Sərdar Cəlaloğlu: “Azərbaycanın gələcəyinə hesablanan böyük hadisənin qarşısını almaq istəyirlər”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Azərbaycanın gələcəyinə hesablanan böyük hadisənin qarşısını almaq istəyirlər”

“Avropa Oyunları Azərbaycanın Avropaya inteqrasiyası yolunda ən möhtəşəm addımlardan biridir”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.


“Avropa Oyunları ölkəmizin Avropaya inteqrasiyası yolunda möhtəşəm addımdır”


ADP sədri “Bakı-2015” I Avropa Oyunları üzərindən aparılan anti-Azərbaycan kampaniyasında daxili qüvvələrin iştirakını sərt şəkildə tənqid edib: “Milli Şura iqtidardan Avropaya inteqrasiya etməyi tələb edir. Digər tərəfdən, inteqrasiya yolunda mühüm addım olan bu Oyunların Bakıda keçirilməsinə qarşı çıxır, anti-Azərbaycan kampaniyasında yer alır. Bu sadəcə olaraq şizofreniya əlamətidir. Bəzən asanlıqla düşmənin mövqeyinə keçmək olur. Ona görə də belə məsələlərdə müxalifət həssas olmalıdır. Çünki burda söhbət iqtidardan getmir. Əsas məsələ dövlətə fundamental zərbənin vurulmasıdır və Milli Şura bu oyunlarda yer almamalıdır. Çünki bu Oyunların siyasi və iqtisadi dividentləri böyükdür”.


“Onlar dövlət maraqlarını şəxsi maraqlarına qurban verirlər”


S. Cəlaloğlu Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəyə gətirəcəyi dividentlərdən də danışıb: “Dövlət büdcəsinə külli miqdarda vəsait daxil olacaq. Azərbaycanın dünyada tanınması üçün böyük vasitə olacaq. Ölkədə turizmin inkişafına stimul verəcək. İndi daxildəki bəzi qüvvələr Azərbaycanın birbaşa gələcəyinə hesablanan böyük hadisənin qarşısını almaq istəyirlər. Onlar dövlət maraqlarını iqtidar ehtirasının baş alıb getdiyi şəxsi maraqlarına qurban verirlər. Bu, yanlış mövqedir”.


“Avropa Oyunları ilə insan haqlarını eyniləşdirmək absurd mövqedir”


S. Cəlaloğlu siyasi təşkilat və partiyaların dövlətin və xalqın maraqlarına qarşı olan oyunda iştirak etməsinin doğru olmadığını diqqətə çatdırıb.


“Müxalifət "iqtidara qarşı mübarizə" deyib xalqın maraqlarına ziyan vuran mövqe nümayiş etdirməməlidir. Azərbaycanda Avropa Oyunlarının keçirilməməsi bizim xeyrimizədirmi? Əlbəttə ki yox. Tutaq ki, heç kim Azərbaycana gəlmədi. Bundan dövlət büdcəsi itirəcək, xalqın gələcəkdə daha yaxşı yaşamasını təmin edən elementlərdən məhrum olacağıq. Hesab edirəm ki, Avropa Oyunları ilə insan haqlarını eyniləşdirmək absurd mövqedir”, - deyə o bildirib.


Partiya sədri bəzi müxalifət qüvvələrinin iqtidara qarşı mübarizə adı altında xalqın və dövlətin maraqlarına zərbə vurduğunu qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm