Bahar Muradova: “Azərbaycanı uğurla irəliyə aparacağıq” - MÜSAHİBƏ
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Azərbaycanı uğurla irəliyə aparacağıq” - MÜSAHİBƏ

“Təkcə indi idman yarışları ərəfəsində deyil, həmçinin enerji resurslarımızı layihələndirərkən, bu işə yeni başlayan zamanlar da yaxın və uzaq qonşularımız, beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı səlib yürüşü var idi. Hətta bəziləri Bakı-Tbilisi-Ceyhanın çəkilməsini ekoloji fəlakət, kimlərsə mif, ayrı-ayrı ölkələrin enerji siyasətinə zidd bir fəaliyyət kimi qiymətləndirirdi. Ancaq indi bu layihə mif deyil, reallıqdır. Odur ki, bu məsələnin mahiyyətində kiçik, azsaylı əhalisi olan dövlətin, birdən-birə SSRİ şinelindən çıxaraq müstəqilliyini elan etməsi və heç bir dövlətin və mərkəzin diktəsini qəbul etməməsi, tövsiyələri ilə oturub-durmaması, yalnız öz xalqının və dövlətinin maraqlarını əsas götürməsi bəzi dairələrin xoşuna gəlmir”.

Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. Müsahibəni təqdim edirik:

- Bahar xanım, son zamanlar I Avropa Yay Olimpiya Oyunları və onun Bakıda keçirilməsi istiqamətində müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Bu məsələyə Sizin münasibətiniz necədir?

- Azərbaycan neft resursları ilə tanınan, qədim mədəniyyəti olan, parlamentarizm tarixi ilə fərqlənən ölkə olmaqla yanaşı, həm də idman ölkəsidir. Bu mənada ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qanunauyğun haldır. Hesab edirəm ki, I Avropa Oyunlarının Bakıda start götürməsi bütün dünya üzrə beynəlxalq idman yarışlarının necə təşkil olunması məsələsində yeni standartlar yaradır. Bu oyunlar Avropa, dünya və bir təşkilatçı olaraq Azərbaycan üçün kifayət qədər əhəmiyyətlidir. Azərbaycan dövləti olaraq Avropa Oyunlarına məqsəd deyil, vasitə kimi baxırıq. Çünki Azərbaycanın daim inkişafda olması ilə bağlı məqsədi var. I Avropa Oyunlarını idmanla bağlı sahələrin, turizmin inkişafı və Azərbaycanın tanıdılması baxımından yaxşı fürsət hesab edirəm.

- Bu Oyunlar ölkəmizə başqa hansı qazancları gətirəcək?

- Azərbaycan həqiqətlərinin dünyada eşidilməsi, ölkəmizin işğala məruz qalması, ədalətsiz münasibətlə üzləşməsini dünya ictimaiyyətinə çatdırmağın yaxşı yollarından biri də belə beynəlxalq yarışların təşkilidir. Mən dünyada ikinci amil tanımıram ki, eyni ölkə ilə bağlı bütün dünya ictimaiyyəti maraqlansın. Bunlar mühüm beynəlxalq tədbirlər, Olimpiya Oyunları, indi isə Avropa Oyunlarıdır. Belə hallarda siyasi dünyagörüşündən, əqidəsindən, irqi mənsubiyyətindən asılı olmayaraq insanlar yarışın keçiriləcəyi ölkə və şəhərlə maraqlanır, bu idman yarışları vasitəsilə həmin ölkə haqqında məlumat alırlar. Əlbəttə ki, məlumat alarkən Azərbaycanın qədim tarixi, bu gün əldə etdiyi uğurlar və onun üzləşdiyi problemlər də diqqətə çatdırılır. Bu nöqteyi-nəzərdən Dağlıq Qarabağ probleminin mahiyyəti, məzmunu, indiki durumu barədə dünya ictimaiyyətinə kütləvi və operativ informasiyanın çatdırılmasının mühüm yollarından biri də bu cür tədbirlərdir. Bu mənada düşünürəm ki, Azərbaycan ilə maraqlanan insanların qarşısına internet resurslarında Dağlıq Qarabağ problemi haqqında informasiyalar da çıxacaq. Bu mənada da Avropa Oyunları obyektiv məlumatlandırma baxımından da böyük əhəmiyyət kəsb edir.

- İndiyə qədər BMT, ATƏT, Avropa Şurasının və digər beynəlxalq qurumların işğalçı ordunun Azərbaycan ərazilərindən dərhal çıxması haqqında qətnamələri var, lakin bu sənədlər icra edilmir. Bu kimi tədbirlər sözügedən qərarların icrasına müsbət təsir göstərə bilirmi?

- Əgər problem haqqında informasiyalar çatdırılırsa, şübhəsiz ki, problemin həllinə dair məlumatlar da diqqətə çatdırılacaq. Əlbəttə, bu başqa məsələdir ki, kim bu məlumatı necə qəbul edəcək. Əgər bu problemi özünə, dünyaya, insanlığa və bəşəriyyətə mane kimi görəcəksə, demək həm də bu problemlə sonuna qədər tanış olacaq. Və bu məsələnin beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə həll edilməsi yanaşması ilə bölüşəcək. Yox, əgər kimsə bunu yalnız Azərbaycanın problemi kimi qəbul edəcəksə, bu zaman onu yalnız idman yarışlarının nəticəsi maraqlandıracaq. Burada artıq hər kəsin çıxaracağı nəticə onun özünün yanaşması, şüur səviyyəsi və dünyəvi problemlərə münasibətinə bağlı olacaq. Ancaq şübhəsiz ki, bu hazırlıq dövründə də Qarabağ problemi, məsələnin həlli, beynəlxalq səviyyədə qəbul edilən qərarlar, onun həlli mexanizmi ilə bağlı müxtəlif yanaşmaları, vasitəçi Minsk qrupu ilə bağlı çoxsaylı yazıları internet resurslarına yerləşdirməliyik. Bunun özü də ədalətli informasiyanın dünya ictimaiyyətinə çatdırılmasına şərait yaradacaq. Bu gün Azərbaycanda və regionda iqtisadi və siyasi maraqlarını güdən dairələr bu Oyunların əhəmiyyətini azaltmaq, ölkəmizin hazırlıqlarını heçə endirmək istiqamətində səylər göstərir. Buna qarşılıq olaraq Azərbaycanı sevən hər bir vətəndaşımız, beynəlxalq hüquqa söykənən qüvvələr və ölkəmizin problemlərinin həllini istəyən şəxslər daha çox məlumatlandırma məsələsinə diqqət etməlidir. Vətəndaşlarımız sosial şəbəkələrdən və digər imkanlardan istifadə edərək məlumatlandırma işinə geniş qoşulmalı, Avropa Oyunlarına olan maraq çərçivəsində Dağlıq Qarabağ probleminə dair ümumi məlumatlandırma və təbliğat işinə öz töhfəsini verməlidir.

- I Avropa Oyunlarının Bakıda keçirilməsi hamıya xoş deyil. Xüsusilə, dünyada bir şəbəkə var ki, bu oyunlar fonunda ölkənin əleyhinə kampaniya aparır. Azərbaycan kiçik ölkədir, dünyada aqressiv siyasət aparmır, sülh və tərəfdaşlıq xəttini yürüdür. Bu halda nədən ölkəyə qarşı belə geniş şəbəkə fəaliyyət göstərir, məqsəd nədir?

- Biz sadəlöhvcəsinə düşünə bilmərik və düşünmürük də. Çünki bizim təcrübəmiz və indiyə qədər olan nümunələr var. Yəni elə hesab etməməliyik ki, dünya ölkələri, beynəlxalq dairələr yalnız aqressiv siyasət aparan ölkələrə qarşı tənqidi və sərt mövqe tutur. Mövcud dünyadakı vəziyyət göstərir ki, bu, belə deyil. Əks halda neçə illərdir ki, aqressiv siyasət aparan Ermənistan belə sərt tənqidlərin ilk obyekti olardı. Ancaq görürsünüz ki, bu, belə deyil. Deməli, məsələ heç də yeridilən siyasətin mahiyyətində deyil. Əslində, siyasətin mahiyyətinə diqqət edilsəydi, bu gün Azərbaycanın yeritdiyi sülh siyasəti, beynəlxalq hüquq prinsiplərini rəhbər tutması, yaxın və uzaq qonşularla bərabər hüquqlu tərəfdaşlığa söykənən münasibətləri, eləcə də, beynəlxalq təşkilatlarla bu səpkili olan əlaqələrinə görə, Azərbaycan daha çox təqdir ediləsi ölkə olmalı idi. Xüsusilə, nəzərə alsaq ki, Azərbaycan özünün malik olduğu resursların təkcə özünün və regionun deyil, bütövlükdə dünya xalqlarının maraqlarına uyğun şəkildə istifadəsinə üstünlük verir. Və heç zaman özünün enerji resurslarından siyasi məqsədlər üçün istifadə etmir, başqa ölkələrə və xalqlara münasibətdə bu vasitədən təzyiq kimi yararlanmaq istəmir. Əksinə, bu imkanlarından ölkələr arasında qarşılıqlı münasibətlərin normallaşması, tolerantlıq baxımından istifadə edir. Bu mənada müəyyən dairələrin Azərbaycana qarşı yönələn aqressiv münasibətinin mahiyyətində tamamilə başqa məsələlər dayanır.

- Söhbət hansı məsələlərdən gedir?

- Bu, ilk növbədə Azərbaycanın özünün öz taleyinin sahibi olması, müstəqil iradə və siyasət nümayiş etdirməsidir. Həmçinin Ermənistan vasitəsilə Azərbaycan üzərində öz maraqlarını təmin etmək istəyən qüvvələrin qarşısından geri çəkilməməsidir. Odur ki, təkcə indi idman yarışları ərəfəsində deyil, həmçinin enerji resurslarımızı layihələndirərkən, bu işə yeni başlayan zamanlar da yaxın və uzaq qonşularımız, beynəlxalq dairələr tərəfindən Azərbaycana qarşı səlib yürüşü var idi. Hətta bəziləri Bakı-Tbilisi-Ceyhanın çəkilməsini ekoloji fəlakət, kimlərsə mif, ayrı-ayrı ölkələrin enerji siyasətinə zidd bir fəaliyyət kimi qiymətləndirirdi. Ancaq indi bu layihə mif deyil, reallıqdır. Odur ki, bu məsələnin mahiyyətində kiçik, azsaylı əhalisi olan dövlətin, birdən-birə SSRİ şinelindən çıxaraq müstəqilliyini elan etməsi və heç bir dövlətin və mərkəzin diktəsini qəbul etməməsi, tövsiyələri ilə oturub-durmaması, yalnız öz xalqının və dövlətinin maraqlarını əsas götürməsi bəzi dairələrin xoşuna gəlmir. Bu dairələr əlbəttə ki, burada sözə baxan, bu və ya digər maraqların icraçısı olmağa razılıq verən rejim görmək istəyərdi. Azərbaycan isə heç zaman belə siyasətə üstünlük verməyib və həmişə müstəqil siyasət yeridəcək. Odur ki, dünyanı idarə etmək, dünyanı öz marağına uyğun olaraq dəyişmək istəyən qüvvələr Azərbaycan kimi dövlətlərin dünya siyasi xəritəsində mövcudluğunu həzm etmək istəmir və edə də bilmirlər. Onlar öz iddialarını, rəngi dəyişsə də, mahiyyəti dəyişməyən maraqlarını təmin etmək yolunda Azərbaycanı maneə kimi görürlər. Ona görə də, uyğun məqam düşdükcə bundan istifadə edirlər, dünyanı və xalqları yaxınlaşdıran, sülhü təbliğ edən belə tədbirlərdən siyasi alət kimi istifadə edərək Azərbaycanı qaralamaq üçün kampaniyaya başlayırlar. Bu illər ərzində Azərbaycan öz ədalətli mövqeyini dünyaya çatdırmaq, Dağlıq Qarabağ problemini həll etmək istiqamətində göstərdiyi səylərin müqabilində heç zaman dəstək almayıb. Əksinə, dünyanın problemlərini həll etmək, dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq məqsədilə apardığı layihələr zamanı tənqid və təzyiqlə üzləşib. Əslində paradoks da bundadır. Amma biz bütün bu paradokslara rəğmən tutduğumuz yoldan geri dönən deyilik, Azərbaycanı uğurla irəliyə aparacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm