Məşəl sevinci
Bizi izləyin

Nida.az

Məşəl sevinci

Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi, ölkəmizin ev sahibliyi edəcək “Bakı-2015" ilk Avropa Oyunlarının məşəli alovlandırıldı.

Milli Məclisin deputatları bu möhtəşəm tədbirin çoxdandır gözlənildiyini dilə gətirdilər.

Millət vəkili Rövşən Rzayevin sözlərinə görə, məşəlin alovlandırılması ilə I Avropa Oyunlarına bir addım da yaxınlaşdıq: “Bu Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin uğurundan xəbər verir və gələcəyimizə töhfə verəcək. Hər bir azərbaycanlı bu uğurlara sevinir. Oyunların başlamasına çox az qalıb. Allah qoysa, bu böyük idman bayramını ən yüksək səviyyədə keçirəcəyik. Azərbaycan xalqı dövlətimizin bu uğurları ilə fəxr eləməlidir”.

“Heç bir qarayaxma kampaniyası bizə yapışmaz”

O, Oyunlarla bağlı aparılan qara “piar” cəhdlərinə də münasibətini açıqlayıb: “Təəssüflər olsun ki, bu qarayaxma kampaniyaları boykot çağırışı səsləndirənlərin öz düşüncəsi deyil. Bunların hamısı Azərbaycana düşmən mövqedə olan dövlətlər, xüsusilə də erməni lobbisinin apardığı fəaliyyətlər nəticəsində olan hallardır. Azərbaycan öz sözünü deyir, deməyi bacarır və bundan sonra da deyəcək. Heç bir qarayaxma kampaniyası bizə yapışmaz. Azərbaycanın öz yolu və siyasəti var. Ulu Öndər Heydər Əliyevin ölkəmiz üçün miras qoyduğu siyasəti sabah da davam etdirəcəyik”.

Milli Məclisin deputatı İsa Həbibbəyli isə vurğulayıb ki, ilk Avropa Oyunları Azərbaycanın dünyadakı mühüm rolunu daha da əhəmiyyətli edəcək: “Xaricilərin ölkəmiz haqqında daha çox məlumat əldə etmək imkanı olacaq. Azərbaycan sülh, dostluq məkanıdır. Bəzi mənfur qüvvələrin gözü bu uğurları qəbul edə bilmir. Ona görə də bizə qarşı kampaniya aparırlar”.

“Avropa Oyunları millətimizə başucalığı gətirəcək”

İ.Həbibbəyli qeyd etdi ki, Naxçıvanda “Bakı-2015" Avropa Oyunlarına böyük maraq var: ”Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Atəşgah məbədindən götürdüyü alovu ilk məşəlçiyə verdikdən sonra birinci səfər Naxçıvana oldu. Şəxsən ölkəmizdə belə bir oyunun keçirilməsindən qürur duyuram. Düşünürəm ki, Avropa Oyunları dövlətimizə, millətimizə yalnız başucalığı gətirəcək".

“Atılan çamurlar, Azərbaycanın imicini ləkələyə bilməyəcək”

İ.Həbibəylinin fikrincə, Azərbaycan dünyada özünü təsdiq edib və beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsini qazanıb: “Bəzi adamların narahatlığını anlaya bilmirəm. Onlar niyə istəmirlər ki, xaricilər Azərbaycana gəlsin, ölkəmizdəki inkişafı, sabitliyi görsün. Təəssüf ki, bəzilərinin mövqeyi erməni lobbisinin Azərbaycana qarşı apardığı siyasətlə üst-üstə düşür. Biz bunun fərqindəyik. Amma bir məsələ dəqiqdir ki, atılan çamurlar, qarayaxmalar Azərbaycanın imicini ləkələyə bilməyəcək. Çünki onlar azdırlar və əsassız kampaniya aparırlar”.

“Mənim üçün ən yaddaqalan günlərdən biri oldu”

“Bakı-2015" ilk Avropa Oyunlarının Ulduz Elçisi İlkin Həsəni məşəlin alovlandırılması mərasimi ilə bağlı təəssüratlarını bölüşüb: ”Bu, mənim üçün ən yaddaqalan günlərdən biri oldu. Həm “Bakı-2015" I Avropa Oyunlarının məşəlinin yandırılmasının canlı şahidi oldum, həm də ölkə Prezidenti və birinci xanımla ünsiyyət imkanı qazandım. İnşallah yandırılan məşəl bütün ölkəni gəzib iyun ayında Olimpiya stadionunda alovlanacaq. Bu böyük işdə bizə dəstək olan hər bir azərbaycanlıya təşəkkür düşür”.

“Bu, bir fürsətdir, fürsəti qaçırmayın!”

Oyunların digər Ulduz Elçisi Tünzalə Ağayeva deyib ki, Avropa Oyunları ölkəmiz üçün tarixi əhəmiyyət daşıyır: “Bu Oyunların ölkəmizdə keçirilməsini böyük bir mədəniyyət hadisəsi kimi qiymətləndirmək olar. Eyni zamanda, ölkəmizin imicinə çox müsbət təsir edən bir hadisədir. Azərbaycan gənc bir ölkədir, amma buna baxmayaraq, dünyanın güclü dövlətləri ilə eyni sırada dayana bilirik. Artıq Azərbaycan dünyanın siyasi gücü olan dövlətləri ilə eyni səviyyədə sözünü deyə bilir. Etiraf edək ki, idman həm siyasət, həm bütün sivilizasiyaların görüşü, həm də mədəniyyət festivalı deməkdir. Bu mənada, Azərbaycan belə bir möhtəşəm tədbiri keçirməklə çox şeylər qazanır. Beynəlxalq aləmə nüfuzlu bir dövlət olaraq imza atır. Eyni zamanda, qapılarını dünya xalqlarının üzünə açır, barış-dostluq nümayiş etdirir. Bütün ölkələrə çağırış edir ki, bəli, biz bütün xalqlarla görüşə bilirik, əl-ələ verə bilirik, dostluq etməyi bacarırıq”.

İfaçının fikrincə, idman həm də sağlamlıq, faydalı həyat tərzi, hər zaman formada qalmaq deməkdir: “Bu mənada mən də yaxınlarıma, dostlarıma, onların ailəsinə, eyni zamanda sevənlərimə, bütün insanlara çağırış edirəm ki, gəlib Avropa Oyunlarına tamaşa etsinlər, həzz yaşasınlar. Onu da deyim ki, ətrafımda Avropa Oyunlarına maraq göstərən, gəlib izləmək istəyən çoxlu sayda insanlar var. Mən onların hamısını Avropa Oyunlarında gözləyəcəyəm. Bu, bir fürsətdir, fürsəti qaçırmayın!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm