Siyavuş Novruzov: "Bazar günləri mitinqlər keçirilməsin"
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: "Bazar günləri mitinqlər keçirilməsin"

“Elə məhsullar var ki, onu istehsal etmirik, kənardan gətirirk. Bunun üzərində ciddi nəzarət qoyulmalıdır ki, xaricdən gələn məhsulların geni dəyişdirilmiş olmasın”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.

YAP-çı deputat təəssüflə deyib ki, bu gün Azərbaycana geni dəyişdirilmiş məhsullar gətirilir və onun satışı həyata keçirilir: “Hesab edirəm ki, bu gün geni dəyişdirilmiş məhsullar ölkəyə gətirilməsə, istehsal olmasa, buna qarşı mübarizədən söhbət belə gedə bilməz. Kimsə geni dəyişdirilmiş məhsulların istehsalında istifadə olunan toxumu Azərbaycan gətirib əkirsə və ölkəyə bu məhsulları yayırsa, buna qarşı hansı mübarizədən söhbət gedə bilər? Hesab edirəm ki, ölkəyə gətirilən məhsulların üzərinə ciddi nəzarət qoyulmalıdır ki, kənardan gələn məhsulların geni dəyişdirilmiş olmasın”.

S.Novruzov qeyd edib ki, geni dəyişdirilmiş məhsulların insanlarda yaratdığı aqressiyadan daha çox, ölkə KİV-lərində yayılan kriminal xarakterli informasiyalar aqressiyanın artmasında xüsusi rol oynayır: “Bu gün Azərbaycan televiziyalarında, informasiya agentliklərində, xəbər portallarında kriminal xəbərlər əsas xəbər kimi verilir. Bu xəbərlərdə insanların bir-birini necə öldürə biləcəyinin yolları göstərilir. Bu informasiyaların nəticəsində şüur və iradə baxımından zəif olan insanlar bunun yollarını öyrənir və insanlarda aqressiya halları artmaqdadır.

Hesab edirəm ki, insanlar arasında aqressiyanın olmaması üçün geniş təbliğat işləri görülməlidir. Keçmişdə televiziyalarda kriminal xəbərlər yer tutmurdu və cəmiyyət belə xəbərləri qəbul etmirdi. İnsan nə qədər kriminal informasiya qəbul edirsə, bir o qədər aqressivləşir. İnsanlar arasında aqressivliyin artmasında dini cərəyanların qızışdırma amilləri də var. Ancaq Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Əlikram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq, bu birliyimizi və monolitliyimizi davam etdirməliyik”.

Millət vəkili mitinqlərlə bağlı təkliflə də çıxış edib:

“Bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətində qalırlar. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina etsinlər, onların toxunulmazlığını təmin etsinlər. Digər tərəfdən isə mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki həmin ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nəsə danışmağına qulaq assın”.

Millət vəkili hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna bu məsələ ilə bağlı müddəa əlavə olunmalıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm