Fəzail Ağamalı: “Prezident Çanaqqala zəfərinin əhvali-ruhiyyəsini ölkəmizə gətirəcək”
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Prezident Çanaqqala zəfərinin əhvali-ruhiyyəsini ölkəmizə gətirəcək”

“Əgər 1915-ci ildə Osmanlı İmperiyasında ermənilər öldürülübsə, bu, döyüşlərdə baş verib. Bunun dinc əhaliyə qarşı guya soyqırım törədilməsi kimi iddialarla heç bir əlaqəsi yoxdur”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, ermənilər öz öldürdükləri soydaşlarını belə türklərin ayağına yazmağa çalışırlar. F.Ağamalı deyib ki, artıq 60-70 ilə yaxındır ki, qondarma “erməni soyqırımı” ilə bağlı geniş kampaniya aparılır: “Burada ayrı-ayrı Qərb və Avropa dövlətlərinin, o cümlədən Vatikan xristian klubunun öz maraqları var. Bu maraqlar içərisində də Ermənistan tanıtım, təzminat, ərazi iddiaları və soyqırımı kampaniyaları aparır. Əminəm ki, ermənilərin bu cür kampaniyaları heç bir nəticə verməyəcək”.

Deputat vurğulayıb ki, “Böyük Ermənistan” yaratmaq məqsədlərinə xidmət edən “erməni soyqırımı” kampaniyası tamamilə qondarma hadisədir: “Tarix də sübut edir ki, əslində 1915-ci ildə ermənilərin Antanta dövlətlərinin Türkiyəyə qarşı hücumları içərisində yer alaraq, “Daşnaksütun” terror təşkilatının canfəşanlığı ilə ayrı-ayrı quldur dəstələri yaradaraq Şərqi Anadoluda türklərə qarşı döyüşlər aparıblar. Bu döyüşlər nəticəsində ermənilər türklərə qarşı soyqırımı törədiblər. Tarixi faktlar da göstərir ki, ermənilərin bu prosesdə iştirakının başlıca məqsədi o dövrdə yaranmış olan situasiyadan yararlanaraq “Böyük Ermənistan”ın yaradılması xəyalları reallaşdırılsın. Ermənilərin bu cür niyyətindən Rusiya və Fransa da öz məqsədləri üçün istifadə ediblər. Nəticə etibarilə də ermənilər Antanta ölkələrinin əlində silaha çevriliblər. Bununla da ermənilər o dövrdə Şərqi Anadoluda türklərə qarşı böyük soyqırımlar törədiblər. Bu gün əlimizdə olan tarixi faktlar da bunu birmənalı olaraq sübut edir. Tarixi faktlarda o da sübut olunub ki, həmin dövrdə Şərqi Anadoluda gedən döyüşlərdə Osmanlı İmperiyası özünün ərazi bütövlüyünü, dövlətçiliyi və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün Rusiya və Antanta ilə müharibə aparıb. Onların əsas məqsədi Osmanlı İmperiyasını dağıdıb türk dövlətinə son qoymaq, onun ərazilərini isə bölüşdürmək idi. Ermənilər də bu layihənin içərisində türklərə qarşı yer alırdılar. Həmin vaxtı Osmanlı ilə Rusiya arasında müharibə gedirdi, ermənilər də Rusiya tərəfindən türklərə qarşı vuruşdurdu.

Türklər öz Vətənləri uğrunda vuruşurdular. Təbii ki, bu döyüş idi və döyüşdə türklərlə yanaşı, erməni və ruslar da həlak olurdu. Ancaq ermənilər bununla da kifayətlənməyib, türk torpaqlarında qətliamlar törətdilər. Vəziyyətin bu cür hal aldığını görən Osmanlı İmperiyası 1915-ci il aprelin 24-də erməni quldur dəstələrinin başında gedən şəxslərin həbsi haqqında fərman verdi. Bu fərmana əsasən, 2400 nəfərə yaxın qiyamçı həbs olundu. Ancaq onlar öldürülməmişdi”.

F.Ağamalı qeyd edib ki, indi ermənilər də həmin tarixi qondarma soyqırımı tarixi kimi götürürlər: “Həmin vaxtı ermənilər Tələt Paşanın əmri ilə Suriya və Mesopotamiya ərazilərinə köçürülmüşdülər. Təbii ki, həmin insanların köçü zamanı yolda ölənləri olmuşdu. Ancaq bu soyqırımı deyildi. Həmin dövrdə 300 mindən çox erməni də indiki Qərbi Azərbaycan və Naxçıvan ərazilərinə köçürülmüşdü. O dövrdə Osmanlı İmperiyası ərazilərində isə cəmi 1.2 milyon nəfər erməni yaşayırdı. İndi necə olur ki, 1,5 milyon erməni soyqırıma məruz qalır? Bəs indi Türkiyə ərazisində yaşayan ermənilər nə üçün soyqırıma məruz qalmayıb? Deməli, qondarma “erməni soyqırımı” erməniləri himayə edən dövlətlər tərəfindən Türkiyə və Azərbaycana qarşı olan bir təzyiq vasitəsidir ki, ermənilər də burada siyasi alət kimi istifadə olunur. Təbii ki, bu siyasi qərardır və bunun tarixlə heç bir bağlılığı yoxdur. Əgər onlar həqiqəti bilmək istəyirsə, o zaman Türkiyə kimi Moskva da öz arxivlərini açsın, ondan sonra Rusiya arxivlərində “erməni soyqırımı” ilə bağlı bir dənə də fakt tapa bilməyəcəklər.

Bundan əlavə, “Daşnaksütun” təşkilatının ABŞ-ın Boston şəhərində arxivi mövcuddur. Həmin arxivlər də açılsın. Bunu Türkiyə də hər zaman deyib ki, bütün arxivlər açılsın. Arxivlər açılandan sonra isə mövcud real vəziyyəti tarixçilər ortalığa qoymalıdır. Qondarma “erməni soyqırımı” məsələsini Almaniyada yəhudilərə qarşı baş vermiş hadisələrlə paralel aparmaq mümkün deyil. Ən azı ona görə ki, Türkiyədə müharibə gedirdi və ermənilər də ruslarla bərabər türklərə qarşı döyüşürdülər. Bu döyüşdə də insan itkisi qaçılmaz idi. Əgər vaxtilə türk ordusu erməni və rus hərbi birləşmələrinə qarşı döyüşməsəydilər, onlar Şərqi Anadolunu tutduğu kimi, İstanbula qədər gəlib çıxa bilərdilər. Deməli, bütün bunlar müharibənin qaçılmaz qanunlarıdır. Əgər müharibə gedirsə, burada insan itkisi qaçılmazdır”.

F.Ağamalı onu da bildirib ki, bu gün Çanaqqalada 24 aprel zəfər bayramının 100 illik yubileyi geniş formada qeyd olunur: “Çanaqqalada sülhə, dostluğa, əmin-amanlığa çağırış var. Deməli, burada xeyirxahlıq və xeyr qüvvələri var. Ermənistanda isə müharibəyə, ərazi işğalına, olmayan soyqırıma çağırış var. Deməli, orada da şər var. Bu, bir iblis etnosunun olduğu şərdir. Bu gün xeyirlə şər arasında gedən bu savaşda hər zaman olduğu kimi, bu dəfə də xeyr qələbə çalacaq. İnanıram ki, Çanaqqala qələbəsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında stimul olacaq. Çünki bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. İnşallah, cənab Prezident Çanaqqala zəfərinin əhvali-ruhiyyəsini ölkəmizə gətirəcək, biz də 200 ildən çox ermənilərlə apardığımız mübarizənin zəfər gününü Şuşada və digər işğal olunmuş torpaqlarımızın azad olunması ilə qeyd edəcəyik. Bununla da ermənilərin bizə qarşı apardığı müharibəyə nəhayət öz qələbə möhürümüzü vuracağıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm