Ermənilərin məhkəmə qorxusu və ya “soyqırımı” puç edən beynəlxalq hüquq
Bizi izləyin

Nida.az

Ermənilərin məhkəmə qorxusu və ya “soyqırımı” puç edən beynəlxalq hüquq

Qondarma “erməni soyqırımı” dünyanın siyasi səhnəsində bir çox maskaları cırdı. İndiyə qədər də bu saxta iddia üzərindən Türkiyəyə hücumlar olsa da, bu il çevrə daha böyük oldu. İddianın 100 illiyinin qeyd olunduğu bir vaxtda bu gözlənilən idi.


Erməni “acıları”na istinad edərək Türkiyəyə qarşı atılan addımların bir çox siyasi səbəbləri mövcuddur. Misal üçün, bu “soyqırımı” qəbul edən, yaxud iddialara dəstək verənlər əsasən Türkiyəyə düşmən münasibət bəsləyən, onu Avropa İttifaqında görmək istəməyən, yaxud özünün törətdiyi soyqırımlara “tale ortağı” axtaran (Almaniya kimi – red.) ölkələrdir. Təbii ki, burda xristian həmrəyliyi də özünü göstərir. Papanın son sərsəmliyi buna nümunə ola bilər.


“4 - T” tələbi və ya kimlər hansı məqsəd güdür?


İndiyə qədər “erməni soyqırımını” 20-dən çox ölkə tanıyıb. İlk belə addımı Uruqvay atdı. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb. Bundan 17 il sonra – 1982-ci ilin aprelin 29-da Kiprin yunan icması eyni addımı atdı. Sonrakı illərdə “erməni soyqırımı”nı Argentina (1985), Rusiya (1995), Kanada (1996), Yunanıstan (1996), Livan (1997), Belçika ( 1998), İtaliya (2000), Vatikan (2000), Fransa (1998), İsveçrə (2003), Slovakiya (2004), Hollandiya (2004), Polşa (2005), Almaniya (2005), Venesuela (2005), Litva (2005), Çin (2007) qəbul edib.

Birləşmiş Krallığa daxil olan Uels, Şotlandiya və Şimali İrlandiya – 1915-ci il hadisələrini “soyqırım” olaraq qəbul ediblər. ABŞ-ın 40-dan çox ştatı da “erməni soyqırımı” iddialarını tanıyıb.

Lakin bu heç də iddianın həqiqət olduğu, yaxud Türkiyənin Ermənistan qarşısında boyun əyməsi demək deyil. Digər tərəfdən, bunu qəbul edən ölkələrin qərarlarının arxasında duran səbəblər hər kəsə bəllidir. Belə ki, Uruqvay, Argentina, Rusiya, Kanada, Livan, Fransa, İsveçrə, İtaliya və Venesuelanın qərarları bu ölkədə erməni icmasının çoxluq təşkil etməsindən irəli gəlir. Adətən belə ölkələrin siyasətçiləri seçkidə səs çoxluğu qazanmaq məqsədilə tarixi həqiqəti bir kənara qoyur.

Yunanıstan və yunan Kiprinin qərarları Türkiyəyə qarşı düşmən münasibətlə, Vatikanın qərarı din faktoru ilə izah edilir. Fransa və İtaliyanın qərarlarının arxasında Türkiyənin Avropa İttifaqına üzv olmasının qarşısını almaq niyyətinin dayandığı bəllidir. Hollandiya, Belçika, Almaniya, İsveçrə və Polşanın qərarları da oxşar motivdən qaynaqlanır. Bu prinsipdən çıxış edən Almaniya eyni zamanda tarixən qətliamlar törətmiş ölkə kimi özlərinə ortaq axtarır.


Ermənistan və erməni lobbisinin əsas hədəfi “4 - T” tələbidir. Belə ki, “soyqırımı”n dünyada tanınması, Türkiyənin bunu tanıması, “soyqırım”a uğramış adamların varislərinə təzminatın ödəməsi və Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi.


İlk tələbə qismən nail olunsa da, bu, yalnız Ermənistan hökumətinin ac saxladığı vətəndaşı qarşısında qürurlanması və erməni şovinizminin öz eqosunu təmin etməsindən başqa bir şey deyil. Əsas “hədəflərə” yalnız Türkiyənin bunu qəbul etməsindən sonra nail oluna bilər. Bu da sadəcə xülyadır.


“Holokost”, beynəlxalq hüquq və puç olan erməni iddiaları


Dünyanın bir çox ölkəsi “erməni soyqırımı”ndan siyasi alət kimi istifadə etsə də, beynəlxalq hüquqda bunun “tərifi” yoxdur. Bu iddianın saxta olduğu onun meydana çıxdığı tarix də göstərir. Belə ki, “erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırımı” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Halbuki, ona qədər Hitlerin “ölüm düşərgələrində” 6 milyon yəhudi “təmizlənmişdi”. Məhz nasistlərin qətliamlarından sonra – 1948-ci ildə “Soyqırımı cinayətinin qarşısının alınması və soyqırıma görə cəza” Konvensiyası qəbul olundu. Sənəddə deyilir ki, heç bir qanunun geriyə qüvvəsi olmadığından retrospektiv qaydada tətbiq edilməz. Bu Konvensiya birmənalı şəkildə yalnız iştirakçı dövlətlərin və yalnız gələcəkdə (1948-ci ildən sonra) belə hallara görə cəzalandırılmasını nəzərdə tutur.


Almaniya nasistlərin cəzasını çəkdi və yəhudilərə təzminat ödədi. Dünya yəhudi qətliamını tanıdı. Lakin heç kəs baş verənləri “soyqırımı” deyə çağırmadı. Çünki beynəlxalq konvensiya bunu qəbul etmirdi. Təsadüfi deyil ki, yəhudi qətliamı “Holokost” - “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) - deyə adlandırılır.


Erməni iddiaları Holokostdan on illər öncəyə aiddir. Deməli, beynəlxalq konvensiyaya görə bu iddialar “soyqırım” deyə çağırıla bilməz. Halbuki, sözügedən konvensiya ermənilərin 1992-ci ilin 26 fevralında Xocalıda törətdiyi qətliama hüquqi qiymət verilməsi üçün əsas istinad nöqtəsidir.


Baş verənlərə görə heç kəs Türkiyədən cavab verməyi tələb edə bilməz. Hansısa ərazi iddiası, yaxud təzminatdan söhbət getməsi mümkün deyil. Beynəlxalq hüquq bunu tanımır.


Ermənilər beynəlxalq məhkəməyə müraciət etməkdən niyə qorxur?


Bu arada, erməni iddiaları geosiyasi vasitə kimi istifadə olunsa da, bunun yalan olduğunu ondan istifadə edənlər də etiraf edir. Misal üçün, ABŞ tarixində Vudro Vilsondan sonra ən ermənipərəst prezident Ronald Reyqanın müşaviri, hüquqşünas Bryus Feynin “erməni soyqırımı” haqda deyir: “Ağ Ev 1915-ci ildə Osmanlı imperiyasında yaşanmış hadisələrlə bağlı araşdırmalar aparıb. “Erməni soyqırımı” barədə söhbətlərin əsası yoxdur. 1915-ci ildə ermənilərdən xeyli çox türk həlak olub. Biz o vaxt prezident Reyqanın tapşırığına əsasən bu məsələ ilə bağlı tədqiqat apardıq.

Avropa ölkələrinin hərbi arxivində, o vaxtkı Osmanlı imperiyasının arxivində materiallar aşkarlandı. Araşdırmalar nəticəsində müəyyənləşdi ki, həmin dövrdə ermənilərdən çox türklər həlak olub. “Erməni soyqırımı” barədə nağıllar erməni tarixçilərinin təxəyyülünün məhsuludur. O dövrdə erməni quldur dəstələri 2 milyondan artıq türkü qətlə yetiriblər. Birinci Dünya müharibəsindən istifadə edən ermənilər, öz müstəqil dövlətlərini yaratmaq məqsədilə üsyan qaldıraraq Osmanlı imperiyasını sataraq, düşmən qüvvələrlə əməkdaşlığa başlayıblar. İstənilən başqa bir dövlət kimi, Osmanlı imperiyası bu üsyana qarşı tədbirlər görüb. Əgər ermənilər öz iddialarına inanırlarsa, niyə onda Beynəlxalq Məhkəməyə müraciət etmirlər? Ona görə Beynəlxalq Məhkəməyə müraciət etmirlər ki, proses çərçivəsində arxivlərin öyrənilməsi lazım gələcək və bu araşdırmaların nəticəsi ermənilərin müstəqillik qazanmaq üçün Osmanlı imperiyasına xəyanətini, müsəlman türkləri öldürməsini, terror aktları törətməsini göstərəcək”.


Bryus Feynin dediyi kimi, ermənilər bütün iddialarına rəğmən, Beynəlxalq Məhkəməyə müraciət etməkdən həmişə çəkinirlər. Çünki faktlar onların bütün təbliğatını məhv edəcək. 2010-cu ilin aprelində Ermənistana səfəri zamanı Haaqa Beynəlxalq Məhkəməsinin prokuroru L.Moreno-Okamponun sözləri də bunu deməyə əsas verir.

“Sözügedən məhkəmə strukturu “erməni soyqırımı”nı tanımaq məsələsini müzakirə edə bilər, amma çətin ki, ermənilər buna getsinlər”, - deyə o bildirib.

Beləliklə, beynəlxalq hüquq bütün iddiaları və bu yalanların “tanınmasını” inkar edir.


“Baş verənlər heç bir halda “soyqırım” deyə adlandırıla bilməz”


Beynəlxalq hüquq ekspert Ataxan Əbilov da Publika.az-a açıqlamasında bildirib ki, ötən əsrin əvvəllərində Türkiyədə baş verdiyi iddia olunan “erməni soyaqırımı”nın beynəlxalq hüquqda qiymətləndirilməsi mümkün deyil.


“Soyqırımı məsələsi və onun beynəlxalq hüquqda cinayət kimi tanınması 1948-ci ildən sonra meydana gəldi. 1948-ci ilin 9 oktyabr tarixində BMT “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya qəbul etdi. Həmin tarixdən etibarən dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq soyqırımı cinayəti bu konvensiyanın hüquqi təsir dairəsinə düşür, təqib və cəzalandırılma üçün hüquqi əsas verir. Yalnız müstəsna hallarda, məsələn, cinayəti törədən caninin yaşama ehtimalı olacağı təqdirdə konvensiyanın geriyə qüvvəsi məsələsinə baxıla bilər. Cinayət hüququnda əsas prinsiplərindən biri olan “cinayət məsuliyyətini müəyyən edən və ya onu ağırlaşdıran qanunun geriyə qüvvəsi yoxdur” prinsipi beynəlxalq cinayət hüququ üçün də önəmlidir. Bütün hallarda qondarma “erməni soyqırımı”nını beynəlxalq hüquqda əsası yoxdur və baş verənlər heç bir halda “soyqırım” deyə adlandırıla bilməz”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm