Spiker: “Dövlət niyə belə cılız adama fikir verməlidir?”
Bizi izləyin

Nida.az

Spiker: “Dövlət niyə belə cılız adama fikir verməlidir?”

Milli Məclisin Lerik rayonundan seçilmiş deputatı İqbal Məmmədov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı özünü “Talış Muğam Respublikasının” prezidenti adlandıran Əlikram Hümbətovun ermənipərəst bəyanatına etiraz edib.

Publika.az-ın məlumatına görə, deputat İ.Məmmədov separatçı Əlikram Hümbətovun talış xalqının adından danışmasının onu hiddətləndirdiyini söyləyib:

“Əlikram Hümbətovun Azərbaycan xalqına etdiyi xəyanətlər bu gün də davam edir. Onun talış xalqı adından danışmağa haqqı yoxdur. Sərsəm bəyanatlar verən Əlikram Hümbətov bu gün ölkəmizdəki inkişafı görmürmü? Əlikram Hümbətov talışlardan heç bir dəstək ala bilməyib, bundan sonra da bilməyəcək”.

Millət vəkili İqbal Ağazadə də Ə.Hümbətovun çıxışını pisləyib:

“Bu insan Avropada ona verilən hüquqlardan istifadə edib Azərbaycanda qarşıdurma yaratmağa cəhd edir. Hökmən bunun cəzası olmalıdır, onunla bağlı Avropanın müvafiq qurumlarına müraciət olunmalıdır. O, mütəmadi olaraq Avropa təşkilatlarında çıxışlar edir, onun beynəlxalq təşkilatlara çıxışları məhdudlaşdırılmalıdır”.

“Satqınların vətəni olmur. Bu gün Əlikram Hümbətovun hərəkətinin xalqımıza heç bir aidiyyəti yoxdur”.

Bu sözləri isə Milli Məclisin deputatı Adil Əliyev bildirib. Onun sözlərinə görə, Əlikram Hümbətov etdiyi əməllərə görə, xalqımız tərəfindən cəzalandırılıb və ölkə prezidenti bunu rəsmiləşdirirərək, xəyanətkarı vətəndaşlıqdan məhrum edib: “Üstəlik, Əlikram Hümbətov talış insanı tərəfindən qəbuledilməz şəxsdir. Onun nə indi, nə də gələcəkdə də cənub bölgəsi ilə bağlı çıxış etməyə mənəvi haqqı çatmır. O, əvvəl hara xidmət edirdisə, bu gün eyni qüvvələrin marağına qulluq edir”.

“Bu gün ölkəmizin uğurları və nailiyyətləri belə satqınları narahat edir. Təkcə, qarşıdan gələn 2015 Bakı Avropa Oyunlarının keçirilməsi bizi istəməyən qüvvələrin narahatçılığına səbəb olub. Əlikram kimi satqınlar da, bu qüvvələrin əlində oyuncaq kimi istifadə olunurlar. Ona görə separatçının ermənilərə müraciətində də qeyri-adi heç nə yoxdur və buna təəccüblənməyinə dəyməz.

Amma, təəssüf edirəm ki, xaricdə yaşayan bəzi şəxslər milli və dövlətçilik maraqları bir kənara qoyub, iqtidara qarşı mübarizə adı altında Azərbaycana və dövlətçiliyinə xəyanət edirlər. Halbukı ulu öndər Heydər Əliyev hər zaman çıxışlarında qeyd edirdi ki, hər kəsin iqtidara qarşı müxalifət olması normaldır. Amma, əsas odur ki, dövlətçiliyə və milli maraqlara qarşı müxalifətdə olmasınlar. Biri Almaniyadan şəxsi maraqlarına görə, Azərbaycan əleyhinə kampaniyalara qoşulur, digəri Amerikada sanksiyaların tətbiq olunması ilə bağlı imzatoplama kampaniyası aparır. Belələrinə nə adı verəsən?”.

Spiker Oqtay Əsədov isə deyib ki, bir çox beynəlxalq təşkilatlar məhz belə xəyanətkarları axtarırlar:

“İkincisi də, dövlət niyə belə cılız adama fikir verməlidir?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm