xarici dairələr və onların buradakı havadarları Azərbaycanın iqtisadi inkişafını, ölkədə gedən islahatları, dövlətimizin Avropanın aparıcı şəhərləri kimi inkişaf etməsini, mötəbər beynəlxalq tədbirlərin burada keçirilməsini, ölkədəki mövcud ictimai-siyasi sabitliyi və sairə bu kimi halları görmək istəmirlər”.

Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bəzi xarici dairələrin maliyyələşdirdiyi “sapı özümüzdən olan baltalar” Azərbaycan əleyhinə verilən bütün tapşırıqları canla-başla icra etməyə hazırdırlar. S.Novruzov deyib ki, indi Azərbaycanda Avropa Oyunlarının keçirilməsini istəməyən bir neçə qüvvə varsa, onlardan biri Ermənistan, digərləri erməni lobbisi təsiri altında olan xarici təşkilatlar və Azərbaycanın bir neçə müxalifət təşkilatları və onların qəzetləridir: “Bilirsiniz ki, bu günlərdə Avropa Parlamenti Türkiyə əleyhinə olan qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı qətnamə qəbul etdi. Sual olunur ki, nə üçün Azərbaycanda olan həmin müxalifət partiyaları buna etiraz etmədilər? Əgər bunlar özlərini müxalifət partiyası hesab edirsə, o zaman müxalifət olaraq bu baş verənlərə fikir bildirməli idi. Gedib səfirlik qarşısında etiraz aksiyası və ya piket təşkil edə bilərdilər. Ancaq onlar bu məsələyə hər hansı etiraz bildirmədilər. Təbii ki, onlar bu cür məsələlərə etiraz edə bilməzdilər. Çünki aldıqları maliyyələr erməni mənbələrindəndir.

Əgər həmin müxalifət partiyaları buna etiraz etsəydilər, o dəqiqə şirələrini kəsəcəkdilər. Buna görə də səsləri çıxmır. Halbuki bu qərar bütün türklərə qarşıdır. Həmin müxalifət partiya rəhbərləri və ya funksionerləri öz qəzetlərində bu soyqırımı iddialarının saxta olması və Türkiyəyə qarşı ədalətsiz qərar verilməsi barədə bir kəlmə də olsun çıxışlar etmədilər. Yaxud da Roma Papasının “erməni soyqırımı” ifadəsi səsləndirməsi həmin müxalifət təşkilatları tərəfindən pislənildimi? Xeyr, pislənilmədi. Onlar bunu da edə bilməzlər, çünki maliyyələri kəsilər. Ancaq həmfikir olduqları “Freedom House” kimi Qərb təşkilatlarının hər hansı bir bəyanatı olan kimi, onu dərhal yayımlayırlar, ona geniş şərhlər verirlər və sairə. Bütün bunlar bir daha onu göstərir ki, həmin adamlarda Azərbaycan xalqı ilə bağlılıq yoxdur. Onlar Azərbaycan xalqına və dövlətinə xidmət etmirlər, yalnız öz maraqlar və haradan qaba2larına pay atılırsa, ona qulluq edirlər”.

YAP-çı deputat qeyd edib ki, sözügedən məsələlərlə bağlı Azərbaycan hakimiyyəti öz etiraz mövqeyini bəyan edib: “Azərbaycan dövləti həm Milli Məclis, həm də ayrı-ayrı qurumlar səviyyəsində Avropa Parlamentinin qəbul etdiyi qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməyə münasibət bildirib. Biz bəyan etmişik ki, 1992-ci ildə dünyanın gözü qarşısında ermənilər Xocalıda günahsız insanları öz evlərində soyqırıma məruz qoyublar. Avropa Parlamenti bir əsr bundan öncə uydurulan hər hansı bir hadisə barədə qərar vermək əvəzinə, nə üçün Xocalı haqqında qərar vermir? Nə üçün işğalçı Ermənistana qarşı belə bir qətnamə qəbul etmir? Biz bu cür mövqeyi dəfələrlə bildirmişik və bildirməkdə də davam edəcəyik. Həmin müxalifət partiyaları da bunu edə bilərdilər, gedib səfirliklər önündə piket təşkil edə bilərdilər. Ancaq etmədilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm