CİA-nın kuratoru Devid Kramer – anti-Azərbaycan kampaniyasının pərdəarxası
Bizi izləyin

Nida.az

CİA-nın kuratoru Devid Kramer – anti-Azərbaycan kampaniyasının pərdəarxası

“Bir sıra postsovet ölkələrində baş verən inqilablar, misal üçün, Ukrayna, Gürcüstan, Qırğızıstandakı proseslər beynəlxalq QHT-lər tərəfindən reallaşdırılıb”.

Bunu Fransadan olan tədqiqatçı Mark Antuan Pöruz dö Monklon deyir.

Bu gün Azərbaycana qarşı qara piar kampaniyasına start verilib. Bu prosesin aparıcı simaları məhz beynəlxalq QHT-lər və bu sahədə çalışan şəxslərdir. Və onların bir məqsədi var: ölkələri qarışdırmaq, sözün əsl mənasında siyasi alətə çevrilən “demokratiya” adı altında “rəngli inqilablar” təşkil etmək. Maraqlıdır ki, “rəngli inqilablara” cəhdin qarşısı alındığı ölkələrə beynəlxalq təzyiq məhz QHT şəbəkələri tərəfindən kampaniya olaraq aparılır. Azərbaycan buna ən bariz nümunələrdəndir. Bu gün Qərbin müəyyən dairələrinin Azərbaycanı hədəf seçməsinin məqsədi bəllidir: boyun əyməyən, yalnız xalqının maraqlarından çıxış edərək aparılan müstəqil siyasəti əzmək.

Dünyanın ağasına çevrilmək istəyən qüvvələr bunu özləri üçün təhlükə hesab edir.

“İstilaçı Qərb daha müvəqqəti işğalçılıqla qane olmur. O, indi bütün dünyanı istila etmək, “udmaq” istəyindədir. Qərb insanı özünü dünyanın kəndxudası hesab edir”, - deyə professor Akbar Faryer dünya nizamını belə izah edir.

Özünü “kəndxuda” hesab edən Qərb insanlarından biri də Devid Kramerdir və bu şəxs hazırda Azərbaycana qarşı aparılan kampaniyanın əsas simaları arasında yer alır.

Bu günlərdə Devid Kramer də daxil olmaqla ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski və bir qrup şəxs ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlayıb.

Onlar “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir” tezisini müdafiə edirlər.

Hər şey aydındır, “Bak-2015” I Avropa Oyunları üzərindən Azərbaycana zərbə vurmaq. Təbii ki, Avropanın əksər ölkəsinin qatılacağı bu oyunlar zamanı bütün dünyanın gözü Azərbaycanda olacaq. Belə bir məqam Devid Kramer kimilər üçün qaçırılmaq fürsətdir. “İnsan hüquqları naminə idman” adlanan bu kampaniyanın məqsədi də məhz Azərbaycan haqda mənfi rəy formalaşdırmağa hesablanıb. Lakin doğrudanmı hər şey “insan hüquqları naminədir”? Axı cəmi üç il öncə “Eurovision-2012” müsabiqəsi Bakıda keçirilərkən bu qüvvələr “Demokratiya naminə oxu” deyə eyni mətbəxdən çıxan şüarlar irəli sürürdü.

Publika.az Devid Kramerin kimliyi və onun beynəlxalq istilalarda aldığı rolu araşdırıb.

Əvvəlcə, onun vaxtilə rəhbərlik etdiyi və bu gün də təsir imkanlarının olduğu “Freedom House” təşkilatı haqda. Bu ad Azərbaycan insanına bəllidir. Hansı ki, dünyanın bir çox ölkəsində, o cümlədən işğalçı Ermənistanda insanlar küçələrdə güllələnərkən bu təşkilat Azərbaycanda “axtarış” aparır. “Azadlıq evi” mənasını verən təşkilat 1941-ci ildə yaradılıb. Hazırda Vaşinqtonda mənzillənir. Təşkilatın fəaliyyət spektirinə əsasən müsəlman ölkələri daxildir. Burda onun əsas hamisi olan D. Kramerin anti-İslam mövqeyi də xüsusi rol oynayır.

Misal üçün, Misir tarixində ilk dəfə seçim yolu ilə prezident olan Məhəmməd Mursinin cəmi bir illik hakimiyyətindən sonra devrilməsində bu təşkilatın törətdiyi təxribatların xüsusi rolu oldu. 1960-cı ildə Adnan Menderesin devrilməsində istifadə olunan eyni ssenari Mursi hökumətinə də tətbiq edildi. Belə ki, təşkilat xristian və müsəlmanlar arasında iğtişaşlar törətdi. Bu təxribatları törədən Amerikaya bağlı şəxslər həbs olundu və Mursini Misir ordusuna hər il verdiyi milyardlarla pulu kəsməklə şantaj etdi. Ordu ələ alındı. QHT-lərlə start verilən çevriliş planı hərbi xuntanın qələbəsi ilə başa çatdı.

“Azadlıq evi”nin azadlıq meyarları Azərbaycanla bağlı da hər zaman özünü göstərir. Təşkilatın hesabatlarında Azərbaycan daim qara rəngdə təsvir olunur, baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən “faktlar” kimi təqdim olunur. Ermənistana gəlincə, təşkilat sanki pozulan hüquqların, boğulan demokratiyanın “obyektiv” səbəbləri olduğunu deyərək, yumşaq formada bu ölkənin “qismən azad” ölkə kimi qələmə verir. Və burda da erməni lobbisinin “başı” görünür.

Ən maraqlısı isə bu tipli təşkilatların istinad etdiyi mənbələr Azərbaycan müxalifəti daxilində və vətəndaş cəmiyyətində yerləşən “5-ci kolon”dur.

Azərbaycandakı “5-ci kolon” “Azadlıq evi”nin keçmiş rəhbəri Devid Krameri “köhnə tanış” kimi yaxşı tanıyır. Bu kolonun idarə olunmasında Kramerin əməyi böyükdür.

D. Kramer: Vaxtilə Dövlət Departamentində məsul vəzifədə çalışıb. Bu vəzifədən sonra “Freedom House” təşkilatının rəhbəri olub. Hazırda təşkilatın sədri olmasa da, onun kölgəsi “Azadlıq evi”nin üzərində aydın sezilir. D. Kramerin faktiki fəaliyyəti Vaşinqtondakı “McCain” institutunun insan haqları və azadlıqları üzrə direktoru adı altında pərdələnib. Əslində bu şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı olduğuna dair dəqiq məlumatlar var və CİA-nın kuratoru kimi çalışır. Yəhudi əsilli Kramer Rusiyaya düşmən mövqeyi ilə seçilir. Vaxtilə Nyu-York kafelərində Yevgeniya Çirikova və bu günlərdə qətlə yetirilən Boris Nemtsov kimi rus müxalifətçilərlə görüşərək, Kremlə qarşı qiyamın ssenarilərini müzakirə edib. Hətta Rusiya müxalifətinin maliyyələşdirilməsində onun vasitəçiliyi mühüm rol oynayıb. O, “Bəzilərinin Birləşmiş Ştatlardan zəhləsi gedir və bundansa Rusiya ilə yatağa girməyə razıdır” deyə bildirir. Bununla, öz təbirincə, Azərbaycanı da tənqid etmiş olur.

Devid Kramer Azərbaycanı sevmir, daha doğrusu, bu ölkəyə nifrət edir. Səbəbi tam bəlli deyil. Lakin bunun insan haqları, yaxud demokratiyaya heç bir aidiyyətinin olmadığı dəqiqdir. Bu gizli şeflərinin təlimatından da irəli gələ bilər, yaxud erməni lobbisinə sıx tellərlə bağlı olan dövlət katibi Con Kerri ilə yaxınlığından da. Lakin onun haqqında münasibət birmənalı deyil. Məlumatlara görə, bu şəxs öz paranoyalığı ilə diqqət çəkir. Opponentlərinə qarşı küçə söyüşləri istifadə edir və özü haqda daim yüksək fikirdədir. D. Kramerin bu gün dostluq etdiyi və Azərbaycan qarşı kampaniyada birgə yer aldığı Riçard Kozlariçlə dostluğu da müəyyən şübhələrə yol açır. Belə ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri R. Kozlariç öz içki düşkünlüyü ilə ad çıxarmışdı və hətta rəsmi görüşlərdə səfirlik əməkdaşları məcbur qalaraq rəhbərlərini bir-bir əvəz edirdi.

D. Kramerin Azərbaycana qarşı qərəzli mövqeyi və nifrətinin həddi də məlum deyil. O, bu yaxınlarda Azərbaycana qarşı “Maqnitski siyahısı”nın tətbiq edilməsi təklifi ilə çıxış etmişdi. İndi isə I Avropa Oyunlarına qarşı piar kampaniyasında əsas ruporlardan biridir.

Araşdırmalardan da göründüyü kimi, məqsəd Azərbaycanı zəiflətmək və Qərb dairələrinin maraqlarına xidmət edən ölkəyə çevirməkdir. Con Kerrinin ofisindən start verilən bu prosesdə paranoya və içki düşkünü olanlardan da istifadə edir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm