Paris görüşü Dağlıq Qarabağ münaqişəsinə nə verəcək? – ŞƏRH
Bizi izləyin

Nida.az

Paris görüşü Dağlıq Qarabağ münaqişəsinə nə verəcək? – ŞƏRH

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan Parisdə görüşəcək. Azərbaycan xarici işlər naziri görüşdə irəliləyiş əldə olunacağını inamla vurğulayıb.


Publika.az-a xəbər verir ki, “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində yeni bir mərhələnin mümkünlüyü ehtimalını şərh edib.


“Əgər Fransa Prezidenti Fransua Ollandın Cənubi Qafqaza – Azərbaycan və Ermənistana səfərini və onun keçirdiyi görüşlər zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdiyini nəzərə alsaq, o zaman Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun da bundan ruhlanaraq danışıqlarda yeni bir mərhələnin başlandığı anonsunu verməsini başa düşmək olar. Amma mən bu məsələdə fərqli düşünürəm. Çünki indiyə qədər bir çox “yeni mərhələlər” baş verib, onlar haqqında danışılıb. Ermənistanın mövqeyində isə heç bir dəyişiklik əmələ gəlməyib. Ona görə də Paris görüşünə də sıradan, sadəcə, gündəlikdə olan bir görüş kimi baxıram və heç bir ciddi irəliləyiş, ciddi nəticə gözləmirəm.

Bir daha qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinə münasibətində heç bir yenilik yoxdur. Ona görə də formatın necəliyini, danışıqlarda hansı məsələlərin müzakirə edilməsindən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı məsələlərdə kompromisə getmək, torpaqları azad etmək niyyəti olmadıqca və Dağlıq Qarabağ üçün müstəqillik tələb etmək niyyətindən vaz keçmədikcə, hər hansı bir nəticədən danışmaq və irəliləyiş gözləmək sadəlövhlükdür”, - deyə o qeyd edib.


R. Nurullayev amerikalı həmsədr Ceyms Uorlikin “Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb. Ermənistan Dağlıq Qarabağda sülhə hazırdır” bəyanatına da münasibət bildirib: “Bu bəyanat yalnız Ermənistanın mövqeyini və şərtlərini nəzərə alaraq verilib. Uorlikin elə bu cür bəyanatlarının nəticəsidir ki, Azərbaycanda ona qarşı tənqidlər çoxalır. Təbii ki, Ermənistan sülhə hazırdır, amma öz şərtləri çərçivəsində. Bunu Ceyms Uorlik birinci dəfə demir, bundan öncə də bir neçə dəfə deyib. Ondan başqa həmsədrlər də bu fikri səsləndirib. Amma söhbət hansı sülhdən gedir, onu aydınlaşdırmaq lazımdır. Çünki söhbət başqa sülhdən gedir: “Ermənistan sülhə hazırdır” deyəndə o nəzərdə tutulur ki, Ermənistan Azərbaycanla sülh sazişini Azərbaycan üçün ağır şərtlər altında imzalamağa hazırdır.

Azərbaycan üzərinə öhdəlik götürməlidir ki, Dağlıq Qarabağda müstəqillik tələbi olsa, onun müstəqilliyinin elan olunmasına maneçilik törətməyəcək. Yəni Ermənistan Dağlıq Qarabağ üçün müstəqillik istəyir. Azərbaycan da buna razı olarsa, Ermənistanın şərtləri işləyərsə, onda Ermənistan sülh müqaviləsinə hazırdır. Söhbət Ermənistanın belə sülhə hazırlığından gedir. Azərbaycanın mövqeyi nəzərə alınmadan, ancaq Ermənistanın mövqeyinin əsas tutularaq bu cür ifadələrin işlədilməsi doğru deyil. Elə bu məsələlərə görə də Cənab Uorlik çox vaxt tənqid olunur və Azərbaycanda ona qarşı münasibət soyuq olur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm