Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib
Bizi izləyin

Nida.az

Qənirə Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verib

"Ölkəniz azərbaycanlılara qarşı terrorlar törədəndə nədən etiraz etmədiniz"

Publika.az-ın məlumatına görə, bu sözləri millət vəkili Qənirə Paşayeva AŞPA-da “İŞİD terror qruplaşmasının hərəkətlərinin humanitar fəsadları" adlı qətnamə layihəsinin müzakirəsi zamanı deyib. O, Ermənistanı dövlət səviyyəsində terroru dəstəkləyən bir ölkə olduğunu bildirib.

Müzakirələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva mövzu ilə bağlı fikirlərini səsləndirdikdən sonra Ermənistan heyətinə sərt cavab verib və ölkəniz azərbaycanlılara qarşı terrorlar həyata keçirəndə nədən etiraz etmirdiniz, səsinizi çıxarmırdınız, indi burada terrorizmə qarşı mübarizədən danışırsınız deyib.

Millət vəkili Assambleyaya birbaşa Ermənistan dövlətinin dəstəyi ilə azərbaycanlılara qarşı törədilən terror hadisələrindən danışıb və həmin zaman Avropanın Azərbaycana terrora qarşı mübarizədə lazımi dəstək verməməsindən də şikayətlənib və belə məsələdə ikili standartlar olmamalıdır deyib:

“Suriyada davam edən böhran və terrorist qrupların, xüsusilə “İŞİD” adlanan qrupun peyda olması regiona və onun hüdudlarına ciddi təhlükə törədir. Regionda yaşayan insanlar dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq zorakılığa məruz qalırlar. Biz səylərimizi böhranın humanitar aspektlərində cəmləşdirməliyik. Belə ki, regional ölkələr humanitar fəlakətlə üzləşiblər.

Türkiyə 3 milyondan artıq insana sığınacaq verib, onların da böyük əksəriyyəti uşaqlar və qadınlardır. Biz Türkiyənin bu istiqamətdə olan səylərini təqdir etməliyik. Assambleya bütün üzv dövlətlərə onların məsuliyyətini öz üzərlərinə götürməyi və baş vermiş faciəvi humanitar böhran yükünü paylaşmağa çağırmalıdır. Mən Assambleyamıza İraq və Suriyada yaşayan milyonlarla türkmənlərin, onların təmsilçilərinin xahişi ilə onların da düşüncələrini, səsini, yaşadıqları dəhşətləri sizə çatdırmaq və cağırış etmək istəyirəm”.

Millət vəkili bildirib ki, özəlliklə evini, işini itirmiş və qaçqın düşmüş insanlara daha çox humanitar dəstək göstərməyimizə böyük ehtiyac var.

“Ermənistan heyətinin bəzi üzvləri yenə də burda Türkiyə və İslam əlehinə çoxlu sayda yanlış fikirlərlə çıxış etdi. Mən onlardan sizin qarşınızda soruşmaq istəyirəm. 23 il əvvəl Azərbaycan torpaqlarını işğal edən zaman terrora dəstək verən Ermənistan təmsilçiləri nədən ölkəsinin dəstəyi ilə terror təşkilatları Azərbaycanda metroları, qatarları, avtobusları partladıb 100-lərlə insanı, uşağı qətlə yetirəndə buna etiraz səslərini ucaltmırdılar? Səmimi olmaq lazımdır.

Əziz həmkarlar mən terrorun nə qədər dəhşətli faciələr törətdiyini yaxşı anlayan ölkələrdən birinin təmsilçisiyəm. Ermənistan Azərbaycan torpaqlarını işğal etməyə başlayandan bu ölkənin dəstəklədiyi terror təşkilatları çoxlu sayda qanlı terror hadisələri törədərək Azərbaycanda metroları, dəmiryol qatarlarını, avtobusları partladırdılar.

100lərlə insan,uşaqlar terrorun qurbanı oldu. Maraqlanan dostlara mən onların fotolarını təqdim edə bilərəm. Amma o zaman təəssüf ki, bizim bütün çağırışlarımıza baxmayaraq Avropalı dostlarımızdan bu qanlı terrora qarşı mübarizədə bizə lazım olan güclü dəstəyi ala bilməmişdik. Biz harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terrora qarşı birlikdə barışmaz mövqe ortaya qoymalı və mübarizə aparmalıyıq.Bu məsələdə ikili standartlara yol vermək olmaz. Son olaraq vurğulamaq istərdim ki, İslam sülh və barış dinidir. İslam heç vaxt zorakılığa izn vermir.

Biz Avropada islamofobiya təmayüllərinin artmasından ciddi narahat olmalıyıq. Yadda saxlamalıyıq ki, islamofobiya təmayülləri yalnız radikal qrupların gələcəkdə çiçəklənməsi üçün məhsuldar zəmin yaradır. Ona görə də biz Avropada islamafobiyanın artmasına qarşı da ciddi mübarizə aparmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm