• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İsfəndiyar Vahabzadə: “Belarus həmişə Azərbaycanı dəstəkləyib” – MÜSAHİBƏ

  • Nida.az
  • 24 Aprel 2015 17:19
  • 1 010 Baxış
İsfəndiyar Vahabzadə: “Belarus həmişə Azərbaycanı dəstəkləyib” – MÜSAHİBƏ

Azərbaycanın Belarusdakı səfiri, xalq şairi Bəxtiyar Vahabzadənin oğlu İsfəndiyar Vahabzadənin Publika.az-a müsahibəsi:

– Bildiyim qədər, bu günlərdə Belarusda ordenlə mükafatlandırılmısınız. Bu barədə danışardınız...

– Bəli, aprelin 22-də Belarus Yazıçılar İttifaqı tərəfindən ordenə layiq görülmüşəm. Mən eyni zamanda burada Azərbaycan ədəbiyyatını təbliğ edirəm. Həm də Belarus ali məktəblərində Azərbaycan sovet ədəbiyyatından dərs deyirəm. Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu olduğumu da bilirlər, tanıyırlar. Burada Sovet Azərbaycanı ədəbiyyatından, yəni Səməd Vurğundan, Süleyman Rüstəmdən, Rəsul Rzadan və sairə dərs deyirəm. Amma əsas məqsədim dərs demək deyil, Azərbaycan ədəbiyyatını və həqiqətlərini diqqətə çatdırmaqdır. Əgər hər dərs saatında Qarabağ həqiqətlərindən danışa bilirəmsə, bu artıq ölkəmizin təbliğatıdır.

Bundan əlavə, ötən gün də səfirlik “Azərbaycan Belarus rəssamının gözü ilə” adlı foto-sərgi keçirib. Sərgidə 150-dən çox adam iştirak edirdi. Çox əhəmiyyətli tədbir idi. Çünki bu tədbir də qondarma “soyqırım” gününə təsadüf edirdi.

– Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə şəxsi dostluğunun da olduğu deyilir...

– Bəli, elədir ki, var. Hətta mən 4 il əvvəl etimadnaməmi cənab Lukaşenkoya təqdim edəndə, o, mənə dedi ki, qardaşım İlham Əliyevə məndən salam söyləyərsən. Həmin vaxtı 15 ölkənin səfiri etimadnaməsini təqdim etmək üçün dayanmışdı, ancaq cənab Lukaşenko birinci məni qəbul etdi. O, “İlham Əliyev mənim qardaşımdı” ifadəsini elə formada söylədi ki, hamı onun Azərbaycan Prezidenti ilə qardaş kimi, həm də dost olduğunu başa düşsün. Bütün bunlar çox məsələdən xəbər verir.

İndiyədək Belarus və Azərbaycan arasında hər hansı xoşagəlməz hadisə də baş verməyib. Hər zaman Azərbaycan və Belarus xalqları bir-birinə dost və müttəfiq kimi baxıblar.

– Bəs Qarabağ məsələsində Belarusun mövqeyi necədir?

– Sözsüz ki, Qarabağ məsələsində də Belarus dövləti Azərbaycanın haqlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Belarusun aparıcı media orqanlarında da Qarabağla bağlı materialların yayılmasında geniş imkanlar yaradılır. Təbii ki, bütün bunlar mövcud vəziyyəti özündə əks etdirir. Yəni, Belarus Qarabağ məsələsində Azərbaycanın tərəfindədir.

– Səfirliyin yeni binasının açılışı nə zaman olacaq?

– İnşallah, bu yaxınlarda yeni binanın açılışı olmalıdır. Artıq yeni binada görülən işlər başa çatmaq üzrədir. Hazırda bizim çalışdığımız bina kirayədir. Ancaq yeni bina özümüzündür. Yəqin ki, yaxın 2-3 aya yeni binanın açılışı olacaq. Yeni binanın açılış mərasimində cənab Prezident İlham Əliyevin də iştirakı gözlənilir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR