Fəzail Ağamalı: “Bu, Azərbaycan dövlətinə xidmət etmək deyil” – MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Fəzail Ağamalı: “Bu, Azərbaycan dövlətinə xidmət etmək deyil” – MÜSAHİBƏ

Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının Publika.az-a müsahibəsi:

– Bu günlərdə sizin təşəbbüsünüzlə “Bakı-2015” Avropa Oyunlarına dəstək üçün sosial şəbəkələrdə dostluq qrupu yaradılıb. Hazırda bu qrupa maraq necədir?

– “Bakı-2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı başlanılan qarayaxma kampaniyasının ilk günündən bəri mən bu qüvvələrə qarşı iradəmi ortaya qoymuşam, çıxışlar etmişəm, onların bu hərəkətlərini qətiyyətlə pisləmişəm və hazırda da bu mübarizəmi davam etdirirəm. Ancaq məsələ burasındadır ki, Azərbaycanın uğurları və beynəlxalq nüfuzu artdıqca, ölkəmiz yeni-yeni uğurlara imza atdıqca, dövlətimizə qarşı beynəlxalq səviyyədə formalaşan anti-Azərbaycan qüvvələrinin fəaliyyəti daha da genişlənib. Çox təəssüf ki, xaricdəki həmin anti-Azərbaycan dairələrinə Azərbaycanda yaşayan bəzi anti-milli qüvvələr də qoşulublar. Avropa Oyunlarının keçirilməsini istəməyən həmin qüvvələr Azərbaycan əleyhinə xarici mediada hər hansı material dərc etdirəndə, daxildəki anti-milli qüvvələr də həmin materialları dərhal öz medialarında yayımlayır və ona geniş şərhlər verməyə çalışırlar. Eyni zamanda, Azərbaycana qarşı olan bu kampaniya onların sosial şəbəkələrdəki səhifələrində də aparılır. Bütün bu məkrli addımlara qarşı hər bir Azərbaycan vətəndaşı öz mövqeyini və fikrini ortaya qoymalıdır. Çünki Avropa Oyunları Azərbaycanın gücünün nümayişidir, ölkəmizin beynəlxalq aləmdə daha da tanıdılması imkanlarıdır, ölkəmizə böyük turist axınının gəlişini genişləndirməkdir və sairə. Ona görə də hər bir azərbaycanlı “Bakı-2015” Avropa Oyunlarının keçirilməsini istəməyən qüvvələrə qarşı vahid mövqedən çıxış etməlidir və onların ictimai rəydə üstün mövqe tutmasına imkan verməməlidir. Məhz bu səbəbdən də mən belə qərara gəldim ki, sosial şəbəkələrinin geniş imkanlarını nəzərə alaraq, bunun vasitəsilə “Bakı-2015”ə dəstək qrupu yaradaq. Bu dostluq qrupunun vasitəsilə Avropa Oyunlarının keçirilməsi ilə bağlı Azərbaycan dövlətinin ortaya qoyduğu iradəni dünyaya çatdıraq, Azərbaycanın nailiyyətlərini xaricdə ingilis, fransız, rus, alman və ispan dillərində təbliğ edək, eni zamanda ölkəmizə qarşı fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrinin bu yarışa mane olmaq, onu boykot etmək və Azərbaycana qara yaxmaq cəhdlərinə qarşı fəaliyyət göstərək. Mən bu ideyanı ilk dəfə sosial şəbəkədə olan profilimdə dostlarla paylaşan zaman onlar bu ideyanı çox bəyəndilər. Artıq bu ideya reallaşıb və ötən həftənin şənbə günündən buna start verilib. Ötən 2 gün ərzində artıq qrupa qoşulanların sayı 20 mini ötüb. Bu çox böyük rəqəmdir. Bir daha təkrar edirəm ki, niyyətimiz Azərbaycanın üstün keyfiyyətlərini, uğurlarını, nailiyyətlərini və bu fonda ölkəmizi dünyaya təbliğ etmək, Azərbaycana qarşı olan qüvvələrlə mübarizəmizi və iradəmizi ortaya qoymaqdır.

Sağ olsunlar, gənclərimiz də bu işdə çox fəaldırlar. Siyasi mövqeyindən asılı olmayaraq, hər kəs bu məsələdə birgə fəaliyyət göstərməlidir. Kim hansı partiyanın və təşkilatın üzvüdürsə, bütün bunların hamısı tamam kənara qoyulmalıdır, biz vahid həmrəylik nümayiş etdirərək eyni xətt üzrə anti-Azərbaycan kampaniyası aparan qüvvələrə qarşı birləşməliyik.

– Bu gün Milli Şura və digər bəzi təşkilatlar da xarici dairələrlə eyni mövqedən çıxış edərək Azərbaycana qarşı kampaniyalar aparırlar. Həmin təşkilatlara hansı çağırışlarınız var?

– Mən hər zaman bunun əleyhinə getmişəm və bu gün də eyni mövqedəyəm. İnsanların fikirləri, dünyagörüşü və siyasi baxışları müxtəlif ola bilər, ancaq ümummilli məsələlərdə eyni mövqe nümayiş olunmalıdır. Azərbaycanda hər bir siyasi partiya özünün proqram və nizamnaməsinə uyğun olaraq, fəaliyyət göstərmək imkanı qazanıb. Təbii ki, istənilən siyasi partiya bu cür fəaliyyət göstərən zaman Vətənin, ölkənin bu günü, gələcəyini yaddan çıxarmalı deyil. İqtidara gəlmək uğrunda mübarizə dövlətçiliyə qarşı böhtan kampaniyalarına qoşulmaqdan keçməməlidir. Eyni zamanda müxalifət partiyaları anti-Azərbaycan qüvvələri ilə eyni məqsəd üçün aparılan mübarizə kampaniyalarına qoşulmalı deyil. Əslində, bu cür mübarizə üsulu seçən qüvvələr anti-Azərbaycan dairələrinin yanında yer almaqla öz anti-milli mövqelərini ortaya qoyurlar.

Bu gün ayrı-ayrı xarici ölkələrdə Azərbaycanı istəməyən, xüsusi olaraq erməni lobbisi tərəfindən təşkil olunan tədbirlərdə verilən açıqlamalar və bəyanatlar, erməni lobbisinin təsiri ilə xarici mediada Azərbaycan əleyhinə dərc olunan məqalələr Milli Şurada və AXCP funksionerləri tərəfindən ölkə ictimai rəyinə gətirilir. Bütün bunlar böyük təəssüf hissi doğurur. Bu, azərbaycançılıq məfkurəsinə, Azərbaycan dövlətinə və xalqına xidmət etmək deyil. Əksinə, bütün bunlar Azərbaycan dövlətinə qarşı birləşən xarici dairələrlə eyni cəbhədə birləşmək, erməni lobbisinin istəklərini yerinə yetirməkdir.

Ancaq mən tam əminəm ki, onların bu cür fəaliyyəti Azərbaycan cəmiyyətində böyük ikrahla qarşılanır. Bu cür çağırışlara Azərbaycan cəmiyyəti tərəfindən çox mənfi reaksiyalar var.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm