• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Tağı Əhmədov: “Onların kimliyi maskaları cırılandan sonra bəlli olur” – MÜSAHİBƏ

  • Nida.az
  • 1 May 2015 17:01
  • 799 Baxış
Tağı Əhmədov: “Onların kimliyi maskaları cırılandan sonra bəlli olur” – MÜSAHİBƏ

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının aparat rəhbəri, Azərbaycan Dama Federasiyasının vitse-prezidenti, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun Publika.az-a eksklüziv müsahibəsi:

– Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü qeyd olunacaq. Bununla bağlı rayon təşkilatı olaraq hansı tədbirləri keçirməyi planlaşdırırsınız?

– Bu yaxınlarda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar YAP Yasamal rayon təşkilatı tərəfindən şahmat və dama oyunları təşkil olunacaq. Oyunların qalibi olacaq şəxslərə mükafatları isə mayın 9-da təqdim etməyi düşünürük. Biz hər il bu cür tədbirləri təşkil edirik. İndiyədək 10 may günü ərəfəsində futbol, voleybol, şahmat, dama və digər oyunlar keçirilib. Bu il isə, bildiyiniz kimi, “Bakı 2015” Avropa Oyunları keçiriləcək. Buna görə də ancaq şahmat və dama oyunlarını biz təşkil edəcəyik.

– Qarşıdan Avropa Oyunları gəlir. Bu yarışa necə hazırlaşırsınız?

– Əlbəttə ki, “Bakı 2015” Avropa Oyunları ilə bağlı üzərimizə düşən bütün işləri planlı şəkildə, yüksək səviyyədə təşkil edəcəyik. Eyni zamanda, Avropa Oyunlarında keçiriləcək idman yarışlarına tamaşaçı qismində gedəcəyik. Bu yarışlara getməklə bağlı partiya təşkilatı olaraq insanlar arasında fəal təbliğat kampaniyası aparırıq. Hələlik bununla bağlı hər hansı tədbir keçirməsək də, şübhəsiz ki, iyunun 12-dən 28-dək bütün yarışlara qatılacağıq.

Bildiyiniz kimi, Avropa Oyunlarında güləş yarışlarının keçiriləcəyi məkan Heydər Əliyev adına İdman Kompleksi Yasamal rayonu ərazisində yerləşdiyi üçün bu günlərdə YAP 350 nəfər nümayəndə ilə orada iştirak edib. Bu cür tədbirləri davam etdirəcəyik. Biz partiya təşkilatı olaraq keçirilən tədbirlərdən geri qalmırıq. YAP-ın və Azərbaycan dövlətinin fəaliyyətini təbliğ etmək bizim borcumuzdur. Bundan sonra da borcumuzu yerinə yetirəcəyik.

– Yarışları izləməyə gedəcəksiniz?

– Təbii ki, yarışların hamısını izləməyə vaxt çatdırmaq olmaz. Ancaq bəyəndiyim yarışlarda və oyunlarda mütləq iştirak edəcəyəm. Bəyəndiyim oyunlardan voleybol və futbolu söyləyə bilərəm. Çox təəssüf ki, Avropa Oyunlarına dama yarışları salınmayıb. Mən hər zaman demişəm ki, dama şahmat oyunundan da çox intellekt tələb edir. Çünki damada bir dəfə səhv edəndə, oyunda qalib gəlmək mümkün olmur. Ancaq şahmatda səhv edib, sonra onu düzəltmək imkanı olur. Bu baxımdan da çox istərdim ki, olimpiya oyunlarında dama yarışları da təmsil olunsun. Yəqin ki, gələcəkdə bu da olar. Azərbaycan nümayəndəsi 2 il öncə dama üzrə dünya çempionu olub. Bu, Azərbaycan tarixi üçün böyük əhəmiyyət kəsb edir. Dünya çempionu olmuş həmin uşaq indi artıq daha da böyüyüb. O vaxt 10 yaşadək olanlar arasında təmsil olunurdu. İndi isə 10-17 yaşlılar arasına düşüb. Bu ilin aprelində bizim dama üzrə təmsilçilərimiz Belarusa, sonra isə Çexiyaya gedəcəklər. Ümid edirəm ki, oradan da yaxşı nəticələrlə qayıdacaqlar.

– “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı müxtəlif kampaniyalar aparılır. Bu cür kampaniyaları aparanlarla bağlı nə deyə bilərsiniz?

– Düz dediniz. Bu cür qarayaxma kampaniyaları təkcə Avropa Oyunları ilə bağlı deyil. Onlar Azərbaycan iqtisadiyyatının bu qədər inkişaf etməsini və ölkəmizin dünyada nüfuzunun artmasını istəmirlər. Bu qüvvələr Azərbaycanı heç zaman istəməyiblər və indi də gözləri götürmək istəmir. Tam əminəm və birmənalı şəkildə bəyan edirəm ki, onlar Azərbaycana qarşı heç bir şey edə bilməyəcəklər, bunu bacarmayacaqlar.

Bu, mənim şəxsi fikrimdir. Onlar deyir ki, əgər bu gün ABŞ və Avropa Rusiyaya sanksiya tətbiq edirsə, Azərbaycan nə üçün Rusiya ilə münasibətləri pozmur. Təbii ki, bütün bunlar həmin dairələri qıcıqlandırır.

Digər tərəfdən, ABŞ dövlət katibi Con Kerri vaxtilə olduğu kimi, indi də ermənipərəst mövqeyini davam etdirir. Hətta 1990-cı illərdə Con Kerri ilə Corc Buş seçkilərdə bir-birinə rəqib idi. O zaman Con Kerri erməni lobbisinə müraciət edib demişdi ki, əgər mən seçilsəm, o zaman “erməni soyqırımını” tanıyacam. Ancaq Corc Buş açıq şəkildə bəyan etmişdi ki, seçilsəm də, seçilməsəm də “soyqırımı” tanımayacam. Həmin vaxtı Con Kerri seçilmədi və o vaxtdan bəri onun ürəyində bu məsələ sancı kimi qalıb.

Azərbaycanın indiki inkişafı çoxlarını, o cümlədən də Con Kerri kimiləri narahat edir. Əlbəttə ki, bunu bütün Amerikanın adına demək olmaz. Çünki ABŞ-ın bir neçə ştatında Xocalı soyqırımı tanınıb.

Təbii ki, Azərbaycana qarşı yönələn bu cür addımlara biz də hər an hazır olmalıyıq və birmənalı cavab verməliyik. Bu cür məsələlərdə iqtidar-müxalifət söhbəti olmamalıdır.

Çox təəssüf ki, Azərbaycan daxilində də bu cür kampaniyalara qoşulanlar və dəstək verənlər var. Hətta Azərbaycana qarşı aparılan kampaniyaları bu gün ölkəmizdə sevinclə qarşılayanlar mövcuddur. Ancaq onların hər birinin, o cümlədən Amerikanın da bu arzusu gözlərində qalacaq. Azərbaycan “Bakı 2015” Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək.

Sapı özümüzdən olan baltalar bir şeyi düşünmür ki, Vətən birdir, hamınındır. Onu bir yerdə qorumaq lazımdır. Əgər o müxalifət üçün Vətən yoxdursa, o zaman o, haranın müxalifətidir? Ümummilli və dövlət maraqları olan məsələlərdə iqtidar-müxalifət məsələsi olmamalıdır. Müxalifət və iqtidar eyni tərəfdə olmalıdır. Hər birimiz bu dövlətə, xalqa, ulu öndər Heydər Əliyevə, prezidentə və onun təmsil olunduğu partiyaya bağlı olmalıyıq.

Mən hər zaman demişəm ki, əqidə bir olmalıdır, dəyişməli deyil. Elə adamlar var ki, tez-tez əqidəsini dəyişir. Ancaq elə adamlar tez sıradan çıxırlar. Maskalanmış adamlar da çox təsadüfi hallarda olur, onların kimliyi maskaları cırılandan sonra bəlli olur. Bu cür adamlar partiyada da olur, ancaq onların maskaları cırılandan sonra birdəfəlik bu partiyadan çıxarılırlar.

– Tağı müəllim, sizin bu il keçiriləcək parlament seçkilərində namizədliyinizin irəli sürülməsi barədə məlumat yayılmışdı. Bu nə dərəcədə doğrudur?

– Xeyr, bu haqda mənim nə ağlıma bir şey gəlməyib, nə də bunu yuxumda görməmişəm. Namizədlik də seçkilərə start veriləndən sonra irəli sürülür. İnşallah, parlament seçkilərinə də uğurla start veriləcək. İndidən arxı atlamaq doğru deyil.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR