Deputat: “Azərbaycan Avropa Oyunlarının tarixinə düşəcək” – FOTO
Bizi izləyin

Nida.az

Deputat: “Azərbaycan Avropa Oyunlarının tarixinə düşəcək” – FOTO

“Bakı-2015 Avropa Oyunları böyük tarixi hadisədir. Bu hadisə Azərbaycan tarixində xüsusi yer tutur”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Fəzail İbrahimli bildirib.

Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin dünyada tanınmasında “Bakı-2015” Avropa Oyunlarının böyük rolu var. F.İbrahimli deyib ki, bu tədbir Azərbaycanda gedən sürətli inkişafın Avropada tanınmasında böyük əhəmiyyət daşıyır: “Bir var ki, Azərbaycan haqqında kimdənsə nə isə eşidib duyasan, bir də var ki, gəlib bu ölkənin canlı şahidi olasan, buranı gözlərinlə görəsən. Bu baxımdan da “Bakı-2015” Avropa Oyunları vasitəsilə Avropa ictimaiyyətinin diqqəti Azərbaycana cəlb olunacaq. Digər tərəfdən isə, Avropa ailəsində Azərbaycan haqqında real düşüncələr formalaşacaq. Bu isə bütövlükdə Azərbaycan üçün çox önəmlidir”.

Deputat qeyd edib ki, Avropa Oyunları vasitəsilə dünya ictimaiyyəti Azərbaycanın iqtisadi uğurlarına şahid olacaq: “Öz hava limanlarından minib Bakıya səmt alan hər bir əcnəbi Azərbaycanın nə qədər böyük inkişaf etməsini, müstəqilliyinin çiçəkləndiyini görəcək. Təbii ki, bütün bunlar da Azərbaycanı sevməyən qüvvələri məyus edəcək, qıcıqlandıracaq. Bunlar əsasən ermənipərəst qüvvələrdir. Onlar Azərbaycanın müstəqilliyini istəmir, daim asılı vəziyyətdə olmasını arzu edirlər. Bu dairələrin həm də Azərbaycanın geosiyasi mövqeyində gözləri var”.

F.İbrahimli bildirib ki, Azərbaycana nəyisə zorla qəbul etdirməyə çalışan qüvvələr bu gün səfərbər olublar: “Amma bu, bizi qəti narahat etmir. Əksinə, bu cür kampaniyalar Avropa Oyunlarının əhəmiyyətini daha da artırır. Çünki əgər bu oyunlar əhəmiyyətsiz olsaydı, təbii ki, həmin qüvvələr də bu qədər narahat olmazdı. Bunların narahatçılıq keçirməsinin özü bir daha “Bakı-2015”in nə qədər əhəmiyyət kəsb etdiyini sübut edir. Artıq Azərbaycanın da kifayət qədər beynəlxalq səviyyədə qonaq qəbul etmək təcrübəsi var. Bir neçə il öncə Bakıda “Eurovision” yarışmasının yüksək səviyyədə keçirilməsi bu təcrübələrdən biridir. Kifayət qədər təcrübə bizə belə bir fikir söyləməyə əsas verir ki, “Bakı-2015” Avropa Oyunları da çox yüksək səviyyədə təşkil olunacaq. Yəni, Azərbaycan Avropa Oyunlarının tarixinə düşəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm