• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Sona Vəliyeva medianı Azərbaycana qarşı olanlarla mübarizəyə çağırdı

  • Nida.az
  • 27 Aprel 2015 13:22
  • 713 Baxış
Sona Vəliyeva medianı Azərbaycana qarşı olanlarla mübarizəyə çağırdı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Bakı Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasına münasibət bildirib.

S.Vəliyeva Publika.az-a açıqlamasında deyib ki, bu cür kampaniyalar bir neçə il öncə Bakıda keçirilən “Eurovision” yarışması ərəfəsində də baş verib. Onun sözlərinə görə, Azərbaycanın təşkil etdiyi bu cür nüfuzlu tədbirlərə xələl gətirmək istəyən qüvvələr hər zaman olub: “Onların kim və haradan qaynaqlandığı haqda Azərbaycan xalqı hər şeyi çox yaxşı bilir. İndi bizim üçün əsas məsələ ondan ibarətdir ki, gələn ay Bakıda Avropa Oyunları təşkil olunacaq. Bu beynəlxalq tədbirlə Azərbaycan öz ərazilərini, mədəniyyətini, tarixini, idmanını dünyaya tanıtdıracaq. Dünya bir daha şahid olacaq ki, Azərbaycan 20 il ərzində hansı böyük nailiyyətlərə, inkişafa və uğurlara nail olub.

Bu baxımdan da Bakı Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası başa düşüləndir. Çünki Azərbaycan dövləti çox qısa zaman ərzində böyük inkişaf yolu keçib və uğurlar əldə edib. Bu gün ölkəmiz dünyada tanınan, regionda söz sahibi olan dövlətdir. Təbii ki, bütün bunlar nə qədər dostlarımızı sevindirirsə, bir o qədər də düşmənlərimizi məyus edir”.

S.Vəliyeva onu da qeyd edib ki, bu cür beynəlxalq tədbirlə bağlı Azərbaycan mediasının da üzərinə böyük məsuliyyət düşür: “Hesab edirəm ki, Azərbaycan mediası da Bakı Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma kampaniyası aparan dairələrə və şəxslərə qarşı əlbir olub və kompakt şəkildə birləşərək mübarizə aparılmalıdır. Rəhbərlik etdiyim “Kaspi” qəzeti və “Azadinform” informasiya agentliyi “Ağ Yol” Vətəndaş Hərəkatı və QHT-lərlə birgə ötən həftə Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası ilə mübarizə məqsədilə tədbir keçirib, biz bu tədbirə media dəstəyi vermişik. Ümumiyyətlə, biz Azərbaycanda fəaliyyət göstərən bütün aparıcı KİV-lərlə birgə işləyib, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının qarşısını almağa çalışırıq. Bilirsiniz, dünyada xeyr və şər, işıq və qaranlıq daim mübarizə aparır və bu mübarizədə hər zaman xeyr və işıq qalıb gəlir.

Biz də xeyrin, işığın tərəfdarlarıyıq. Düşünürəm ki, Azərbaycan dövləti də hər zaman dünyada xeyrin, işığın yanında olduğunu nümayiş etdirəcək. Bizim qalibliyimiz, böyüklüyümüz, tariximiz və keçdiyimiz yol Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyaları sahiblərini hər zaman məyus edib. Azərbaycan hər zaman bu mübarizədən qalib və üzüağ çıxıb. Artıq Azərbaycanın bu cür şər qüvvələrə qarşı mübarizə təcrübəsi var. Azərbaycan da məhz bu təcrübəyə arxalanaraq, müasir inkişafı özündə birləşdirib və beynəlxalq idman oyununun möhtəşəmliyinə düzgün istiqamət verərək, özünün doğru yolda olduğuna arxayındır”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR