“Atam buna görə məndən küsdü...” – AMİP sədri ilə qeyri-siyasi SÖHBƏT – FOTOLAR
Bizi izləyin

Nida.az

“Atam buna görə məndən küsdü...” – AMİP sədri ilə qeyri-siyasi SÖHBƏT – FOTOLAR

Azərbaycan Milli İstiqlal Partiyasında dalbadal, qısamüddətli və qalmaqallı sədr dəyişiklikləri prosesinə yalnız Yusif Bağırzadənin bu təşkilatın rəhbəri postuna seçilməsindən sonra xitam verildi.

Öz qurultaylarında keçmiş deputatı sədr seçən milli istiqlalçılar artıq neçə ildir onun rəhbərliyi altında fəaliyyət göstərirlər. Biz isə öz növbəmizdə qərara aldıq ki, Yusif Bağırzadənin gündəlik fəaliyyətinin və yaşam tərzinin görünməyən tərəflərinə “Siyasətsiz siyasətçi” rubrikasında işıq salaq:

“Evə gələndə mənə qarşı münasibətin dəyişdiyini hiss etdim”

Atamın doğmaları 1934-cü ildə nəsillikcə Gəncədən Özbəkistana sürgün olunublar. Bu, Stalinin məqsədyönlü siyasətinin nəticəsi idi. Atamın ailəsi SSRİ rəhbərinin ölümündən sonra yenidən Gəncəyə qayıdıb. 1961-ci ilin 19 fevralında Gəncədə mən dünyaya gəlmişəm. Atam hüquqşünas idi, prokurorluq sistemində çalışırdı. Anam isə tibb bacısı işləyib. Ailədə iki qardaşıq. Qardaşım məndən böyükdür. O, fəhləlikdən Gəncə şəhər Ət Kombinatının direktor müavini vəzifəsinə qədər ucalıb. Hazırda səhhəti ilə əlaqədar təqaüddədir.

Prokurorluq işçisi olmuş atam Qəzənfər Bağırovun tez-tez iş yerini dəyişməsi ilə əlaqədar ilk təhsilimi Gəncə, Göyçay və Masallı rayonlarında almışam. 1977-ci ildə orta məktəbi bitirib, valideynlərimin arzusuna uyğun olaraq Özbəkistanın Tibb Universitetinə daxil oldum. Atam hüquqşünas olmağımı istəmirdi. Lakin universitetdə cəmi 3 ay oxudum. Başa düşdüm ki, bu sənət mənlik deyil. Buna görə də universitetdən xaric olunmaq haqqında ərizə yazdım. Atam bunu bildikdə məndən küsdü. Ta mən Daşkənd Universitetinin hüquq fakültəsinə daxil olana qədər. Bir dəfə evə gələndə mənə qarşı münasibətin dəyişdiyini hiss etdim. Buna görə də yenidən geri qayıtdım və Özbəkistanda tikinti sahəsində çalışdım. Yeri gəlmişkən, bu ölkə mənə doğma gəlirdi. Qohumlarım orda sürgündə olmuşdular, ailəmizin dostları yaşayırdı. Həmin səbəbdən də orada özümə qarşı isti münasibətin şahidi olurdum, onun şəhərləri də mənə doğma gəlirdi. Bu ölkədə tanış olduğum azərbaycanlılar mənə iş tapmaqda kömək etdilər. Maaş da yaxşı idi. Amma su, kanalizasiya sistemi yox idi, isti hava da bir tərəfdən. Lakin, görünür, bu yolu keçməli idim. Bir qədər sonra Özbəkistan Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil oldum. Üçüncü kursdan mülki qanunvericilik profilini seçdim. Həmin vaxt icbari ikiillik təyinat verirdilər. Orda iki il işləməli idim. Bu səbəbdən də təyinatdan qaçmaq üçün 1982-ci ildə qiyabi şöbəyə keçdim. Qiyabi şöbəyə keçən kimi məni əsgərliyə apardılar (gülür).

“Sərdar Cəlaloğlu ekspertizaya gedəndə məni özü ilə aparırdı”

Hərbi xidmətimə Qazaxıstanda başladım. Bir müddət sonra diviziyamız yerini dəyişərək Naxçıvana köçürüldü. Yeri gəlmişkən, Naxçıvana gəldikdən sonra ali təhsilli olduğumdan tərcüməçi kimi fəaliyyət göstərdim. Mən orada Sərdar Cəlaloğlu ilə tanış oldum. O, tibb eksperti idi. Sərdar bəy yaxşı müstəntiq ola biləcəyimi düşündüyündən ekspertizaya gedəndə həmişə məni özü ilə aparırdı. Oradakı dərnəklərdə Naxçıvan ziyalıları, azadlıqsevərlər bir araya gəlirdi. Naxçıvan mühiti mənim həyatımda böyük rol oynadı. Bu səbəbdən 90-cı illərin əvvəllərində Sərdar bəylə tez-tez görüşürdük. 1984-cü ildə hərbi xidmətimi, 1985-ci ildə ali təhsili başa vurdum.

Gəncə Qənnadı Fabrikinə hüquqşünas kimi işə düzəldim. Altı ay işlədikdən sonra hüquq şöbəsinin rəisi vəzifəsinə təyin olundum. Bir qədər sonra Gəncə şəhər İcraiyyə Komitəsində hüquqşünas kimi çalışmağa başladım.

80-ci illərin sonlarında Gəncədə notarial kontor fəaliyyətə başladı. Ədliyyə Nazirliyini sərəcamı ilə şəhərin Yeni Gəncə adlandırılan hissəsində notarial kontor açdım. 1988-1992-ci illərdə kontor rəisi kimi fəaliyyət göstərdim. 1992-ci ildə Gəncənin Bir nömrəli Notariat Kontorunda baş notarius kimi çalışmağa başladım. Bir müddət sonra ədliyyə naziri məni 13 nömrəli kontora baş notarius təyin etdi.

“Sabir Rüstəmxanlının kitablarını payladığıma görə məni Yevlaxda saxladılar”

Ədliyyə Nazirliyinin işçisi olmağıma baxmayaraq, Sabir Rüstəmxanlının Azərbaycanın tarixi, ana dilimiz, milli dövlətçilik ruhlu kitablarını rayon-rayon gəzib paylayırdım. Sovet dövründə onun kitabları qeyri-rəsmi olaraq qadağan edilmişdi. 1989-cu ildə milislər məni onun kitablarını payladığıma görə Yevlaxda saxladılar. Əvvəl elə bildilər kitab dəllalıyam. Buna görə də sorğu-sual, təhdid etdilər. Milis işçilərindən biri gəncəli olduğuna görə məndən nə üçün qadağan edilmiş kitabları payladığımı soruşdu. Hər şeyi ona danışdım. Mənə məsləhət gördü ki, Sabir Rüstəmxanlı ilə əlaqə saxlayım. Sabir bəylə telefonla danışdıqdan bir saat sonra məni azad etdilər.

1995-ci ildə birinci çağırış parlament seçkilərində deputatlığa namizəd oldum. Seçkilərdə qalib gəldim, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyası sədrinin müavini oldum. Milli Məclisdə bir sıra şəxslərlə tanış oldum və bu əlaqələr dostluq münasibətlərinə çevrildi. 2000-ci ilə qədər millət vəkili kimi fəaliyyət göstərsəm də, ikinci çağırış parlament seçkilərində deputat seçilmədim. 2003-2006-cı illərdə Mərkəzi Seçki Komissiyasında ADP-nin təmsilçisi kimi fəaliyyət göstərdim. 2006-cı ildən müstəqil hüquqşünas fəaliyyətinə başladım. 2010-cu ildə partiyanın qurultayında Etibar bəyin təklifi ilə AMİP-in sədri vəzifəsinə namizədliyimi irəli sürdüm və sədr seçildim.

“Anam üç dəfə insult keçirib”

- Ananız bir müddət əvvəl ağır xəstə idi.

- Elə indi də xəstədir, üç dəfə insult keçirib. Onu çox sevirəm. Xasiyyətcə və xarici görünüş baxımından anama oxşayıram. Hər axşam evə gedəndə gedib yanında oturur, söhbətləşirəm.

- Nə vaxt ailə qurdunuz?

- 1994-cü ildə. Xanımımla uzaq qohumuq. Üç övladım – iki oğlum, bir qızım dünyaya gəldi. Böyuk oğlumun 20, ortancıl övladımın 19, Banuçiçək adlı kiçik qızımın 7 yaşı var. Oğlanlarımdan birinə atamın, digərinə qayınatamın adını qoymuşam. Övladlarımın ikisi Londondakı Siti Universitetində təhsil alırlar. Oğlanlarım ingilis, fransız, ispan və rus dilini təmiz bilirlər. Onlara çin dilini öyrənməyi tövsiyə etmişəm. Övladlarımdan razıyam.

- Övladlarınızdan hansını daha çox istəyirsiniz?

- Qızımı...

- Niyə?

- Əvvəllər başım qarışıq olurdu deyə, oğlanlarımı evdə az görürdüm. İndi evə gedən kimi qızım qulluğumda durur. Çay gətirir, çalışır ki, özü mənə yemək versin. Bütün bunlar məni yaşadır.

- Xanımınız işləyir?

- Əvvəllər müəllimə işləyirdi. Lakin indi qızımla əlaqədar işləmir. Çünki işləməyə vaxtı yoxdur. Qızım bir az böyüdükdən sonra həyat yoldaşım da işləyəcək.

“Valideynlərin məsləhəti ilə evlənsəydim, 25 yaşında ailə qurardım”

- Xanımınız qohumunuzdur dediniz, belə çıxır ki, həmin xanımla valideynlərinizin məsləhəti ilə ailə qurmusunuz.

- Yox, valideynlərin məsləhəti ilə evlənsəydim, elə 25 yaşında ailə qurardım də. Mən 33 yaşımda evləndim.

- Niyə bu qədər gec?

- Bir müddət atam xəstə oldu. Onun qulluğunda durdum. Daha sonra özümə ev-eşik və karyera qurmaq barədə düşündüm.

- Qura bildiniz?

- Bəli...

- Ailədə mühafizəkarsınız ya liberal?

- Mühafizəkaram, xüsusən övladlarıma qarşı tələbkaram. Bu, mənim təbiətimdən irəli gəlir.

- Niyə?

- Xarakterim belədir. Atam bizə qarşı necə idisə, mən də övladlarıma qarşı o cürəm. Fikir verirəm – bu üsul öz effektini verir. Sizə bir epizodu xatırladım. Bibim Gəncədə özü müəllimim olub. Bir gün valideynlərim məni toya aparmaq istədilər. Toyun səhəri günü bibimin dərsi vardı. Anam bibimə dedi ki, Yusifi toya aparırıq, ola bilsin gec gələcəyik. Sabah səhər ondan dərs soruşma. Bibim dərs soruşmayacağını vəd verdi. Lakin mən ona inanmadım. Öz-özümə dedim ki, əgər bibim atamın bacısıdırsa, o, sabah məndən dərs soruşacaq. Toydan qayıtdıqdan sonra gecə oturub dərsimi oxudum. Səhər dərsə gedəndə bibim sinifdə birinci məni ayağa qaldırıb dərsi soruşdu. Danışdım. Bibim sinif yoldaşlarıma dedi ki, Yusif dünən toya getmişdi, onu özüm yoxladım görüm dərsə hazır gəlibmi? Mən həyatda hər zaman ehtiyatlı davranmışam.

“Desəniz ki, iki saat burda dayanın, dayanaram”

- Ehtiyatlılığınız nədən irəli gəlir?

- Həyat çox mürəkkəbdir.

- Evə bazarlığı kim edir, siz, yoxsa..?

- Əsasən mən...Bəzən də xanımım.

- Dostlarınız kimlərdir?

- Bu, böyük anlayışdır. Onun xüsusi statusu var. Dostlarım çoxdur.

- Ən yaxın olanlar hansılardır?

- Gəncədə yaşayan Rafael, habelə Elşən Mustafayev, Arzuxan Əlizadə və digərləri. Partiya sədri olmağıma baxmayaraq, hamı ilə dostam. Elə siz özünüz mənim dostumsunuz. Mən dostcanlı adamam. Desəniz ki, iki saat burda dayanın, sizinlə işim var, dayanaram. Yaşımızın elə həddidir ki, artıq dost itirən vaxtımız deyil. Dostlarımla fəxr edirəm.

- Geyiminiz rəsmidir, belə geyməyi xoşlayırsınız?

- Siz məni müsahibəyə çağıranda və mövzunu deyəndə bunu qeyri-rəsmi müsahibə olacağını başa düşdüm. Ümumiyyətlə, qeyri-rəsmi geyməyi xoşlayıram.

- Niyə?

- Onda daha rahat oluram. İnsan qeyri-rəsmi geyinəndə cəlbedici olmur və bu qarşı tərəfdən narahatlıqla qarşılanmır.

“Antik şəkillərin bir qismini Tarix Muzeyinə hədiyyə vermişəm”

- Təbiətcə də bir az utancaqsınız, deyəsən?

- Bəli, utancağam, üzlü deyiləm də (gülür).

- Mütaliə ilə aranız necədir?

- Kitab oxumağı sevirəm. Nəsiminin, Nizaminin, Füzulinin, Mirzə Şəfi Vazehin, Məhsəti Gəncəvinin əsərlərini mütaliə etməyi çox sevirəm. Stolüstü kitabım Herodotun “Tarix” əsəridir. Onu dönə-dönə oxuyuram.

- Asudə vaxtlarınızda hansı işlə məşğul olmağı sevirsiniz?

- Övladlarımla məşğul oluram. Mənim hobbim tarix oxumaqdır. Özümün antikvar kolleksiyam var. Antik şəkilləri yığıram. Onların bir qismini Tarix Muzeyinə hədiyyə vermişəm.

- Siyasət çirkabdır, öz əhlini də çirkaba batırır.

- Elədir.

- Siz çirkaba bulaşmamısınız ki?

- Yox, bugünkü gün çirkaba bulaşmamışam, amma belə bir təhlükə hər zaman var. Ronald Reyqan deyirdi ki, dünyada iki ən qədim peşə növləri var: – siyasətçilər və əxlaqsız qadınlar (gülür). Çalışıram ki, çirkaba bulaşmayım.

- Siyasətçilər həm də yalan danışır. Yalan danışırsınız?

- Çalışıram danışmayım.

- Siyasi fəaliyyətlə məşğul olduğunuz bu illər ərzində itirdikləriniz çox olub, ya qazancınız?

- Tərəziyə qoyanda ikisi də eyni gəlir.

“Özüm üçün xüsusi şərait yaratmışam”

- “Facebook”da niyə yoxsunuz?

- Orada bəzi gizli profillər, saxtakarlıqlar var.

- Amma 5000 dostun olması, fikirlərinizi sərbəst bölüşməniz, paylaşımlar da mühüm tribunadır.

- Haqlı iraddır. Düz deyirsiniz, gərək bu barədə düşünüm.

- Qonaqpərvərsiniz?

- Həddən çox... İstəyirəm tez-tez qonaqlarım gəlsin, onlarla deyim, gülüm.

- İdmanla məşğul olursunuz?

- Bəli...

- 54 yaşınızda da?

- Əlbəttə...

- Hansı idman növləri ilə məşğul olursunuz?

- Üzgüçülük və avarçəkmə ilə. Bu növlərlə hər gün məşğul oluram. Özüm üçün xüsusi şərait yaratmışam.

- Pul sizin üçün də əl çirkidir?

- Xeyr, pul əl çirki deyil. Mən ona valyuta kimi baxıram.

- Hansı musiqi növlərini sevirsiniz?

- Milli musiqilərimizi, habelə klassikanı dinləyirəm.

Anar Tağıyev

Fotolar Elçin Muradındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm