Azərbaycanı Liviyaya çevirmək təhdidi: Vaşinqton nə istəyir? – TƏHLİL
Bizi izləyin

Nida.az

Azərbaycanı Liviyaya çevirmək təhdidi: Vaşinqton nə istəyir? – TƏHLİL

“Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyirlər”.


Bu barədə dəfələrlə ekspertlər və müəyyən siyasətçilər danışıb. Lakin III Qlobal Bakı Forumunda Prezident Administrasiyasının rəsmi şəxsinin bunu açıq şəkildə dilə gətirməsi təhlükənin spektrinin böyük olduğu fikrini gücləndirir.


Publika.az xəbər verir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov forumda söz alaraq bunları diqqətə çatdırıb: “Hər gün Azərbaycanı təzyiq altında saxlamaq iddiasını görürük. Bu gün beynəlxalq aləmdə ən böyük böhran ədalət böhranıdır. Ədalət yoxdur. Bu vəziyyət nə Qərb üçün yaxşıdır, nə də bizim üçün”.


PA rəsmisi qədim yunanlarda olimpiada zamanı bütün düşmənçiliklərin dayandırıldığını xatırladıb.


“Amma Azərbaycanda keçiriləcək Avropa Oyunları ərəfəsində bizə elə kütləvi hücum başlayıb ki, biz bunu təsəvvür edə bilmirik. Bəlkə, oyunlar bitərdi, sonra başlayardılar? Biz bildiklərimizin hamısını sizə desək, heyrətə gələrsiniz. Azərbaycan 24 illik müstəqilliyi dövründə Qərblə səmimi əməkdaşlıq edərək Qərbdən bunun əvəzində yeganə bir şey istədi: Azərbaycanın ərazi bütövlüyünün işğaldan azad olunmasında ədalətli mövqe. Amma biz bunu görmədik. Avropaya olan səmimi münasibətimiz tükənir. Sanki Azərbaycanı Liviya, Suriya dövlətinə çevirmək istəyirlər. Buna imkan verilməyəcəyik” - deyə N. Məmmədov vurğulayıb.


Kerrinin masası üzərindəki cavablar


Yüksək səviyyəli rəsminin bunu avropalıların da iştirak etdiyi bir çevrədə bəyan etməsi təzyiqlərin nə qədər ciddi və intensiv olduğunu deməyə əsas verir. Bu gün “I Avropa Oyunları üzərindən Azərbaycana qarşı başlanan səlib yürüşü təsadüfdürmü”, “həqiqətənmi Qərb insanını sadə Azərbaycan vətəndaşı, yaxud demokratiya nağılları düşündürür” sualları yaranır.


Ortaya çıxan ilk suallar bunlardır və cavabı Con Kerrinin masası üzərindəki sənədlərdə, bugünkü Ukraynanın yaşadıqlarında, elə rəsmi Bakının açıq şəkildə dilə gətirdiyi Liviyada, Suriyada, uzaq Əfqanıstanda asanlıqla tapmaq mümkündür.


Bakını oyuna qoşmaq cəhdləri


Son geosiyasi proseslər və Bakının manevrləri fonunda Azərbaycana qarşı başlanan səlib yürüşünün pərdəarxası məramları haqda ehtimalları sıralamaq olar.


Hər şeydən öncə Azərbaycanı Rusiyaya qarşı, Qərbin Şərq yarımkürəsində rəqib gördüyü bu ölkəyə qarşı koalisiyaya qoşulmadığı üçün cəzalandırmağa cəhdlər olur. Halbuki rəsmi Bakı Rusiyanın yanında deyil. Belə olmasaydı, soyuq mənzillərini isitmək üçün Rusiyanın əlində əsir-yesir qalan Avropanın xilasına hesablanmış Cənub Qaz Dəhlizinə imza atmazdı. Lakin Bakının bu layihəni gerçəkləşdirməsi Rusiyaya qarşı cəbhədə yer alması da demək deyil. O, yalnız və yalnız müstəqil dövlət olaraq öz azad və milli maraqlarına söykənən siyasətini yürütmək istəyir.


Moskva öz qonşusunun mövqeyini artıq anlayıb və Bakının müstəqil addımlarını qıcıqla qarşılamır. Ən azından Qərbdən fərqli olaraq təhdid dili ilə danışmır. Lakin Qərb yarımkürəsi Bakının yeganə dərdinin yalnız öz xalqının daha rifah yaşaması və gələcəyi olduğunu anlamır, yaxud anlamaq istəmir. Ondan mütləq şəkildə tarixi qonşusu Rusiyaya qarşı koalisiyaya qoşulmağını istəyir.


Qərb bununla Rusiyanı müəyyən formada dəstəkləyən Türkiyəyə qarşı da gediş edə və Bakı-Ankara ittifaqına xələl gətirə bilər. Beləliklə, Türkiyə təklənə bilər.


Qafqazda əsas güc olmaq istəyi


Digər tərəfdən, Cənubi Qafqazda kimin söz sahibi olması əsas məsələdir. Təbii ki, regionda güclənmək üçün hər şeydən öncə Azərbaycanı yanına çəkmək lazımdır. Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzalayıb və artıq NATO-ya inteqrasiya edən bir ölkədir. Lakin Qərb Gürcüstana girməklə Rusiyanın sərhədləri dibində ciddi təhlükə yarada bilmir. Çünki regionda güc balansı eynidir. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü kimi Moskvanın “tabeliyindədir”. Deməli, Azərbaycanda güclənmək üçün ciddi mübarizə gedir. Rəsmi Bakı isə Qoşulmama Hərəkatının üzvü olaraq, öz balanslı siyasətini israrla davam etdirir, qarşı cəbhələrdən uzaq gəzir. Azərbaycana qarşı təzyiqlərin arxasındakı amillərdən biri məhz budur.


Azərbaycan Qarabağda güzəştə məcbur edilir?


Digər və ən təhlükəli təzyiq Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində Ermənistanın mövqelərinə güzəştə getməsi ola bilər. Hansı ki, bununla Qərb Ermənistanı öz çətiri altına ala və Moskvanı regiondan sıxışdırıb çıxara bilər. Burda ABŞ-dakı güclü erməni lobbisinin, eləcə də Ağ Evin xarici siyasətini yerinə yetirən baş diplomatı Con Kerrinin ermənilərə yaxınlığı da rol oynayır.

Məhz bu səbəblərə görə ABŞ Avrasiya İttifaqına girən Ermənistandan əl çəkmir. Bu günlərdə İrəvana 170 milyona yaxın yardımın edilməsi də təsadüfi deyil.

Dünən Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “Twitter” üzərindən “Ermənistan Qarabağda sülhə hazırdır” deyə yaydığı açıqlama da bu kontekstdə diqqət çəkir. Çünki məhz rəsmi İrəvanın indiyə qədər tutduğu qeyri-konstruktiv mövqeyə görə münaqişənin həlli dalana dirənib. İşğalçı dövlətin Qarabağda sülhə hazır olması fikri onun beynəlxalq hüquqa əməl edərək Azərbaycan torpaqlarını boşaltması olduğunu düşünmək sadəlövhlük olardı. Deməli, ABŞ Ermənistana Qarabağla bağlı hansısa vədi verib. Əvəzində ondan çətiri altına girməyi istəyir.

Azərbaycan rəhbərliyi ərazi bütövlüyünün bərpası ilə bağlı öz prinsipial mövqeyindən əl çəkmir və buna görə Liviya və Suriyanın taleyini yaşamaqla təhdid olunur.


ABŞ – Avropa Birliyi savaşı: Vaşinqtonun Asiyaya yolları Bakıdan keçir


Azərbaycana qarşı ciddi təhdidlərin əsas mərkəzi olan ABŞ-ın proseslərdəki xüsusi rol almasında incə bir məqam da var. Bu daha çox Vaşinqtonun qlobal siyasəti olan “Orta Şərq Layihəsi” ilə bağlıdır.


Ukrayna böhranı yaranmayana qədər Avropa Birliyinin Rusiya ilə münasibətləri kifayət qədər normal idi. Hətta Suriyada toqquşan maraqlar bu münasibətlərə ciddi xələl gətirmədi. Çünki “Köhnə Qitə” Rusiya qazından asılılığını anlayır və müəyyən mənada onunla hesablaşırdı. Bu isə ABŞ-ın Avropa Birliyi-Rusiya ittifaq qarşısında təklənməyi və Asiyaya gedən yolların bağlanması idi. Ukrayna böhranının yaşanması və Avropanın Rusiya qazından imtina etməsinin arxasında bu amil də xüsusi rol oynadı. Brüsselə Moskvanın arxasında keçilməz uçurum yarandı və Birləşmiş Ştatların hegemon güc olmaq yolundakı təhlükə səngidi.
Avropanın enerji bazarında yeni oyunçu – Azərbaycan peyda oldu. Azərbaycan etibarlılıq baxımından Qərb üçün daha çox sərfəlidir. Hazırda enerji layihələrinin reallaşması istiqamətində ciddi işlər gedir. Avropa Birliyinin əsas ölkələri olan Almaniya və Fransa Bakı ilə münasibətlərə xüsusi önəm verir və qitənin təhlükəsizliyi üçün Azərbaycana bel bağlayırlar. Avropanın əsas problemi olan enerji məsələsini həll etməsi Brüsselin Vaşinqtona ehtiyaclarını da azalması deməkdir. ABŞ isə Avropa Birliyi üzərində təsirini qorumaqda israrlıdır. Amerikalı texnoloqlara görə, bunun yolu məhz Bakıdan keçir.

Belə ki, Birləşmiş Ştatlar Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrində təsir imkanlarını ələ almaqla həm Azərbaycanı və əsas tranzit olan Türkiyəni, həm də Avropanı öz çətiri altında saxlamaq istəyir. Vaşinqton bu ssenarilər fonunda Bakının
müstəqil siyasətini özünə təhlükə olaraq görür. Göründüyü kimi, proseslərin təhlili Azərbaycana qarşı təzyiqlərin arxasında bu amilin olması ehtimalını gücləndirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm