Ziyafət Əsgərov: “Əsl soyqırım Azərbaycanda, Xocalıda olub”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Əsl soyqırım Azərbaycanda, Xocalıda olub”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qondarma “erməni soyqırımı” ilə bağlı iddiaların 100 illiyi ərəfəsində Qərbin Türkiyəyə qarşı apardığı fəaliyyəti şərh edib.

Publika.az-ın məlumatına görə, Z.Əsgərov deyib ki, bu barədə dəfələrlə bəyanatlar verilsə də, ancaq Avropanın məsələyə mövqeyi dəyişməyib: “Türkiyə dövlətinin prezidenti və baş naziri səviyyəsində dəfələrlə müraciətlər olunub ki, Türkiyə Osmanlı dövründən qalmış bütün arxivləri açmağa hazırdır. Bir beynəlxalq komissiya yaradılsın, həm beynəlxalq tarixçilər, həm erməni, həm də Türkiyədən olan tarixçilər gəlib bir yerdə araşdırma aparsınlar ki, belə bir hadisə, “soyqırım” olub, yaxud olmayıb. Yəni, “erməni soyqırımı” məsələsinə bir son qoyulmalıdır. Bunun üçün də tarixçilər sözlərini deməlidirlər. Bunu bir siyasi alətə çevirmək və bundan ayrı-ayrı dövlətlərə təzyiq göstərmək niyyətinin heç bir perspektivi yoxdur. Bu cür fəaliyyət mənasız bir işdir. Ermənilərin böyük əksəriyyəti də yaxşı bilir ki, belə bir “soyqırım” olmayıb”.

Z.Əsgərov qeyd edib ki, əsl soyqırım Azərbaycan ərazisində, Xocalıda baş verib: “Ötən gün Avropa Şurasında da Milli Məclisin deputatları Xocalı soyqırımı ilə bağlı məsələ qaldırıblar. Nə üçün Avropa Xocalı soyqırımı ilə bağlı münasibət bildirmir? Axı Xocalı real soyqırımdır. Xocalı soyqırımı ilə bağlı görüntülər, faktlar, şahidlər var. Amma bir əsr öncə hansısa naməlum və heç bir sübutu olmayan məsələyə “soyqırım” demək heç bir məntiqə sığmır. Real olan Xocalı soyqırımına soyqırım demirsən, ancaq bir əsr öncə olan məsələyə “soyqırım” deyirsən. Təbii ki, bütün bunlar ikili standartların bir təzahürüdür. Hesab edirəm ki, qondarma “erməni soyqırımı” ilə bağlı kimin nə deməsindən asılı olmayaraq, belə bir yanaşmanın heç bir perspektivi yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm