“Erməni mifi”ni dağıdan məqalə
Bizi izləyin

Nida.az

“Erməni mifi”ni dağıdan məqalə

Ermənilər və Ermənistanla bağlı düşüncələrim



Moskvada təhsil aldığım illərdə eyni qrupda oxuduğum ermənidən Azərbaycan xalqının onlarla müqayisədə daha həmrəy olduğunu eşidəndə, təəcüblənib, ona, “əksinə, bu keyfiyyətdə bizdən irəlidəsiniz” deymişdim. O isə cavab olaraq mənə dəfələrlə məşhur lətifəni misal çəkib, sonda, “bax, sizin üçün qazılan quyu ən dərin olmalıdır ki, çıxa bilməyəsiniz, biz ermənilərə isə yarım metr bəs edər ki, bir-birimizə qurtulmağa mane olaq” deyib, fikrini tamamlamışdı. O illərdən 10 ildən çox vaxt keçib….


O söhbətə bu gün təkrar qayıtsaq, indi erməniyə irad etməzdim. Artıq əminəm ki, ermənilərin ağlı, fərasəti, həmrəyliyi, hiyləsi haqda biz əsrlərdir ki, miflər uydurmuşuq. Və bu mifin bizə vurduğu zərbə o qədər böyük olub ki… Mən müharibə dövrünün uşağıyam… Zəhləm getdiyi, utancverici “erməni gəldi” cümləsi heç qulağımdan getmir bu günə kimi. Amma heç bir dəfə də eşitmədim “qəhrəman Məhərrəm, Bəhruz, Rövşən, Rasim, Allahverdi Bağırov, Gəncə batalyonu, Laçın polku, Milli Ordu burdadir, dadımıza çatacaq” cümləsini… Mif qurmuşuq onlar barədə...


Deyirlər, ermənilər təhsil almaq üçün öz soydaşlarına yardım edirlər. Amma MDU-nu bitirib, aspiranturaya daxil olmaq istəyən ili mənim, yəni xarici vətəndaşın təhsil haqqını işlədiyim idarənin rəhbərliyi ödədiyi halda, erməni həmkarım qapı-qapı düşsə də, erməni diasporu qızıl medalla MDU-nu bitirmiş Vahe Avanesyana bir dollar belə ayırmadı. Vahe daşnak idi, həm də Qarabağdan. Amma heç kəs kömək etmədi ona. Sonda İrəvandakı evini dövlətə girov qoyub götürdüyü vəsaitlə o da aspirant oldu. Amma həmin illərdə təkcə Azərbaycan büdcəsi hesabına Rusiyaya yüzlərlə azərbaycanlı təhsilə göndərilmişdi.


Biz Vahe ilə həyat mərhələlərini sanki qoşa addımlayırdıq... İkimiz də demək olar ki, eyni vaxtda ailə həyatı qurduq. Mənim toyumu, necə deyərlər, el yığışıb etdi… Kimi toyun tədarükünü, kimi yanına bir yaxın dostunu da salıb, qürbətdə iki cavan azərbaycanlının ailə izdivacında yaxından iştirak etdi. Erməni də evləndi, amma şəhər kənarı evin həyətində – 10-15 tələbənin iştirakı ilə. O illərdən 8 il keçib….


Yazıya şəxsi həyatımda qarşılaşdığım faktlardan başlamağım təsadüf deyil. Çoxlarımız hesab edirik ki, erməni diasporu bizdən daha irəlidədir, onların daha çox alimi, siyasətçisi, artisti var… Hətta çoxlarımız hər filmin titrində bir erməni soyadını axtarmağı belə vərdiş edib. Amma çox az adamı düşündürür ki, rusların, fransızların, ingilislərin (bu siyahını uzatmaq da olar) erməniləri öndə görməkdə geosiyasi maraqları var. Çünki Qafqaz regionu və İslam dünyasına yayılmış etnik azlıqlardan ancaq ermənilər bütün əsrlər boyu yerli xalqlara qarşı böyük dövlətlərin xeyrinə “5-ci kolon” funksiyasını yerinə yetiriblər.


Bu yaxınlarda Moskva Kremlinin Silah palatasında bir eksponata rast gəldim. Rus çarı Aleksey Mixayloviçə 1660-cı ildə Səfəvi dövlətinin təbəələri olan İsfahan ermənilərinin hədiyyə etdiyi almaz və mirvarilərlə bəzədilmiş taxt. Artıq 17-ci əsrdə ermənilər Rus çarına xidmət etdiklərini nümayiş etdirirdilər. Məzhəb ayrılığına görə minlərlə soydaşını məhv etmiş babalarımız isə bu hədiyyədə casusluq əlamətlərini görə bilməmişdi. Bir növ İŞİD kimi - İslam dünyasına faciə yaşadan Ermənistanı görməməzliyə vurub, Kərbəlanı nişan alan İŞİD kimi…


Bu ay ermənilər Rusiyada ancaq soyqırımdan danışırlar. Kino, teatr, klassik musiqi, ictimai-siyasi tədbirlərin baş mövzusu budur. Biz isə təsdiqləyirik – ermənilər istədiklərinə nail olublar! Bu tezislə razılaşmaq da olar. Çünki “soyqırım”ı tanımaq 1990-cı illərdə Yeltsin Rusiyasının birbaşa marağında olub. İndi isə Rusiya hökuməti ermənilərə qanun çərçivəsində mədəni-siyasi tədbirlər keçirməyə icazə verir. Ancaq gəlin unutmayaq ki, Rusiya Dövlət Duması “soyqırım”ı inkara görə cinayət məsuliyyətinə cəlb olunma təklifini rədd etdi. Hər il Moskvadakı Türkiyə səfirliyi qarşısında piket keçirən ermənilərə bu il Moskva meriyası yox dedi. Soçidə Andranikə heykəl qoymağa Moskva öz etirazını bildirdi. Ötən illərlə müqayisədə indi sanksiyalarla üzbəüz qalmış, təklənmiş Rusiya bu gün yoxsul Ermənistandan daha çox, varlı Azərbaycan və daha faydalı Türkiyədən bəhrələndiyinə dəyər verməyə başlayıb. Amma Rusiyanı alət kimi istifadə etdiyi erməninin ona yük olduğunu sübut edən iş ortaya qoymadan Rusiyadan nəyisə tələb etmək də cavabsız qalacaq. Rusiya 400 ildən çoxdur ki, öz yaxın Şərq və Qafqaz siyasətində ermənilərdən istifadə edir. Hələ əsrin əvvəlində rus publisisti Vladimir Veliçko özünün məşhur Qafqaz əsərində yazırdı ki, “Qafqazı fəth edən rus süngüsü, ancaq faydasını götürən ermənidir”.


XXI əsrdə durumu dəyişməyə Azərbaycanın rıçaqları var. Diqqət yetirin ki, bir dövlət olaraq kiçik olsaq da, biz son illər böyük dövlətləri öz maraqlarımıza hörmət etdirə bilirik. Biz XX əsrdə düşmən mövqeli Yeltsin Rusiyasını neytrallaşdıra bildik. Artıq Rusiyanın təkidli təşəbbüslərinə şərtlə cavab veririk. Çünki biz Rusiyaya yetərincə siyasi jestlər etmişik. Rus dilinə verdiyimiz önəm, anti-Rusiya koalisiyasına yox deməyimiz və s. Bu siyahını uzatmaq olar. Amma Rusiya bütün bunların müqabilində maksimum neytral mövqeyi ilə bizə təşəkkürünü bildirib. Top indi Rusiya tərəfdədir deyib, gözləmək nəticə verməyəcək. Biz növbəti mərhələyə başlamalı, Ermənistanın Rusiyaya müttəfiq yox, yük olduğunu sübut edəcək faktları vurğulamalıyıq. Axı ermənilər alətdir, alət köhnəlir də, təzələnir də.

Lider Tv-nin Rusiya üzrə xüsusi müxbiri, filologiya elmləri namizədi

Anar Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm