"Nurun kölgəsi yoxdur" - Fətullah Gülənin məşhur azərbaycanlı dostu
Bizi izləyin

Nida.az

"Nurun kölgəsi yoxdur" - Fətullah Gülənin məşhur azərbaycanlı dostu

"Nurun kölgəsi yoxdur" - Fətullah Gülənin məşhur azərbaycanlı dostu

Fətullah Gülənin məşhur azərbaycanlı dostu, şair Məmməd Aslanın Publika.Az-a müsahibəsi:

-Son vaxtlar Türkiyədə AKP hökumətinin rəsmiləri, o cümlədən baş nazir Rəcəb Təyyib Ərdoğan tərəfindən Fətullah Gülənə qarşı ittihamlar səsləndirilir. Son baş verən bu proseslərə sizin münasibətiniz necədir?

-Hə, xəbərim var, bilirəm ki, düşüblər bu məsələnin üzərinə. Hər halda Türkiyənin iki böyük siması olan Fətullah Gülən ilə Rəcəb Təyyib Ərdoğanın bir-birinə qarşı ittihamlar yağdırması türkün xeyrinə olmayan bir şeydir. Doğrusu, mən bunu heç gözləmirdim. Fərqi yoxdur, mən Azərbaycan vətəndaşyıyam, iki ölkə olsa da Azərbaycan və Türkiyə eyni Vətən sayılır. Biz eyni Vətənin övladlarıyıq. Biz eyni ruhun daşıyıcılarıyıq. Amma bir Vətənin havasında, heysiyyətində bu cür parçalanma, fikir ayrılığı və bir-birinə qarşı amansız ittihamlar heç yaxşı olmadı.

Türkü türklə düşmən etmək olmaz. Mən dediyim üzərində yenə də qalıram. Mən həm Fətullah Güləni, həm də Rəcəb Təyyib Ərdoğanı sevmişəm. Mənim məhəbbətim siyasətə görə deyil. Bu məsələdə kimin haqlı, kimin haqsız olması isə hələ dəqiqləşməyib. Bu, mənim kimi folklorçu bir şairin biləcəyi məsələ də deyil. Doğrudan da, Fətullah Gülən hoca çox böyük adamdır. Düşmənlər araya girib bunların arasını vurdu. Bunlar bir-birinə belə qənim kəsilməzdilər. Ötən gecə məni narahat edən daha bir məsələnin şahidi oldum. Deməli, Ərdoğan həzrətləri çox həqarətlə Fətullah Gülən xocanın övladının olmamasını dedi. Ərdoğan dedi ki, Fətullah Gülənin uşağı yoxdur və o, haradan övlad qeydinə qalacaq və sairə. Bu çox ayıb bir hərəkətdir. Fətullah Gülən Şərqin inandığı bir şəxsdir. O, İslam və Allah yolunda könüllü söz verib ki, ailə həyatı qurmayacaq. Hətta Fətullah Gülən bir dəfə xəstə olanda dərman almağa pulu olmayıb, öz “maqintafon”unu satdırıb dərman alıb.

-Son günlər Azərbaycanda da bəzi deputatlar Fətullah Gülən tərəfdarı olduğuna görə “nurçu” adlandırılır. Bu məsələyə münasibətiniz necədir?

-Vallah, mənim o deputatların nurçu olmasından heç bir xəbərim yoxdur. İnanmıram ki, həmin deputatlarla Fətullah Gülən arasında o dərəcədə pul ilə ələ alma cəhdi olsun. Mən buna qəti inanmıram. Mən nə deputat, nə də politoloq deyiləm. Mən bir insan kimi inanmıram ki, Azərbaycanda bu cür şey olsun. Məni ən çox ağrıdan da odur ki, bütün bu oyunlar bir soyun başına gətirilir. Vallah, elə vaxt var idi ki, biz bir türk görmək üçün canımızdan keçməyə hazır idik. Hətta SSRİ vaxtı bir dəfə biz yaxın dostlarla Moskvaya getdik ki, orada Türkiyə səfirliyi qarşısında heç olmasa, bir nəfər türk üzü görək. Görək ki, doğrudanmı türklər bizə oxşayır və sairə. Səfirliyin qarşısında türkcə danışan türk görüb arxasınca düşürdük ki, səslərini eşidək, salamlaşaq. İndi tale elə gətirdi ki, biz bir-birimizi daha yaxından gördük.

Türkiyədə və Azərbaycanda islami kəsim kəlməsi var. Ancaq deyək ki, Azərbaycan bütövlüklə İslam ölkəsidir, bu, doğru deyil. Şərqin özündə taleyin gətirməzliyindən parçalanma var. Yoxsa İslama bu qədər hücumlar olmazdı. Yəni Fətullah Gülən Allah yolunda dünyanın bütün naz-nemətlərindən əl çəkdi. İndi Fətullah Gülən dünyanı dinlərarası barışığa çağırırsa və dünya buna getmirsə, o zaman Fətullah Gülən neyləsin?

- “Çağ Öyretim İşletmeleri”nin fəaliyyətindən narahatlıqlar var...

-Vallah, “Çağ Öyretim İşletmeleri” indiyədək Azərbaycana heç bir pis şey qazandırmayıb. Çünki beynəlxalq elm və təhsil yarışında “Çağ Öyretim İşletmeleri”nin məzunları yüksək nailiyyətlər nümayiş etdiriblər. Onlarda mənəvi təmizlikdən başqa heç nə tapmaq mümkün deyil. Bilirsiniz, nurdan qorxmaq lazım deyil. Nurun kölgəsi yoxdur, ancaq nur olmasa, kölgə də olmaz. Onlar öz kölgələrində bizim övladlarımızı gələcəyin vicdanlı, namuslu vətəndaşı kimi türkçülüyünə və İslama sahib olmağa çağırırsa, mən burada heç bir pis iş görmürəm. Mən bunu istənilən yerdə, hətta “dar ağacı” qarşısında da deyərəm.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm