“ Biz dini dövlətdən ayrı tutmağa çalışmalıyıq ” - Qüdrət Həsənquliyev nurçulardan danışdı
Bizi izləyin

Nida.az

“ Biz dini dövlətdən ayrı tutmağa çalışmalıyıq ” - Qüdrət Həsənquliyev nurçulardan danışdı

“Siyasətçi də inanclı ola bilər. Siyasətçi ateist də ola bilər. İnsan təkcə qəbul etdiyi qərarlara görə məsuliyyət daşımamalıdır. Həm də Allan qarşısında məsuliyyət daşımalıdır. Hər hansı bir addım atanda fikirləşməlidir, bu addım nə dərəcədə ədalətlidir”.

Bu sözləri millət vəkili Qüdrət Həsənquliyev modern.az saytına müsahibəsində deyib. Azərbaycanda nurçularla bağlı yayılan xəbərlərə münasibət bildirən Q. Həsənquliyev bildirib ki, istənilən Azərbaycan vətəndaşı istənilən təriqətə üzv ola bilər: “Bu nurçu da, vəhhabi də, sələfi də ola bilər. Əlbəttə, həmin təriqət ekstremizmlə məşğuldursa, başqalarının hüquqlarına təhlükə yaradırsa, cəmiyyət hamılıqla qınamalıdır və dərhal qanun sərtliyi tətbiq olunmalıdır. Qalan hallarda kim istəsə şalvarının ətəyini də kəsə bilər, lap şortiklə gəzər, saqqal da saxlaya bilər. Azad cəmiyyətiksə, buna dözümlü olmalıyıq. Amma siyasətçinin dindən siyasi məqsədləri üçün istifadə etməsi yolverilməzdir”.

Q. Həsənquliyev deyib ki, biz cəmiyyətimizi tolerant, dözümlü olmağa sövq etməliyik: “Bizdə dini etiqad azadlığı var. Bununla bağlı qanun da qəbul etmişik. Nurçularla bağlı bir hadisə danışım. Bir dəfə Heydər Əliyevin doğum günü münasibətilə “Gülüstan” sarayında nurçular tədbir təşkil etmişdilər. Biz də ora getmişdik. Orada paylanan jurnal Fəthullah Gülənə həsr olunmuşdu. O vaxt etirazımı bildirib dedim ki, bizi başqa bir şəxsin adı ilə tədbirə dəvət edirlər, amma tədbirin mahiyyəti tamam başqadır. Bu baxımdan müvafiq dövlət orqanları ayıq-sayıq olmalı idilər. Mən bunun əleyhinə idim. Götürək, Çağ Öyrətim şirkətinin Azərbaycandakı liseylərini. Həmin liseylərə qabiliyyətli, savadlı uşaqları seçib götürürdülər, onlara təsir edirdilər. Deyirlər, orda tədris həqiqətən də yaxşı təşkil olunurdu, amma həmin uşaqlarla dini nöqtəyi-nəzərdən müəyyən iş də aparılırdı. Orda təhsil haqqı da həddindən artıq yüksəkdir. Ancaq ölkənin siyasi elitasına yaxın insanlar öz uşaqlarını ora göndərə bilirdilər.

Gələcəkdə həmin o dini cərəyanın uşaqların vasitəsilə valideynlərinə təsir etmək imkanı yaranır. Həmin məktəbin məzunları Prezident Administrasiyasına da yerləşiblər, orada birbaşa siyasi işlərə də təsir edə bilirlər. Eyni zamanda mətbuata təsir etmək imkanları var. Düşünrəm ki, bu, yolverilməzdir. Nurçuların siyasətdən kənar olduğu fikri yanlışdır. Arxiv materiallarına baxsanız, hər şeyi açıq görə bilərsiniz. Orada yazırdılar ki, yalnız qəlbində nur olan (söhbət nurçulardan gedir), beynində biliklə zəngin olan, qəlbi də nurla dolu olan insanlar siyasi hakimiyyətə gəldiyi təqdirdə ədalətli cəmiyyət qurmalıdırlar. Bunu insanların beyninə yeridirlər. Əslində burda sırf siyasi hakimiyyət iddiası ortadadır”.

Millət vəkili deyib: “Biz Azərbaycanda vəhhabiyə, sələfiyə, yaxud başqasına qarşı mübarizə aparmamalıyıq. Biz, sadəcə olaraq dini dövlətdən ayrı tutmağa çalışmalıyıq. Kimsə hansı təriqətə qulluq edə bilər. Sadəcə, həmin təriqət ekstremizmə yuvarlanmamalıdır və zorakılığı təbliğ etməməlidir. Ölkə konstitutsiyasına, ölkə qanunlarına hörmətlə yanaşmalıdır. Kim istəyir namazı başqa cür qılsın, başqa cür ibadət etsin. Bu artıq hər bir insanın öz işidir. Dövlət öz ideoloji işini elə qurmalıdır ki, bütün vətəndaşlar dini etiqadın tamamilə fərqli bir şey olduğunu qəbul etməlidir. Onları dövlət həyatına yaxın buraxmaq lazım deyil. Dünyəvi dövlətçiliyimizə zərər dəyməməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm