Hüquq müdafiəçiləri girovlarla bağlı Avropa Şurasına müraciət etdi
Bizi izləyin

Nida.az

Hüquq müdafiəçiləri girovlarla bağlı Avropa Şurasına müraciət etdi

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupa üzv olan hüquq müdafiəçiləri Avropa Şurasının Baş katibi cənab Tyorbyorn Yaqlanda müraciət edib. Birgə İşçi Qrupunun üzvü Sahib Məmmədov Teleqraf.com-a bildirib ki, müraciətdə Avropa Şurasının Ermənistanda girov saxlanılan Azərbaycan vətəndaşlarının azad edilməsi üçün öz səylərindən istifadə etməsi nəzərdə tutulub.

Müraciətdə həmçinin qeyd olunur ki, Birgə İşçi Qrupun fəaliyyətinin qısa müddətində müxtəlif hüquq müdafiəçilərin siyahılarında olan 17 məhbus azad edilib.

"Hazırda ölkə ictimaiyyətini, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarını narahat edən ciddi məsələlərdən biri – Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindənqanunsuz azadlıqdan məhrum edilmiş Azərbaycan Respublikası vətəndaşlarının məsələsi də İşçi qrupun son iclasında müzakirə olunub. Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində yaradılmış qanunsuz rejimin “məhkəməsinin” hökmü ilə Azərbaycan Respublikası vətəndaşları Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətində azadlıqdan məhrum edilib. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə girov götürülən zaman qəddarlıqla qətlə yetirilib. Bu şəxslərin yeganə “günahı” 1993-cü ildə Erməni silahlı qüvvələri tərəfindən zorakılıqla qovulduğu torpaqlarına getmək və valideynlərinin dağıdılmış məzarlarını ziyarət etmək olub.

Onların qohumları Avropa Məhkəməsinə müraciət edib. Amma ərizələrin qeydə alınması barədə cavab da belə Avropa Məhkəməsindən göndərilməyib. Ermənistan Respublikası tərəfindən Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması məsələsinə Avropa Şurasının göstərdiyi bu cür biganəliyi bu təşkilatın həqiqətən Avropa dəyərlərinin qorunması naminə çalışmasında şübhələr doğurur. D.Əsgərovun və Ş.Quliyevin öz vətənində Avropa Şurası üzvü olan bir dövlətin silahlı birləşmələri tərəfindən girov götürülməsi yolverilməzdir və beynəlxalq hüququn prinsiplərinə ziddir. Azərbaycan hakimiyyəti girovların dərhal və qeyd şərtsiz azad edilməsi üçün səylərini davam etdirsə də, Ermənistan Respublikası Cenevrə Konvensiyalarına, eləcə də İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının müvafiq maddələrini ciddi surətdə pozmaqda davam edir. Girovları dərhal azad etmək əvəzinə saxta və legitim olmayan məhkəmələr təşkil edir. Ermənistan bu hərəkəti ilə məqsədli şəkildə sülh prosesinə də mane olmaqdadır".

Hüquq müdafiəçiləri ümid edir ki, Tyorbyorn Yaqland girovların tezliklə azad edilməsi istiqamətində səylərini əsirgəməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm