Əli Əliyev: “Avropa Oyunlarının Bakıda keçirilməsi düşmənlərimizi narahat edir”
Bizi izləyin

Nida.az

Əli Əliyev: “Avropa Oyunlarının Bakıda keçirilməsi düşmənlərimizi narahat edir”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın Avropaya təqdimat mərasimi kimi qəbul etmək olar. Biz ümumilikdə xalq olaraq bu oyunlardan yararlanmalıyıq”.

Bunu Publika.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, oyunlar ərəfəsində daxili münasibətləri bir kənara qoymaq lazımdır: “Ən azından bu münasibətləri təxirə salmalıyıq və Azərbaycanın sivil Avropa dövləti olduğunu göstərməliyik. Dövlətin təqdimatı üçün siyasi müxalifət də, sıravi vətəndaşlarımız da əlindən gələni etməlidir. Ölkəyə xeyli sayda qonaq gələcək, dünya mediasının diqqəti ölkəyə cəmləşəcək. Bu baxımdan hamı zəhmətini göstərməlidir”.

VİP sədri qeyd edib ki, bu məsələdən fürsət kimi istifadə edib divident qazanmaq lazımsız hərəkətdir.

“Artıq “Euronews” kanalında iki həftədir ki, Avropa Oyunları ilə bağlı reklam rolikləri göstərilir. Hesab edirəm ki, millətimizin və dövlətimizin dünyaya təqdim edilməsi üçün gözəl fürsətdir. Bu fürsətdən maksimum yararlanmalı, enerjimizi dövlətin təbliğinə yönəltməliyik”, - deyə o qeyd edib.

Ə. Əliyev belə bir tədbirin Bakıda keçirilməsinin Azərbaycanın düşmənlərini narahat etdiyini diqqətə çatdırıb: “Bizim daxili münasibətlərimizin necə olmasından asılı olmayaraq, kənardan hamımız Azərbaycan dövlətinin təmsilçisi kimi qiymətləndirilirik. Bizim iç problemlərimiz cəmiyyətimizin problemləridir. Kənardan bizə verilən qiymət millətimizə verilən qiymətdir. Hesab edirəm ki, Avropa Oyunları tanınmağımız baxımından mühüm hadisədir. Çalışmalıyıq ki, bədxahlar bu məsələdə sevinməsin. Azərbaycanın layiqli dövlət olduğunu dünyaya təqdim etməyi bacarmalıyıq. Fikrimcə, Avropa ictimaiyyətinin Azərbaycana yönəlik mövqeyini yaxşı mənada dəyişə bilər. Biz düşmənlərimizin bizi təqdim etdiyi kimi dağıdıcı deyil, gözəl təşkilatçı, layiqli dövlət, güclü mədəniyyətə malik xalq olduğumuzu göstərə bilərik. Əslində, millətin təbliğatı belə tədbirlər zamanı mümkün olur”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm