• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hacı Madər Musayev: “Roma papası yaxşı olar ki, gedib öz işi ilə məşğul olsun”

  • Nida.az
  • 21 Aprel 2015 13:57
  • 1 786 Baxış
Hacı Madər Musayev: “Roma papası yaxşı olar ki, gedib öz işi ilə məşğul olsun”

“Roma papasının çatışmayan cəhətləri çoxdur. Ona görə də yaxşı olar ki, o gedib öz işi ilə məşğul olsun”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Hacı Madər Musayev bildirib.

Onun sözlərinə görə, Roma papasının “erməni soyqırımı” ifadəsini işlətməsi də bir siyasətdir, onların müsəlmanlara qarşı olan məqsədlərindən biridir.

Hacı Madər Musayev deyib ki, tarixən xristianlar müsəlmanlara qarşı mübarizə aparıblar: “Bilirsiniz, əqrəbin adamı sancması ədavətdən irəli gəlmir, bu onun xislətində var. Ona görə də deyə bilərik ki, Roma papasının da bu addımı hər hansı şəxsi ədavətdən irəli gəlmir. Bu, onların məqsədidir. Onların “erməni soyqırımı” məsələsindən danışmağa bir faiz belə haqları yoxdur. Roma papası və Qərb təşkilatları bütün bunları bilərəkdən danışırlar. Onlar yaxşı bilirlər ki, İslam dini dünyada sülhə və ədalətə, müsəlmanları birliyə çağırış edir. Ona görə də xristianlar bundan narahat olurlar”.

Deputat onu da qeyd edib ki, İslam dininə qarşı tarixən qarayaxma kampaniyaları aparılıb: “Bilirsiniz, bar verən ağaca hər zaman daş atırlar. Heç söyüdə daş atan görmüşünüz? Hər zaman bar verən ağaca daş atıblar. İslam da dünya dinləri arasında ən cavan dindir. Hətta zaman-zaman digər dinlərdən də İslama keçən adamların sayı çox olub. Təbii ki, bütün bunlar qısqanclıqla qarşılanıb. Bəzən də bundan qorxublar. Tarixən bu belə olub. Sadəcə olaraq, əvvəllər aşkarlıq yox idi, insanların yarısı bunlardan xəbər tuta bilmirdi. Ancaq indi media və internet əsridir, dünyada nə baş verirsə, insanlar dərhal bundan xəbər tuturlar”.

Aprelin əvvəlində Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına səfərinə də toxunan Hacı Madər Musayev deyib ki, Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olması və bütün dini əməlləri yerinə yetirməsi çox böyük addım idi: “Cəmiyyət tərəfindən də bu çox yüksək səviyyədə qarşılandı. Mən bir dəfə orada olmuşam. Bilirəm ki, orada hər adamı, hər ölkə rəhbərini bu cür yüksək səviyyədə qəbul etmirlər. Məkkədə içəriyə daxil olub müqəddəs yerləri ziyarət edən zaman ətrafda olan hər kəsin diqqət mərkəzində olursan, hər kəslə bir yerdə namaz qılırsan. Bunu çox adam arzu edir, ancaq hər adama qismət olmur. Biz televiziyadan izlədik, gördük ki, cənab Prezidenti orada çox yüksək səviyyədə qarşıladılar. Bu, ona və dövlətimizə olan yüksək hörmət idi. Ümumiyyətlə, cənab Prezident nə addım atırsa, çox düzgün edir. Çünki o, nəyin necə olduğunu hamıdan yaxşı bilir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR