Deputatlar Tofiq Yaqublunun əfvini xahiş etdi
Bizi izləyin

Nida.az

Deputatlar Tofiq Yaqublunun əfvini xahiş etdi

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun Azərbaycan Prezidenti tərəfindən əfv olunmasını xahiş edib.

Publika.az-ın məlumatına görə, deputat F.Mustafa deyib ki, ölkə rəhbərinin Tofiq Yaqublunun qızının dəfni ilə əlaqədar ona 7 günlük icazə verilməsi barədə qərarı çox gözəl bir addımdır: “Mən bu tribunadan istifadə edib cənab prezidentə müraciət etmək istəyirəm ki, əgər imkan varsa, onun əfv məsələsinə baxılsın. Çünki artıq Tofiq Yaqublu 2 il 4 aydır ki, həbsdə yatır. Bu addımın atılması siyasi qüvvələr arasında da kin-küdurətin aradan qaldırılması, insanlar arasında səmimi münasibətlərin formalaşması üçün faydalı olardı. Xüsusilə də Avropa Oyunları ərəfəsində bu, iqtidar üçün də faydalı addım olardı”.

Deputat İ.Ağazadə də həmkarının fikirlərinə dəstək verib. O deyib ki, əgər bu cür humanist addım atılarsa, ən azı bir ailənin faciəsinin üzərinə su çiləmək olar: “Bu addım atılarsa, həm cəmiyyətimiz, həm də müxalifət tərəfindən hörmətlə, sayğı ilə qarşılanar”.

İlk Cümhuriyyətimizin süqutunun 95 illiyi münasibətilə xalqımıza başsağlığı verən İ.Ağazadə müstəqilliyimizin qorunması üçün milli birliyə ehtiyac olduğunu bildirib: “İnşallah, milli barış, milli birlik, dialoq mühitinin mövcudluğu şəraitində xalqımız bu faciəni bir daha yaşamaz”.

Deputat Z.Oruc deyib ki, indiyədək Azərbaycan hakimiyyəti hər zaman humanist siyasət yürüdüb və bu siyasətdən minlərlə insan yaralanıb, öz doğma evlərinə qayıdıblar: “Bu gün burada Musavat partiyası başqanının müavini Tofiq Yaqublunun əfvi ilə bağlı məsələ qaldırıldı. Mən əminəm və inanıram ki, Tofiq Yaqublu əfv olunacaq və bir daha həbsxanaya dönməyəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm